Şübhəsiz, bu tarix milli dövlətçiliyimizin qurulması nöqteyi-nəzərdən olduqca böyük əhəmiyyət kəsb edir. Lakin apardığım araşdırmalar, tarixi sənədlərlə işlərin nəticəsi deməyə tam əsas verir ki, Azərbaycanın qurtuluşu çox-çox əvvəl, uzaq 1967-ci ildə özünü açıq şəkildə göstərməyə başladı. XX əsrin 60-cı illərində keçmiş Sovet İttifaqının tərkibində olan Azərbaycan SSR-nın ərazi bütövlüyünə qarşı radikal erməni ekstremistlərinin növbəti dəfə fəallaşması müşahidə edilirdi.
Tarixi faktdır ki, 1965-ci ildə bir qrup erməni radikalı beynəlmiləlçilik, xalqların dostluğu və qardaşlığı şüarları ilə pərdələnərək SSRİ rəhbərliyindən Dağlıq Qarabağın Azərbaycan ayrılaraq Ermənistan SSR-nin tərkibinə daxil edilməsini tələb etmişdilər. Onlar öz çirkin məqsədlərinə nail olmaq üçün Ermənistan SSR-də açıq, Azərbaycan SSR-nın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) isə gzli şəkildə imzatoplama kampaniyası təşkil etmişdilər. Lakin 1965-ci ildə erməni radikalları məqsədlərinə nail olmamış, onların istəyi Kreml tərəfindən rədd edilmişdir.
“Məqsəd vasitələri doğruldur” prinsipini rəhbər tutan erməni ekstremistləri, nəyin bahasına olursa-olsun, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı qopararaq Ermənistana birləşdirmək üçün başqa, qeyri-insani üsula əl atırlar. Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlıları “vəhşi”, “qəddar”, “qaniçən” və bu kimi mənfi obrazlarda təqdim etmək məqsədilə ermənilər 1966-cı il oktyabr ayının 22-də Martuni rayonunun (indiki Xocavənd rayonu) Kuropatkino kəndində 8 yaşlı erməni uşağı Nelson Movsesyanın qətlində üç azərbaycanlını – Ərşad, Ələmşad və Zöhrab Məmmədovları günahlandırdılar. Heç bir dəlil-sübut olmadan, cinayətin əsil motivləri müəyyən edilmədən cinayət işini aparan milliyyətcə erməni müstəntiqlər üç günahsız azərbaycanlını məhkəməyə təhvil verdilər. Məhkəmə prosesi Xankəndinin (o vaxtkı – Stepanakert) yay kinoteatrının salonunda keçirilirdi.
Maraqlısı odur ki, bu prosesə Ermənistan SSR-dən və Azərbaycan SSR-nın Dağlıq Qarabağ Muxtar Vilayətinin müxtəlif yerlərindən, ümumilikdə, 8 minə qədər erməni toplaşmışdı. Hadisənin canlı şahidləri xatırlayırlar ki, məhkəmə prosesinin gedişində şəhərin küçələrinə vərəqələr səpilmişdi və həmin vərəqələrdə yerli ermənilər Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək üçün ayağa qalxmağa çağırılırdı. Məhkəmə onunla yekunlaşdı ki, Ərşad Məmmədova 15 il azadlıqdan məhrumetmə, Ələmşad Məmmədova – güllələnmə cəzaları verildi, Zöhrab Məmmədova isə bəraət verildi. Lakin hökmdən narazə qalan ermənilər üç azərbaycanlını konvoyun əlindən alaraq vəhşicəsinə daşlarla və taxta qırıntıları ilə döyərək öldürmüş, sonra isə onların meyitlərini əvvəlcədən düzəldilmiş tonqalda yandıraraq bundan həzz almışlar.
