Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildən etibarən hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir. Gənclər Paytaxtı internet səsverməsi nəticəsində seçilir. Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilən bu layihə 5 il ərzində ətrafında kifayət qədər iştirakçı kütləsi toplaya bilmişdir. Bu müddət ərzində Gəncə şəhəri (2012-ci il), Biləsuvar rayonu (2013-cü il), Quba şəhəri (2014-cü il), İsmayıllı rayonu (2015-ci il), Şəmkir rayonu (2016-cı il) Gənclər paytaxtı adına layiq görülmüşlər.
Bu il də istisna olmamış və 25 yanvar 2017-cı il tarixindən start götürmüş müsabiqə 31 yanvar 2017-cı il tarixində sona çatmışdır. Bir həftə davam edən səsvermə nəticəsində Balakən rayonu 24 şəhər və rayon arasında liderlik mövqeyi nümayiş etdirmiş, 37.4% səs toplayaraq Gənclər Paytaxtı 2017 adına layiq görülmüşdür.
Hər il olduğu kimi bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilmişdir.
Ümumilikdə sayta 3131779 nəfər daxil olmuşdur. Onlardan 57703 nəfəri bu ilin payına düşmüşdür.
Qeyd etmək lazımdır ki, "Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir.