Uşaq orqanizmi böyüklərdən bir çox cəhətdən fərqlənir və bu, uşağın müalicəsi zamanı nəzərə alınmalıdır. Anlamaq vacibdir ki, böyüklərə təyin edilən bəzi dərmanlar, o cümlədən aspirin, uşaqlar üçün ciddi təhlükə yarada bilər. Məhz buna görə uşaqlara dərmanları yalnız həkim təyin etməlidir, çünki özünümüalicə uşağın sağlamlığı üçün ağır nəticələrə səbəb ola bilər.
Bu barədə rusiyalı pediatr Olqa Tatarkina danışıb.
Həkimin sözlərinə görə, uşaq orqanizmi dərman vasitələrini fərqli şəkildə mənimsəyir, buna görə də dərmanların dozası, qəbul tezliyi və qəbul üsulu öz xüsusiyyətlərinə malikdir.
Pediatr, həmçinin xatırladıb ki, bir çox dərmanların yaş məhdudiyyətləri var. Məsələn, bəzi boğaz spreyleri üç yaşına qədər uşaqlarda tənəffüs yollarının spazmını yarada bilər. Hamıya məlum olan aspirin isə uşaq orqanizmi üçün kifayət qədər toksikdir. Mütəxəssisin sözlərinə görə, virus infeksiyaları zamanı 16 yaşına qədər uşaqlarda temperaturu aşağı salmaq üçün aspirin istifadəsi qaraciyər və beyinin ağır zədələnməsinə səbəb ola bilər.
Olqa Tatarkina, həmçinin diqqəti ona yönəldib ki, tetrasiklin qrupundan olan antibiotiklər səkkiz yaşdan kiçik uşaqlara qəti qadağandır, çünki onlar sümük toxumasının formalaşma prosesini pozur. Bu, uşağın böyüməsinə mənfi təsir göstərə bilər, həmçinin diş minasına zərər verərək onun saralmasına səbəb ola bilər.
"Bundan əlavə, 14 yaşına qədər uşaqlara aminoqlikozid qrupundan olan antibiotikləri vermək qətiyyən tövsiyə edilmir, çünki onlar eşitmədə ciddi pozğunluqlar yarada bilər. Belə preparatlar bu yaş qrupundakı uşaqlara yalnız həyati göstəricilərə görə təyin edilir", - deyə pediatr əlavə edib.