hemle

Eldar Həsənovun anti-dövlət şəbəkəsində kimlər yer alıb? — ADLAR və PLANLAR

Tarix:18-08-2020, 16:42
Baxış Sayı:483

Haqqında məhkəmənin hökmü ilə 3 aylıq həbs qətimkan seçilən və hazırda əməlləri ilə bağlı istintaq araşdırması aparılan keçmiş səfir Eldar Həsənovun şəbəkəsinin üzvləri bir-bir ortaya çıxır. Əslində hər şey təbii proses olaraq baş verir. Eldar Həsənovun həbs edilməsi onun müxtəlif yollarla dəstəklədiyi, maliyyələşdirdiyi şəxsləri və qrupların hay-küy salmasına səbəb oldu.



Bu kateqoriyaya iki qrup aiddir:

Birinci qrup Eldar Həsənova “vəfa borcu”nu yerinə yetirir.

İkinci qrup isə başsız qalmağın, gələn pulun kəsilməsinin dərdindədir.

İkinci qrup daha çox radikal müxalifəti və Avropada “söyüş müxalifəti” kimi tanınanları özündə birləşdirir.


Eldar Həsənovun həbsindən sonra konkret şəxslərin – Natiq Adilovun, Qənimət Zahidin, Arif Məmmədovun və digərlərinin müdafiə kampaniyasına başlaması bunu təsdiqləyir. Onlar Eldar Həsənovun gedişindən sonra pullarının kəsilməsindən və himayəsiz qalmalarından narahat olublar.

Müşahidələr onu göstərir ki, Eldar Həsənovun özündə radikal müxalifəti, QHT sektorunun nümayəndələrini, diaspor üzvləri və digərlərini birləşdirən şəbəkəsi mövcud olub. Bu, şəbəkə daim onun müdafiəsini təşkil edib və Eldar Həsənov bundan daha çox hakimiyyət daxilində rəqibi hesab etdiklərinə qarşı istifadə edib. Bəlkə də bütövlükdə hakimiyyətə qarşı istifadə etmək niyyəti də olub, lakin bunun üçün zaman və şərait yetişməyib. Bu məsələni aydınlaşdırmaq bir qədər çətindir, lakin şəbəkənin üzvlərinin kimliyi tədricən ortaya çıxır.

Araşdırmalarımız və əldə etdiyimiz məlumatlara görə, Eldar Həsənovun diaspor təşkilatlarında da adamları var. Redaksiyamıza daxil olan məlumatda belə şəxslərdən birinin adı konkret olaraq çəkilir.

Hikmət Cavadov — “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədridir, Azərbaycan üçün siyasi-iqtisadi sferada ən vacib ölkələrdən birində diaspora rəhbərlik edir, daha doğrusu etmək istəyir.

Hikmət Cavadovun Ukraynadakı diasporu parçaladığı və Azərbaycanın bu ölkədəki Səfirliyinin fəaliyyətini bir çox hallarda məqsədli şəkildə blokadalığı haqda məlumatlar var.

Misal üçün, bu ilin fevralında Ukrayna Ali Radasında Xocalı soyqırımının tanınması məsələsi müzakirəyə çıxarılacaqdı.



Bundan öncə qondarma “erməni soyqırımı” məsələsi gündəmə gəlmiş, lakin rədd cavabı almışdı. Azərbaycan dövləti diplomatiyası sayəsində Ukraynanın qanunverici orqanında Xocalı soyqırımının gündəmə gəlməsinə ciddi hazırlıqlar aparmışdı. Müzakirələrə bir neçə gün qalmış Hikmət Cavadov bunun öz fəaliyyətinin nəticəsi kimi göstərmək üçün “Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi gözlənilir” xəbərini paylaşdı, bir çox media orqanı bu xəbəri yayımladı. Bundan xəbər tutan Ukraynadakı erməni lobbisi hərəkətə keçdi və nəticədə həssaslıqla hazırlanan proses baş tutmadı. Bu sıradan bir səhvə də bənzəmirdi və əsas məqsədin Azərbaycan səfirliyinin fəaliyyətinin nəticə verməməsinə nail olmaq planına bənzəyirdi.

Əldə etdiyimiz məlumatlara görə, Hikmət Cavadov bir çox tapşırıqları Eldar Həsənovdan alırmmış. Eldar Həsənovun Hikmət Cavadovu səfir olduğu ölkədə keçirdiyi tədbirlərə tez-tez dəvət etməsi, səfərini maliyyələşdirməsi haqda deyilənlər də bu şübhələri artırır.

Hikmət Cavavodun “Azərbaycan diasporu” adı altındakı fəaliyyətində iki məqam xüsusilə diqqət çəkir.



Birincisi, onun Azərbaycan-Ukrayna və Azərbaycan-Rusiya strateji münasibətlərinə zərbə vuracaq cəhdlər etməsidir.

2018-ci ilin sentyabrında Ukrayna Dövlət Təhlükəsizlik Xidməti Hikmət Cavadovun Azərbaycana və ya üçüncü ölkəyə məcburi qaytarılması haqqında qərar qəbul edib.

