hemle

Azərbaycan manatı devalvasiya gözləyir?

Tarix:9-09-2020, 21:12
Baxış Sayı:534

Koronavirus pandemiyasının ikinci dalğası neft qiymətlərinin sabitləşəcəyinə olan ümidləri boşa çıxarır. Belə ki, iki aya yaxın nisbətən sabit qalan neft qiymətləri yenidən azalmağa qədəm qoydu.

Neft bazarındakı dalğalanma ilə yanaşı, ABŞ dollarının məzənnəsindəki davam edən qeyri-müəyyənlik, habelə qonşu ölkələrin valyutalarının da ucuzlaşması manatın da daxili və xarici təbədüllatlara qarşı nə qədər dayanıqlı olmasına dair sualları gündəmə gətirir.

Neft qiymətləri azalır

“S&P Global Platts” maliyyə mərkəzinin məlumatına görə, ötən gün iyun ayının ortasından sonra ən aşağı həddə enən başlıca neft markalarının qiymətləri azalmağa davam edir. Belə ki, “Brent” markalı neftin qiyməti 25 avqust tarixindəkinə nisbətən 13,7 faiz, WTI isə 26 avqust tarixinə nisbətən 15,8 faiz azalıb. Londonun İCE Futures birjasındakı hərracda “Brent” markalı neft ötən gün 2,23 ABŞ dolları (5,3 faiz), bu gün isə 0,18 ABŞ dolları (0,45 faiz) ucuzlaşaraq 39,6 ABŞ dollarından, Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neft dünən 3,01 ABŞ dolları (7,6 faiz), bu gün 0,23 ABŞ dolları (0,63 faiz) ucuzlaşaraq 36,54 ABŞ dollarından satılıb.

Sözsüz ki, neftin ucuzlaşmasında mühüm amil “Saudi Aramco” tərəfindən oktyabr ayında Asiya və ABŞ müştəriləri üçün bütün neft markalarını daha ucuz satmaq qərarı olub. Belə ki, Səudiyyə neftinin ən böyük bazarı olan Asiyada “Arab Light” markası iki aydır dalbadal, bu dəfə daha 1,4 ABŞ dolları ucuz satılaraq Oman və Dubay neftlərindən 0,8 ABŞ dolları ucuz olacaq. Həmçinin “Arab Super Light” və “Arab Extra Light” markalarının da Asiya bazarında qiyməti 1,5 ABŞ dolları, “Arab Heavy”nin qiyməti 0,9 ABŞ dolları aşağı salınır. ABŞ müştəriləri üçün isə oktyabr ayında neft 0,5-0,7 ABŞ dolları ucuz qiymətə tədarük ediləcək.

Səudiyyə Ərəbistanının dövlət neft şirkətinin belə bir addımı məhz COVID-19 pandemiyasındakı ikinci dalğa üzündən bazarda tələbatın azalacağına dair gözləntilərlə bağlıdır. Hərçənd “Aramco”nun qiymətlə bağlı qərarları adətən Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və İraq daxil olmaqla digər Yaxın Şərq neft ölkələri tərəfindən də nümunə hesab olunur.

Həmçinin son günlər neftin ucuzlaşmasına təsir edən amillər arasında yayda avtomobil səyahətləri dövrünün başa çatması, ABŞ neftayırma müəssisələrində təmir işlərinin uzanması, həmçinin Çin neft anbarlarının dolması nəticəsində neft idxalını azaltması da var.

Neft bazarına təzyiq yaradan əhəmiyyətli amil tarazlığın pozulacağına dair gözləntilərdir. Belə ki, sərmayədarlar əvvəlki dövrdə bazardakı müsbət meyllər nəticəsində dünya boyu, ilk növbədə ABŞ-da hasilatın artacağını ehtimal edirlər. Bununla yanaşı, ABŞ ilə Çin arasında ticarət münasibətlərinin daha da gərginləşməsi də narahatlıq yaradır. WSJ xəbər verir ki, ABŞ hökuməti Çinin ən böyük mikrosxem istehsalçısı olan “Semicondor Manufacturing Corp.”a (SMİC) qarşı məhdudiyyətlər tətbiq edə bilər. Bundan əvvəl “Huawei Technologies”ə qarşı belə bir addımın atılması iki ölkə arasında xeyli gərginliyə səbəb olmuşdu.

