"Microsoft" texnoloji korporasiyası və Karnegi-Mellon Universitetinin amerikalı alimləri narahatedici bir tendensiya aşkar ediblər. Generativ süni intellektin (Sİ) aktiv istifadəsi tənqidi düşüncəni və müstəqil problem həll bacarıqlarını zəiflədə bilər.
Tədqiqat "Microsoft"un rəsmi saytında dərc edilib.
Nəticələr biznes, təhsil və İT sahələrində çalışan 319 intellektual işçinin sorğu nəticələrinə əsaslanır.
Araşdırma göstərib ki, Sİ alətlərindən istifadə zamanı halların 40%-də iştirakçılar tənqidi təhlil etmədən tamamilə neyron şəbəkənin nəticələrinə güvəniblər.
Bu tendensiya xüsusilə rutin tapşırıqlar yerinə yetirərkən daha aydın şəkildə müşahidə edilib, burada istifadəçilər öz mülahizələri əvəzinə Sİ-yə kor-koranə etibar etməyə üstünlük veriblər.
Alimləri ən çox gənc nəsillə bağlı vəziyyət narahat edir. Məsələn, tələbələr esse yazmaq üçün Sİ-dən aktiv istifadə edərək müstəqil təhlildən yayınırlar. Onlar arasında neyron şəbəkələrdən asılılıq formalaşır ki, bu da "Google effekti" adlanan - hər cür kiçik səbəbə görə axtarış sistemlərindən istifadə etmək vərdişinə bənzəyir.
Tədqiqatçılar Sİ-dən istifadədə şüurlu yanaşmanın, avtomatlaşdırma və müstəqil qərarvermə arasında balansın qorunmasının, tənqidi düşüncə praktikasının və təhsil proseslərinə diqqətlə yanaşmağın zəruriliyini vurğulayıblar.