Ermənistan Aİ-nin aviasiya “qara siyahısı”nda qalmaqda davam edir. Məsələ ilə bağlı yekun qərar, güman ki, bu il veriləcək.
Bunu Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq deyib.
Nazirlik bildirir ki, “qara siyahı”dan çıxarılmağa nail olmaq niyyəti ilə əlaqədar Ermənistanın Mülki Aviasiya Komitəsi 2024-cü il oktyabrın 1-də Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Direktorluğuna (ECMT) müvafiq sorğu göndərib. Proses noyabrın 13-də, Ermənistan və ECMT nümayəndələrinin ilk görüşündə başlayıb.
Dekabrın 24-də Ermənistan tərəfi əvvəllər müəyyən edilmiş pozuntuların aradan qaldırılmasını təsdiq edən sənədlər paketini onların rəsmi ratifikasiyası və sonradan qərarların qəbul edilməsi məqsədi ilə direktorluğa təqdim edib.
"Cavab 25 aprel 2025-ci ildə gəlib. Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Direktorluğu Ermənistana qiymətləndirmə səfərini təklif edib", - nazirlik cavab verib.
Bildirilir ki, Ermənistanın “qara siyahı”dan çıxarılması ilə bağlı yekun qərar yalnız bu səfərin nəticələrinin təhlili əsasında veriləcək.
Xatırladaq ki, 2020-ci ildə Avropa Komissiyası bütün Ermənistan aviaşirkətlərini uçuş təhlükəsizliyi “qara siyahı”sına daxil edib. Bu o deməkdir ki, Ermənistandan olan aviadaşıyıcıların beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına əməl etmədiyinə görə Aİ ölkələrinin hava məkanında fəaliyyəti qadağan edilib. Bu siyahıda Əfqanıstan, Anqola, Konqo, Nepal, Sudan və s. kimi ölkələrlə yanaşı Ermənistan da yer alıb.