hemle

Karantin əhalinin və dövlətin itkilərini artırır - bağlanan iş yerləri açıla bilərmi..

Tarix:19-08-2020, 07:39
Baxış Sayı:600

Fikrət Yusifov: “Yoluxma hallarının qarşısını alacaq tədbirlər görülməsi şərtilə iş yerlərinin açılmasının tərəfdarıyam”
Mart ayından etibarın dünyada, o cümlədən Azərbaycanda COVID-19 virusunun yayılması ilə bağlı karantin rejimi elan edildi və bunun mənfi nəticələri ən çox özünü iqtisadi proseslərdə göstərdi. İş yerlərinin bağlanması, sahibkarların, o cümlədən sadə vətəndaşların gəlirlərindən məhrum olması yardım proqramlarının gündəmə gəlməsinə səbəb oldu ki, bu da dövlət büdcəsinin yükünü artırdı.

Sərt karantin elan olunan dövrdə əhaliyə işsizliyə görə 190 manatın verilməsi, həmçinin iş adamlarına vergi güzəştləri, müəyyən yardımların verilməsi həyata keçirildi. Say baxımından əhalinin yoxsul təbəqəsini bütünlüklə əhatə etməsə belə, tətbiq olunan mexanizm insanların sosial vəziyyətini xeyli yaxşılaşdırdı. Ancaq bununla belə narazılar da var, iş yerləri bağlı olub, gəlirlərindən məhrum olanlar, buna baxmayaraq dövlətdən heç bir yardım ala bilməyənlər də var. Bu səbəbdən bəzi iqtisadçılar dövlət yardımını birmənalı olaraq hamıya şamil edilməsini və indiki durumda dövlətin valyuta ehtiyatlarından zəruri miqdarda istifadə edilməsini təklif edirdilər. Lakin bəzi iqtisadçılar da valyuta ehtiyatlarından daha qənaətlə istifadənin tərəfdarıdırlar. Bəs indiki məqamda nə etmək olar, dövlət çətin vəziyyətdə olan insanlara yardım etməli, yoxsa tibbi tələblərə əməl etmək şərtilə iqtisadiyyatın əsas sahələrinin fəaliyyətinə icazə verməlidir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, artıq proseslər səngiyir, pandemiya sönməyə doğru gedir. Yoluxanların sayındakı azalma, sağalanların sayındakı dinamika, ümumilikdə prosesin gedişatı onu göstərir ki, müəyyən bir zaman kəsimindən sonra bu gərginlik aradan qalxacaq.

Ona görə də, hesab edirəm ki, artıq bir çox müəssisələrə normal fəaliyyət üçün şərait yaratmaq lazımdır. Təbii ki, COVID-19 virusuna yoluxma hallarının qarşısını ala biləcək tədbirlərin görülməsi və təhlükəsiz şəraitin yaradılması şərtilə iş yerləri bütünlüklə açıla bilər. Artıq açıq havada kafe və restoranların fəaliyyətinə müəyyən şərtlər daxilində icazə verildi, karantin rejiminin yumşaldılması ilə bağlı addımlar atılır. Dövlət vətəndaşlara vəsait paylamaq üçün öncə gərək onu qazansın. Hazırda dövlət büdcəsi də müəssisələrin işləməməsi səbəbindən böyük itkilərlə üz-üzədir. Belə davam edərsə, bu itkilər daha da böyüyə bilər. Sadə bir insanın büdcəsinə fəaliyyətsizlik bu qədər təsir edirsə, dövlət xəzinəsində görün nə qədər böyük problemlər yaşana bilər. Mən dövlət dəstəyi də tətbiq edilməklə, iqtisadiyyatın canlanmasının və müxtəlif sahələrin fəaliyyətinə icazə verilməsinin tərəfdarıyam. Artıq qonşu ölkələrin iqtisadiyyatında da hər şey öz axarına düşüb. Biz də prosesə belə yanaşmalıyıq".

Avqust ayında 190 manatın verilməsinə gəlincə, F.Yusifov bildirdi ki, müəssisələr işləməsə, insanlara qazanc imkanları yaradılmasa dövlət məcburiyyət qarşısında həm avqustda, həm də qarşıdakı aylarda 190 manatın verilməsinə getməlidir: “Mənim təklifim isə yoluxma hallarının qarşısını alacaq tədbirlər görülməsi şərtilə iş yerlərinin açılmasıdır. Belə olan halda dövlətin üzərinə düşən yük də azalar və büdcə gəlirləri artar. Ancaq qaydalara əməl edilməsi çox ciddi məsələdir, bu qaydaların pozulması ilə bağlı cərimələr müəyyən edilib, həm fiziki şəxslər , həm müəssisə rəhbərləri cərimə oluna bilər. İş yerləri açılmasa problemlər daha da dərinləşəcək. Ölkə əhalinin problemləri nə qədər müddət yardım hesabına həll olunacaq?”.

Dövlətin valyuta ehtiyatlarından, təhlükəsizlik yastığından bu prosesdə lazımınca istifadə edilməməsinə gəlincə, iqtisadçı alim bildirdi ki, təhlükəsizlik yastığı daha çox valyutanın dayanıqlığını, ölkədə maliyyə sabitliyini təmin etmək məqsədi güdür: “ Bildiyiniz kimi, valyutanın məzənnəsi 2015-ci ildə bizə çox böyük çətinliklər yaşadıb. Bu ehtiyatlar məhz o cür problemlərin həlli üçün nəzərdə tutulur. Hökumətdə də baş verənlər müzakirə edilir, diqqətdə saxlanılır. Yəqin, hesab edilib ki, hələ o vəziyyət gəlib çatmayıb ki, biz valyuta rezervlərindən bu məqsədlə istifadə edək. Ona görə də, yardımları məhz büdcə vəsaitləri hesabına həyata keçirməyə üstünlük verdilər. Proses hələ ki, davam edir. Əgər sabitləşmə baş verməsə, pandemiya aradan qalxmasa, hökumət məcbur qalıb valyuta rezervlərindən istifadə edəcək”.

Qeyd edək ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketi 5 milyona yaxın insanı əhatə edib.

Nərgiz LİFTİYEVA,
ATESH,AZ saytı “Yeni Müsavat”a istinadən yayımladı.

Digər xəbərlər
19:48 İnfarktı əngəlləməyin sadə yolu....
19:45 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
19:43 Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?