Bu hadisələrdən bir neçə həftə əvvəl Azərbaycan SSR Nazirlər Kabineti yanında Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr – Heydər Əliyev təyin olunmuşdur. Məlumdur ki, Heydər Əliyev erməni ekstremistlərinin Xankəndidə təxribat-diversiya hərəkətləri planlaşdırdıqlarını qabaqcadan görərək, üç azərbaycanlının məhkəsinin paytaxt Bakıda keçirilməsini tövsiyə etmişdi. Lakin respublika rəhbərliyinin bu tövsiyəni icra etməməsi nəticəsində 3 iyun 1967-ci il tarixdə Xankəndi faciəsi törədilmişdi. Törədilmiş cinayətin nəticələrini aradan qaldırmaq və günahkarları cəzalandırmaq məqsədi ilə yüksək vəzifəli şəxslərdən ibarət xüsusi komissiya Xankəndinə göndərildi.
Komissiyanın üzvlərindən biri DTK sədri Heydər Əliyev idi. Hadisə yerinə baxış keçirdikdən və müvafiq tapşırıqlar verdikdən sonra komissiya Bakıya qayıtsa da, DTK sədri Heydər Əliyev, əlavə olaraq, 15 gün orada qalmış, baş vermiş cinayətin istintaqına şəxsən başçılıq etmişdir. İstintaq nəticəsində müəyyən edilmişdir ki, 8 yaşlı erməni uşağı Nelson Movsesyanı ermənilər özləri öldürüblər, azərbaycanlıları isə bu cinayətlə şərləyərək millətlər arasında ədavəti qızışdırmaq və bu yolla Qarabağı Azərbaycandan qoparmaq istəyirmişlər.
Heydər Əliyevin rəhbərliyi altında 20 cinayətkarlar müəyyən edilərək həbs edildi. Bəzi ermənilər məsuliyyətdən yayınaraq başqa sovet ölkələrinin ərazilərində gizləndilər. Həbs edilənlərin hamısı milliyyətcə ermənilər idi və onların arasında öldürülmüş erməni uşağının babası Benik Movsesyan da var idi. Cinayətkarların üçünə güllələnmə cəzası, digərlərinə isə 2 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzaları verildi. Beləliklə, hələ 1967-ci ildə Heydər Əliyev erməni ekstremistlərinin Azərbaycanın tarixi torpaqları olan Qarabağı Ermənistana birləşdirmək planlarının qarşısını almışdır.
Ən əsası isə odur ki, 1967-ci il hadisələrindən sonra Dağlıq Qarabağda yaşayan azərbaycanlılar Heydər Əliyevin timsalında özlərinin arxa və dayağını görürdülər. Ümummilli Lider müxtəlif çıxışlarında dəfələrlə bildirmişdir ki, ermənilər daim belə məkrli planlar qursalar da, bunların hamısı uğursuzluğa dücar olurdu. 1977-ci il hadisələri zamanı ermənilərin məğlubiyyətinin, 1984-86-cı illərdə ermənilərin SSRİ səviyyəsində qondarma “erməni soyqırımını” qəbul edə bilməməsinin yalnız bir səbəbi var idi. Bu səbəbin adı – Heydər Əliyev idi. Bu, yalnız bir tarixi, təkzibolunmaz faktdır. Belə faktların sayı isə minlərlədir.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi naminə, Azərbaycan xalqının xoşbəxt gələcəyi uğrunda yorulmaz və gərgin fəaliyyət göstərdiyini müxtəlif təriflərlə sübut etməyə ehtiyac yoxdur. Ümummilli liderin adı ilə bağlı olan faktları üzə çıxarmaq kifayət edir ki, bu Dahi İnsanın öz xalqı, vətəni və dövləti üçün misilsiz xidmətlərinin şahidi olasan. Bu xidmətlərin hamısı isə Heydər Əliyevin ən müqəddəs əsərinin – Müstəqilliyi Əbədi, Daimi və Dönməz olan yeni Azərbaycanın yaradılmasına yol açırdı.
Büllur Məmmədova