Ucuz dollar

Hər halda ekspertlərin qənaətincə, OPEC+ formatı çərçivəsindəki yeni razılaşma sayəsində qiymətlər aprel ayındakı mənfi həddə qədər geriləməsələr də, azalmağa davam edə bilər. Hərçənd Rusiyanın energetika naziri Aleksandr Novakın dediyinə görə, həmin razılaşma olmasaydı, neft indi 10-20 ABŞ dollarından satıla bilərdi.

Bu günlərdə Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti zamanı OPEC+ formatı çərçivəsindəki məlum razılaşmanın həyata keçirilməsi nəticəsində dünya enerji bazarlarında bütövlükdə sabitlik əldə edilməsindən məmnunluq ifadə olunmuşdu. Bu amil də bazarda qiymətlərin azalmasını bir qədər ləngidə bilər.

Bundan əlavə, son vaxtlar ABŞ dollarının məzənnəsindəki dalğalanmalar da neft qiymətlərinə müəyyən qədər təsir edir. Belə ki, ucuz ABŞ dolları başqa valyutalara malik sərmayədarların neft və s. xammal əldə etmələrini asanlaşdırır. Xatırladaq ki, yayda sürətlə ucuzlaşan ABŞ dolları 2018-ci il aprel ayındakı minimumu da ötüb keçib.

Avqust ayının 27-də “Jackson Hole Economic Symposium”da Federal Ehtiyatlar Sisteminin (FRS) sədri Cerom Pauellin nitqi ABŞ dollarının məzənnədən düşməsinə təkan verdi. Yeni pul-kredit strategiyasını təqdim edən FRS rəhbəri orta səviyyəli inflyasiya hədəfini tətbiq edəcəyini, təməl səviyyə olaraq isə illik 2 faiz qalacağını açıqlayıb.

“FRS-in yeni qaydası qüvvəyə mindikdə, lap ölkə iqtisadiyyatı dirçəlməyə başlasa belə, bazarlarda dərəcə artımını gözləmək üçün səbəb daha az olacaq. Bununla bağlı ABŞ dolları da, çox güman ki, mümkün iqtisadi artıma qarşı daha az həssaslıq göstərəcək”, - deyə Londondakı “Monex Europe” analitik mərkəzinin rəhbəri Ranko Beriç qeyd edib.

Manatı saxlamağın “xoşagəlməz” üsulu

Əslində məhz neftin qiymətləri ilə ABŞ dollarının ucuzlaşması, bir də dünya iqtisadiyyatında müxtəlif mənfi proseslərə təkan verən koronavirusun ikinci dalğası ehtimalı artıq valyuta bazarlarında əks-səda doğurmağa başlayıb. O cümlədən bizimlə qonşu ölkələrin az qala hamısının valyutaları bunun altını çəkdiyi halda, yalnız Mərkəzi Bankın qəti nəzarətində olan manat bütün sınaqlara mətanətlə sinə gəlir.

“Üzən məzənnəyə keçməklə bağlı işlər tam başa çatmadığından manatın ABŞ dollarına qarşı məzənnəsi yaxın aylar ərzində də Mərkəzi Bankın qərarlarından asılı olacaq”, - millət vəkili Vüqar Bayramov bildirib.

Həmçinin iqtisadçı Natiq Cəfərlinin fikrincə, ticarət tərəfdaşımız olan qonşu ölkələrin valyutalarının zəifləməsi Azərbaycanın da ixracat potesialına mənfi təsir göstərməklə idxalın artmasına rəvac verir. Nəticədə artan təzyiq altında olan manatın məzənnəsi sırf inzibati vasitələrlə eyni səviyyədə saxlanılsa da, vəziyyət ilin sonunadək belə davam etsə, hökumət və Mərkəzi Bank manatın məzənnəsini dəyişdirmək, konkret olaraq bir qədər azaltmaq istiqamətində müvafiq addımlar atmalı olacaqlar.

