hemle

TƏBRİK: Dəyanət Osmanlı — 55

Tarix:16-06-2020, 20:53
Baxış Sayı:836

«Ağ şeir»dən başlanan yol…

Dəyanət Osmanlının «Həsrətin həzzi» şeirlər kitabını çapdan öncə oxumaq, tanış olmaq imkanı qazandım və dərhal da eksklüziv yazmaq qərarına gəldim. Deyim ki, iyirmi ildən çoxdur şairin yaradıcılığını izləyirəm; onu çağdaş milli poeziyamızda «Ağ şeir»in yaradıcılarından biri kimi tanıyıram.

Bədirxan Əhmədli

filologiya elmləri doktoru, professor

«Ağ kitab»ından sonra «İlk… Və Son…» və “Nəfəsimin qatili” şeirlər kitablarını oxumuşam. Poetikasının ilmə-ilmə, addım-addım necə bir təkamül yolu keçdiyinin şahidi olmuşam. Və həmişə də bu şeirlərin təhlilinin vacibliyi haqqında düşünmüşəm. Hərçənd bu şeirlər asanlıqla təhlilə gəlmir, ənənəvi təhlilə heç gəlmir, nədən ki, şairin şeirlərinin özü bütün fakturası, strukturu, bədii təsvir və ifadə vasitələri, təşbehləri, obrazları, ruhu və canı ilə yenidir, orijinaldır… Onun şeirləri ənənəvi deyil, moderndir, həyatın özü qədər təzədir. Hər gələn gün əvvəlkinə bənzəmədiyi kimi, onun da şeirləri heç zaman bir-birinə bənzəmir. Lakin bu yenilik nədir və nədədir? Bunun üçün şairin yaradıcılığı bütün yönləri – estetik funksiyaları üzrə təhlil edilməlidir. Bu cür imkanımız olmasa da, mövcud həcm və imkan daxilində oxucularına bəlirləyici ipucu verməyə çalışacam. O nəsnələr üzərində dayanacağam ki, çoğunluqla D.Osmanlı şeirinə, poeziyası və poetikasına məxsusdur.

D.Osmanlı şeirlərində düşüncəni irəli çıxaran, düşünən və düşündürən şairdir; lakin bu düşüncə poetik təfəkkürə əsaslanır, ən rasional fikrin ifadəsində belə poetik obrazlara müraciət edir və obrazlı danışır. Şeirlərində azadlığın, ümidin, yağışın, qaranlığın, işığın, tənhalığın, həsrətin, sevginin, sevgisizliyin, ölümün və daha nə qədər rastlaşmadığımız varlıq və yoxluqların obrazını yaradır. Lakin bu obrazlar içərisində elələri var ki, şairin poetik məkanının daimi sakinləridir. Bu cəhətdən şairin yaradıcılığının ana xəttini insanın daxili, mənəvi ruhi azadlığı, vətən və yurd azadlığı təşkil edir. Ancaq Dəyanət bunu o qədər orijinallqla edir ki, oxucunu özündən itələmir, əksinə özünə çəkir. O, vətən azadlığını «dağları silkələyən ana bozqurd səsində», «aşiq olduğu hilal»da görür. Şair obrazların yaradılması üçün ənənəvi hazırlıq görmür, bəzən bu obrazlar cəmi bir neçə sətirdə şəkillənir və formalaşır. Obrazyaratma çox zaman şeirin adından başlayır:

Azadlıq…

üzü paralanmış
vətən göylərində
uçmağa can atan
və hər başarısız cəhdində
yerə düşərkən
ürəyi ağzına gələn
anasız quş balasına bənzər.

Dəyanətin şeirinin üfüqləri genişdir, açıqdır və açıcıdır. Şeiri oxuduqca düşüncələrin daha da açılır, genişlənir, fikir üstünə fikir gəlir. Bədii fikrin nəhayətsizliyi şeirboyu məntiqi ardıcıllıqla davam edir.

«Saat tələsir gələcəyə keçmişi döyə-döyə…», «Saat yatıb inildəyir qaranlıq» və s. şeirlərində bu fəlsəfi məntiqi izləmək mümkündür. Birinci şeirdə şair keçib gəldiyi keçmişə nəzər salaraq özündən narazılığını ifadə edir, anılarda yaşamaq üçün işlərinin yetərli olmadığını bildirir. «Qaranlıqda döyükən tale», «bir cüt qocalmış təngnəfəs ayaq», «qanla dolu ufacıq ürək» və s. bədii detallar obrazın həyatının o qədər də yaxşı keçmədiyini göstərir. Lakin məmnundur ki, bir kimsədən haqsız söz götürməyən «keçmişi bəlli bir qüruru»nu gələcəyə aparır. Ümumiyyətlə, şairin şəxsi qüruru bütün şeirlərində poetik «mən»in əsas xüsusiyyətinə çevrilir. Dəyanətin şeirlərini bəlirləyən faktorlardan biri də sözlərin seçimi, yerində işlədilməsi və sözlər arasında qurulan bağların fikir bağlarına çevrilməsidir. Bütün bunlar hər şeirin özünəməxsus ritmini yaratmış olur. Onun şeirlərində, demək olar, ritorik heç nə yoxdur. Şeirlərin forması və ritmi elə seçilir ki, heç buna ehtiyac da qalmır. Hər şeirin içində bir fikir, hər fikirdə bir bədii ideya var, bu ideya bəzən gözlə görünür, bəzən isə şeirin sonunda hadisələrin məntiqindən aydın olur. Bizcə, onun şeirlərini yaşadan faktorlardan biri poetik ideyanınorijinallığı və yaşarılığıdır. İdeya şeiri sxematiklikdən çıxarır, ona ruh və can verir.

Dəyanətin şeirlərində vətən, Qarabağ, yurd bir çox hallarda ağrı kimi təqdim olunur. Vətəninazadlığını həmişə hər şeydən irəlidə görür. Onun bu şeirləri sanki bir poetik duadır, elə bir dua ki, hər kəsonu deməli, onunla yaşayıb nəfəs almalıdır:

Vətəndən gələnin olsun…

dolanbac yolların tozlansın

əllərin düşmən qanına batsın.

Yaşıl çəmənlərində

yaşıl otların tapdansın.

Bayılsın ətrinə ruhum

məni yanında görüncə

yaşıl gözlərində islansın üzüm.

Dəyanət şeirləri ilə türk dilini qorumağın yollarını göstərir, türk şeiri poetikasının dilini bəlirələyir,yaddan çıxmış türk sözlərini pasportlaşdırır. Şeirlərinin poetik cümlə quruluşundan tutmuş, bədii təsvir vəifadə vasitələrinə qədər türk dilinin icəliklərinə əməl edir. Yazarın bir amacı da mənsub olduğu xalqındilini yaşatmaq, sözlərə yeni həyat, yeni can verməkdir. «Ağaclar ağladı kirimişcə ilboyu», «Ölməz anısıvardı dünya başına dardı», «Azadlığı öyməyə bircə kutsal gün olsun», «Yanan umudların işığında», «İnsanqafasından ucalmış minarələr başında», «Unudulmaz anıların, tükənmək üzrə olan anların» və s. Poeticbirləşmələr şeirdə funksionallıq qazanır.

D. Osmanlı poeziyasının son dərəcə verimli estetik düşüncə məkanı var. Onun şeirləri Azərbaycanın poetik ərazisinə yeni bir intonasiya gətirmiş, forma və məzmun xəritəsini zənginləşdirmiş, bədii düşüncəsini çoxsəsli etmişdir. İnanıram ki, oxucular şairin bu intonasiyasını, ritmini tuta biləcək, poetik obrazlarını sevəcək, bədii-estetik fikrininn işıqlarından süzülən ideya ilə bəslənəcək, kədərinə, sevincinə və uğuruna şərik olacaqlar.

******

P.S. TƏBRİK: AVMVİB Rəhbərliyi,»Turan Elləri» İB üzvləri və Fedai.az kollektivi Birliyin fəxri üzvü, şair Dəyanət Osmanlını ad günü münasibətiylə təbrik edir, uzun ömür, can sağlığı və yaradıcılıq uğurları arzulayır.

100 yaşa, Dəyanət bəy!


Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