Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təbii qazın maya dəyərini açıqlayıb. Şirkətin 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında deyilir ki, 1000 kubmetr təbii qazın faktiki istehsal maya dəyəri 61,89 manat təşkil edib. Bu, 2018-ci illə müqayisədə 4,29 manat və ya 7,4% artıqdır.
Hesabatda qeyd edilir ki, SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə Əməliyyat Şirkətindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2019-cu ildə SOCAR üzrə satılan 1 000 kubmetr qazın faktiki xərci 140,46 manat təşkil edib.
Sözügedən məlumat əhaliyə satılan təbii qazın qiymətinin artırılacağı yönündə narahatlıqlar yaradıb.
Maraqlıdır, indiki halda əhaliyə satılan təbii qazın qiymətinin qaldırılması nə qədər realdır?
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Teleqraf.com-a deyib ki, qazın quyunun ağızana qədər çıxarılma xərci, yəni istehsal üzrə maya dəyəri 61,89 manatdır:
“Başqa xərcləri də üstünə gəldikdən sonra, yəni qazın emalı, saxlanılması, nəqli xərcləri nəzərə alınmaqla SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 140,46 manat təşkil edir. Başqa sözlə, qazın evə çatdırılması üçün hər 1000 kubmetr mavi yanacağın maya dəyəri 140,46 manatdır. Bəli, burada artım var. Nəinki qaz hasilatında, həmçinin neft hasilatının maya dəyəri də hər il artır. Buradakı 7,4% artım o qədər də kəskin deyil. Bəzən 2, 3, 5, 7, hətta 10 faizə qədər illik hasilatın maya dəyəri arta bilər.
Lakin qazın faktki xərcini formalaşdıran təkcə hasilatın maya dəyəri deyil, başqa faktorlar da var. Hasilatın maya dəyəri başqa faktorlarla müqayisədə ümumi maya dəyərinin yarısından az hissəsini təşkil edir. Bir sözlə, hasilatın maya dəyərinin 7 faiz artması, qazın ümumi maya dəyərinə o qədər də böyük təsir göstərmir. Artım gözləniləndir və hər il olacaq. Çünki hər bir yatağı istismar edəndə oradan neft və qaz çıxarmaq çətinləşir.
Yataq yaşlandıqca və köhnəldikcə ora daha çox vəsait qoymalısan ki, məhsulu çıxarmaq mümkün olsun. Ümumilikdə 1 il ərzində baş verən artım bir o qədər də böyük hesab olunmur”.
Şirkət rəsmisi ehtimal edir ki, bu faktor birbaşa qazın qiymətinin artması üçün əsas götürülə bilməz: ATSH.AZ