“Türkiyə Rusiya ilə Ukrayna arasında sülh prosesinə bütün tərəfdaşlardan dəstək gözləyir. Moskva ilə Kiyev arasında dialoq kanalları açıq qalmalıdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 16-da Tiranada keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının iştirakçılarına müraciətində bildirib.
Türkiyə lideri Ankaranın Rusiya - Ukrayna dialoqu prosesinə verdiyi töhfəni vurğulayıb.
“Türkiyə dayanıqlı və ədalətli sülhə nail olunmasına yönəlib. Rusiya ilə Ukrayna arasında qan tökülməsinin dayandırılması istiqamətində ilk dəfə olaraq mühüm “fürsət pəncərəsi” açılıb. Bu sülh şansını əldən vermək olmaz”, – deyə Ərdoğan bildirib.
O, hazırda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə İstanbulda davam edən Rusiya - Ukrayna danışıqlarına diqqət çəkib.
Prezident Ərdoğan ədalətli sülh əldə olunacağı təqdirdə heç bir tərəfin məğlub tərəf olmayacağını bəyan edib.