Qərarda bildirilirdi ki, Hikmət Cavadov media vasitəsi ilə, həmçinin ictimai çıxışları zamanı etiraz əhval-ruhiyyəsinin qaldırılması, Ukrayna dövlətinin ali idarəetmə orqanlarına inamsızlığın formalaşdırılması məqsədi ilə Ukraynanın dövlət orqanları və Ukraynada yaşayan digər millətlərin nümayəndələri haqqında fitnəkar şüarları səsləndirir.

Eyni zamanda, o, Ukraynada hakimiyyət nümayəndələrinə qarşı hörmətsizlik və təhqir nümayiş etdirir, bu da öz növbəsində kütləvi mitinq iştirakçıları və hüquq-mühafizə orqanları arasında fiziki qarşıdurma üçün şərt yaradır, məsuliyyəti xüsusilə Ukrayna Cinayət Məcəlləsinin 294-cü maddəsi (Kütləvi iğtişaşlar) və 161-ci maddəsində (İrqindən, millətindən və ya dinindən asılı olaraq vətəndaşların bərabərliyinin pozulması) nəzərdə tutulur.

Həm də Hikmət Cavadov sözügedən hərəkətləri ilə Ukraynada dinlərarası və millətlərarası vəziyyətin kəskinləşməsinə səbəb ola bilər. Sadalanan məsələlərlə əlaqədar Hikmət Cavadovun Azərbaycana və ya üçüncü ölkəyə məcburi qaytarılması haqqında qərar verilir.

Bu, Ukraynada Azərbaycan dövləti adına fəaliyyət göstərdiyini idia edən Hikmət Cavadovun Bakı-Kiyev münasibətlərinə təhlükə yaratdığı nümunələrindən biridir. Ancaq sonradan Hikmət Cavadov haqqında qərar icra edilmədi və bu, şübhəli suallar yaratdı. Bu qərardan sonra Hikmət Cavadovun Rusiyaya qarşı sərt çıxışlar etməsi fonunda onun Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlığa başladığı ehtimalını artırır.

Mümkündür ki, Hikmət Cavadov özünü xilas etmək üçün belə bir əməkdaşlığa getsin. Amma bununla həm də Rusiya-Azərbaycan münasibətlərinə təhlükə yaratmağa başladı. Çünki Rusiyanın rəhbər dairələrinin münaqişədə olduqları Ukraynada Azərbaycan diaspor təşkilatının rəhbərinin Moskvaya qarşı çıxışını Bakının mövqeyi kimi qəbul etməsi o qədər də təəccüblü deyil.

İkincisi, Hikmət Cavadov Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin yaratdığı yeni “Təmizlik Uğrunda Hərəkat”ını yaxından dəstəkləməklə də Bakı-Kiyev münasibətlərində soyuqluq yaradıb. Çünki rəsmi Kiyev özünü Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının icraedicisi kimi təqdim edən şəxsin bu addımını Bakıdan verilmiş “göstəriş” kimi qəbul edir. Hikmət Cavadov Saakaşvilinin sərhəddə qarşılanmasından tutmuş, Kiyevdəki mitinqlərinə qədər bir çox prosesdə iştirak etdi.

Media yazırdı ki, Saakaşvili Hikmət Cavadovla söhbətində bu mitinqlərə dəstək verdiyi üçün Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib:

“Saakaşvili qeyd edib ki, Ukraynadakı azərbaycanlıların ona verdiyi dəstəkdən xəbərdardır və bu barədə məlumatları daimi olaraq izləyir. Öz növbəsində diaspor rəhbəri Hikmət Cavadov da Saakaşviliyə onu sona kimi dəstəkləyəcəklərini və hər gün etirazçıların yanında olduqlarını deyib…”.

Hikmət Cavadov indi də Saakaşvilinin fəaliyyətini açıq mətnlə müdafiə edir və bu, rəsmi Kiyevin narazılığına və şübhələrinə səbəb olur.



Maraqlı məqam odur ki, Saakaşvilini Hikmət Cavadovla yanaşı, Azərbaycanın radikal müxalifəti də dəstəkləyir və hər iki tərəfin tezisləri sanki eyni “mətbəxtdə hazırlanıb”.

Bu məqam Eldar Həsənova uzanan şəbəkəni aydınlaşdırmağa imkan verir.


Hazırda radikal müxalifət və xaricdəki “söyüş müxalifəti” də Eldar Həsənovu müdafiə edir. Keçmiş səfiri müdafiə edən müxalifəti Hikmət Cavadovla birləşdirən məqam Saakaşvili, ümumilikdə etiraz kampaniyalarıdır. Hikmət Cavadov da öz növbəsində keçmiş səfirin üzərindəki əməyi unutmur.

Bu mənzərə onu deməyə əsas verir ki, Eldar Həsənovun himayə etdiyi şəbəkə – radikal müxalifət və özünü hakimiyyətin tərəfdarı kimi göstərənlər, onun tapşırığı ilə Azərbaycan dövlətinin strateji maraqlarına zərbə vurmaqla məşğul olub. Bu ehtimalların təsdiqlənməsi üçün istintaqın nəticələrini gözləməyə ehtiyac var, lakin indiyə qədərki proseslər belə şübhələrin yaranmasına imkan verir…

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı