ATESH,AZ saytı yayımladı
Düşmən fitnəsinə uymaq olmaz.
Birinci vitse-prezidentimiz Mehriban Əliyeva dünya azərbaycanlılarına müraciətində deyir:
“Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır”.
Hesab edirəm ki, xaricdə yaşayan hər bir soydaşımız bu tövsiyəyə birmənalı olaraq riayət etməlidir. Çünki hər şeyin bizim xeyrimizə getdiyi indiki vaxtda düşmən ən iyrənc fitnə-fəsada əl atır. Bilindiyi kimi, Tovuz döyüşlərində hərb meydanında başına ağır zərbə vurulduqdan sonra işğalçı Ermənistan diplomatik-siyasi sahədə də dalana dirəndi, istədiyini ala bilmədi. Ordumuza və cənab Prezidentimiz İlham Əliyevə dəstək nümayiş etdirərək səfirliklərimizin binalarının qarşısına yerli hakimiyyət orqanlarından icazə alaraq toplaşan soydaşlarımıza ABŞ-da Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında erməni ünsürü tərəfindən hücum edilməsi və xəsarət yetirilməsi acı olsa da, baş verən hadisələrin aşağıdakı müsbət tərəfləri oldu. Hər şeydən əvvəl, bu aksiyalar zamanı dünya Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin hələ də tənzimlənmədiyini və həllinin vacibliyini başa düşdü. İkincisi, dünya erməni vandalizmini əyani olaraq gördü. Üçüncüsü, düşmən ölkə və xaricdəki erməni ünsürünün diasporası onların qarşısına çıxan və getdikcə güclənən azərbaycanlı diasporası reallığına əmin oldu. Dördüncüsü, bu hadisələr xarici ölkələrdəki soydaşlarımızın Vətən, Millət və Dövlət məsələlərində daim bir-birilərinin yanında olmasının vacibliyini göstərdi. Beşincisi, demokratiya və insan hüquqlarından dəm vuran beynəlxalq təşkilatların susqunluğu indiki dünya reallıqlarını göstərdi və onların da iş üzünü açdı. Nəhayət, erməni zorakılığı göstərdi ki, Ermənistanın təcavüzkarlıq siyasəti təkcə Azərbaycan deyil, bütün dünya üçün təhlükəlidir.
Deməli, biz bundan sonra düşmənin fitnəsinə uymamalı, indiyədək olan müsbət işləri əleyhimizə çevirməməliyik. Ona görə də aşağıdakı məsələlərə xüsusi diqqət yetirməyimizin faydalı olacağı qənaətindəyəm: Birincisi, xarici ölkələrdəki soydaşlarımız erməni vəhşilərinə və bandit qruplaşmalarına bənzəməməli, onların yolu ilə getməməli, yalnız qanun çərçivəsində mübarizə apararaq daha da mütəşəkkil olmalı, Vətənimizi və Dövlətimizi müdafiə etməlidir. İkincisi, harada işləməsindən asılı olmayaq hər bir azərbaycanlı ilk növbədə yaxşı mütəxəssis və yüksək mədəniyyətə malik olmalıdır. Çünki ilk dəfə qarşılaşanlar onun biliyi və bacarığına baxıb bütün millətimizin necə olması haqqında fikir yürüdürlər. Üçüncüsü, hər bir azərbaycanlı millətimizə xas olan dürüstlüyü, nəzakəti və ədaləti daim gözləməlidir. Dördüncüsü, çoxlu dost və tanışlar qazanmaq və ölkəmizlə bağlı keçirilən toplantılara onları da cəlb etmək gərəkdir. Bir neçə ildən sonra həmin şəxslər böyük gücə çevriləcək. Beşincisi, səfirliklərimizin mədəniyyət və mətbuat müşavirləri və ya atteşeləri olduqları ölkələrin KİV-ləri ilə daha səmərəli işləməlidirlər. Nəhayət, diasporamız xaricdə oturan bəzi azərbaycanlıların Dövlətimiz və Dövlət adamlarımız haqqında hədyan danışmasına imkan verməməlidir. Bizim bir ümumi r düşmənimiz var: o da təcavüzkar və işğalçı Ermənistandır.
Musa Qasımlı,
millət vəkili