ABŞ-ın Ermənistandakı səfirliyinin 90.469 kvadrat metr sahəsi var. Səfirlikdə tikinti işləri 2005-ci ildə tamamlandı, məlum oldu ki, ABŞ-ın dünyadakı ən böyük səfirliyi məhz Ermənistanda yerləşir. Belə kiçik bir ölkədə belə böyük bir səfirliyin olması Amerikanın nəyinə lazımdır? Cavab aydındır: Böyük Səfirlik ABŞ-ın İraq, Liviya və Suriyaya tətbiq etdiyi “rejim dəyişikliyi” ssenarisini həm də İranda həyata keçirməyi hədəf almışdı. Faktiki olaraq, bu səfirlik İrana qarşı casusluq mərkəzi kimi fəaliyyət göstərirdi. Amerika istəyir ki, Ermənistan öz ərazisindən İranı vurmaq üçün ona şərait yaratsın və İran bölgədə qanlı müharibəyə cəlb olunsun.
Ermənistanın ingilisdilli saytı “hetq.am”da gedən “An Armenian Embassy in Tel Aviv: Selling Out Armenia, Stabbing Our Allies in the Back, and Serving Our Enemies” (Təl-Əvivdəki Ermənistan səfirliyi: Ermənistanı satmaq, müttəfiqlərimizi arxadan bıçaqlamaq və düşmənlərimizə xidmət etmək) adlı məqalədə Markar Meloknyan belə yazıb. O, məşhur terrorçu Monte Melkonyanın qardaşıdır. 7 il ərzində qardaşının döyüşdüyü ölkələrdə olub və “My Brother’s Road” (Mənim qardaşımın yolu) adlı kitabını onun xatirəsinə ithaf edib.
Musavat.com xəbər verir ki, Markar Melkonyan məqaləsində anti-Amerika mövqeyindən çıxış edir. O, ermənilərin xilasını Qərbdə yox, Müsəlman dünyasında, xüsusən şiələrin söz sahibi olduğu (Azərbaycan xaric) ölkələrdə görür.
O, məqaləsində qeyd edir ki, İrəvandakı hazırkı rəhbərlik ABŞ və İrana münasibətdə “tərəfdaş” ifadəsi işlədir: “Ancaq nə amerikalılar, nə də iranlılar bu kimi ifadələrə aldanmırlar. İllərdir ki, İran ABŞ-ın sanksiyalarından və İsrailin nüvə hücumu təhlükəsindən əziyyət çəkir. Paşinyanın digər “tərəfdaşı”na gəldikdə isə Corc Buşun (oğul) bəyanatını xatırlamaq lazımdır: “Kim bizimlə deyisə, deməli, bizə qarşıdır”. Nəticə belədir ki, hər iki tərəf-ABŞ da, İran da Ermənistan rəhbərlərinə etibar etmir””.
Müəllif yazır ki, Tehran on illərdir ki, dəniz yolu olmayan və qonşu ölkələr tərəfindən sərhədləri bağlı qalan Ermənistanla qarşılıqlı faydalı iqtisadi, mədəni və texniki mübadilələr aparır. Üstəlik, söhbət Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə Tehran bitərəf diplomatiya yürüdür və buna görə böyük təzyiqlərlə qarşılaşır. İran İslam Respublikası bölgədə təmkinli və mülayim bir qüvvə kimi çıxış edir və Ermənistana münasibətdə ən yaxşı qonşu kimi davranır.
“Dağlıq Qarabağda 151 min erməni yaşayır. İsrail 6,6 milyon fələstinliyə divan tutur. Digər ölkələrdən erməni soyqırımını rəsmən etiraf etməsini gözləyən İrəvan 13 milyon fələstinlinin öz müqəddəratını təyinetmə hüququnu şiddətlə rədd edən bir rejimə əl uzadır”, – deyə müəllif yazır.
Markar Melkonyan açıq şəkildə yəhudiləri ermənilərə dost olmayan bir tərəf kimi təqdim edir: “Yəhudilər Qüdsdəki erməni kilsəsinin əmlakını oğurlayır, fələstinli ermənilərə təpki göstərirlər, Azərbaycanı silahlandırırlar, İsraildəki erməni keşişlərinə tüpürürlər və erməni soyqırımını inkar etməkdə davam edirlər”.
Müəllif İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyanın sözlərinə istinad edir: “İran rəsmi dairələri Ermənistan-İsrail münasibətlərinin dərinləşməsindən ciddi narahatdır, bunu Ermənistandakı İran əleyhinə hərəkətlərin başlanğıcı kimi qəbul edirlər…Xatırladım ki, Ermənistan ərəb ölkələri ilə də münasibətlər qurub. Ermənistan-İsrail münasibətlərinin dərinləşməsi heç də onların ürəyincə deyil”.
Markar Melkonyan Suriya və Livanda erməni icmasına olan isti münasibətdən də söhbət açır. Deyir ki, erməni soyqırımını tanıyan Suriya Ərəb Respublikası özünü Ermənistanın etibarlı müttəfiqi kimi nümayiş etdirir: “Tək Suriya məsələsinə görə İrəvan sionist dövləti ilə bütün münasibətləri kəsməliydi”.
“Hizbullah” lideri Seyid Həsən Nəsrullahın mütəmadi olaraq erməni icmasını müdafiə etdiyini bildirən müəllif yazır ki, İrəvanın İsraildə səfirlik açmaq qərarı bu kimi münasibətləri və ittifaqları sarsıdır.
Məqalənin sonunda müəllif “Nə etməli” sualına belə cavab verir: “Ermənistanı bu təhlükədən qorumaq üçün təcili hərəkətə keçmək lazımdır. Diasporda və İrəvanda nümayişlər təşkil etməliyik, sosial mediada aktiv olmalıyıq. Ermənistan parlamentində deputatlarla işləməliyik. Biz dərhal Ermənistan rəhbərliyindən tələb etməliyik ki, İsraildə səfirlik açmaq planından imtina etsin və bu ölkə ilə bütün münasibətləri kəssin”.