İqtisadçı ekspert Samir Əliyev də daha əvvəl bildirmişdi ki, son devalvasiya ərəfəsində milli valyutanın məzənnəsini müəyyən həddə saxlamaq üçün 11 milyard manat vəsait sərf edən Mərkəzi Bank bu dəfə də eyni miqdarda xərc çəkməyə çətin razılaşar. Odur ki, neft bundan sonra da ucuzlaşsa, hökumət manatın məzənnəsini azaltmaq məsələsinə qayıda bilər.

Bəzi ekspertlərin fikrincə, "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"na bu günlərdə gətirilərək əhali arasında çox mənfi əks-səda doğurmuş düzəlişlər də məhz bununla bağlıdır və idxalın həcmini azaltmaq üçün nəzərdə tutulub.

“Hazırda böyük ticarət mərkəzlərinin bağlı qalması vəziyyəti saxlamağa kömək edir, amma bu cür çox davam edə bilməz, ticarət mərkəzlər açılandan sonra başqa tarazlayıcı tədbirlər lazım gələcək. Odur ki, hökumət bu cür qeyri-populyar addımlara gedir”, - ekspertlər qeyd edir.

Son çarə

2021-ci il üçün dövlət və məcmu büdcənin bu günlərdə dərc olunmuş ilkin göstəricilərində də manatın məzənnəsi cari ildəki kimi 1,7 AZN/USD səviyyəsində saxlanılıb. Maraqlıdır ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi də bu nikbinliyə şərik çıxaraq orta gələcəkdə manatın məzənnəsinin 1,7 səviyyəsində qalacağı qənaətindədir. Hərçənd agentliyin proqnozunda neftin ucuzlaşacağı təqdirdə hökumət 2015-ci ildəki kimi valyuta məsrəflərinə yol verməmək üçün mübadilə məzənnəsinə bir qədər əl gəzdirəcəyi güman edilir.

“Fitch” reytinq agentliyi isə Azərbaycanın bu ilin 7 ayında 51,7 milyard ABŞ dolları həcmində olan valyuta ehtiyatlarının ilin sonunadək 38,3 milyard ABŞ dollarınadək azalacağı barədə proqnoz verib.

Məlum olduğu kimi, hökumət dövlət büdcəsində nəzərdə tutulan neftin qiymətini 55 ABŞ dollarından 35 ABŞ dollarınadək azaldaraq, üstəlik, yeni büdcə qaydasının tətbiqini dayandırmışdı. Bununla yanaşı, Dövlət Neft Fondundan transferlərin həcmi də 7,5 faiz artırılıb. Bütün bunların da strateji valyuta ehtiyatlarının azalmasına təkan verə biləcəyi şəksizdir. Hərçənd bunun “Fitch” proqnozundakı həddə olacağı da ağlabatan görünmür.

Bütövlükdə valyuta ehtiyatlarını iqtisadi cəhətdən təhlükəsiz səviyyədə saxlamaq üçün manatın məzənnəsini bir qədər azaltmağı məqsədəuyğun hesab edən ekspertlər bunun ələlxüsus karantin tədbirlərinin davam edəcəyi, iqtisadi fəaliyyətlərin əvvəlki dərəcəyə qayıtmayacağı təqdirdə ciddi sosial fəsadlar doğuracağını vurğulayırlar. Yəni indiki vəziyyət 2015-ci ildəkindən xeyli fərqləndiyinə görə manatı ucuzlaşdırmaq qərarı vermək daha çətindir. Odur ki, manatın məzənnəsini saxlamaq üçün bütün imkanların işə salınacağını, yumşaltmağa isə ən son çarə olaraq gediləcəyini güman etmək olar.

Ekspert Qulu Nuriyev
ATESH,AZ

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı