Daxili İşlər Nazirliyi bu gün paytaxtın girişində yaranan bir neçə kilometrlik tıxacla bağlı açıqlama yayıb.
Bu gün Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib:
“İlkin araşdırmalarla tıxacın yaranma səbəbləri də məlum olub. Müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilən bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər. Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır”.
ONN media xəbər verir ki, tətbiq olunan sərt karantin günlərində Bakını tərk edib istirahətə yollananlar arasında tanınmış şou-biznes və ictimaiyyət nümayəndələri də olub.
Müğənnilər Səidə Sultan və Niyam Salami
Sənətçilər bu günlərdə Qusarda olublar. Rayondan çəkdirdikləri şəkilləri sosial media hesablarında yayıblar.
Teleaparıcı Xoşqədəm Baxşəliyeva
Hər zaman aparıcısı olduğu verilişdən insanlara öyüd-nəsihət verən Xoşqədəm xanımın özü də Bakıdan çıxıb. O, heç bir qadağaya məhəl qoymayaraq, karantin günlərini övladlarıyla birlikdə Şəkidə keçirib. Aparıcı “yeyin, kökəlin” yazaraq süfrədən şəkil də paylaşıb. Şəkiyə üz tutan bütün qonaqlar kimi onun da menyusunda bu rayonun şah yeməyi, hədsiz yağlı olan piti əsas yeri tutub.
Oftalmoloq-həkim Cahid Şahbazov
Azərbaycanın tanınmış oftalmoloqlarından biri olan Cahid Şahbazov da karantinlə bağlı məhdudiyyətləri heçə sayaraq, dostları ilə birgə Bakını tərk edib. O, Qubada olub, istirahətdən şəkillərini İnstaqramda yayıb. Koronavirusun bu cür geniş vüsət aldığı həssas dönəmdə bir həkimin belə məsuliyyətsiz addım atması isə ümumiyyətlə, anlaşılan deyil. Onun həmkarları indi gecə-gündüz virusla mübarizə aparır, həyatlarını təhlükəyə atır, bu yolda maarifləndirici çıxışlar edir, insanlara evdə qalmaları yönündə təbliğat aparırlar. Hətta indiyədək bir neçə həkim bu ağır xəstəlikdən dünyasını dəyişib.
Cahid həkimin şəlalənin altında həyatından məmnun görkəmdə çəkdirdiyi şəkli gördükdən sonra həkim-reanimotoloq Gülarə Abbasovanın bu yaxınlarda mətbuat verdiyi həyəcanlı açıqlamanı xatırlamamaq olmur:
“Mən sizdən çox xahiş edirəm, vətəndaşlarımıza və insanlarımıza deyin ki, bu virusun olmasına inansınlar. Əgər gəlib 1 gecə burada işləsələr, burada xəstələrin necə ağır durumda, necə əziyyətlər çəkdiyini görsələr, intizama əməl edərlər. Dişinizin dibində bir kiçik yemək qırığı qalanda narahat olursunuz, buraya ağır virus simptomları, nəfəs çatışmazlıqları ilə gəlib düşdükdə bədənlərinə, boğazlarından ağ çiyərlərinə keçirilən şlanqların yaratdığı narahatlığa dözməyin cəhənnəm əzabı olduğunu görəcəklər. Ona görə də tez-tez əllərini yusunlar, maskasız çölə çıxmasınlar. Mütləq məsafə saxlasınlar. Bir də ki, restoranlarda yeyib-içməyə tələsməsinlər. Unutmasınlar ki, bir gün restoranda oturub, şənlənmək, sonra 15-20 günün əziyyətinə və həyatın sonuna gətirib çıxara bilər. Və bir də ki, mütləq bizi düşünsünlər. Biz də evimizə getmək, doğmalarımızı qucaqlamaq, restoranlarda ailəvi istirahət etmək istəyirik. Bizim əlimizdən bu şansımızı almasınlar”.
Onu da əlavə edək ki, Cahid Şahbazovla Quba səfərində tanınmış stilist Anar Malik də olub.
Müğənnilər Musa Musayev və Təranə Qumral
Virusun varlığına inanmayan Qumral ailəsi hamılıqla Qubada dincəliblər.
“Eurovision” təmsilçimiz Samirə Əfəndi
Samirə Əfəndi də sərt karantin günləri ilə əlaqədar bu qaydanın keçərli olmadığı bölgəyə – Şəkiyə üz tutub.(axşam.az)
ONN İnformasiya Agentliyi