Kremlin sözçüsü Dmitri Peskov ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçirilən görüşlə bağlı açıqlama verib.
Peskov dünən Ciddədə keçirilən danışıqlarda tərəflərin razılaşdığı 30 günlük atəşkəs təklifinə reaksiya verməyin hələ tez olduğunu bildirib.
"Siz bir az irəli gedirsiniz. Biz bunu etmək istəmirik. Dünən mətbuata açıqlama verən ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals Ciddə danışıqlarının mahiyyəti ilə bağlı bizə ətraflı məlumat verəcəklərini bildiriblər. Əvvəlcə bu məlumatı əldə etməliyik”, - deyə o qeyd edib.
Peskov görüşün nəticələri ilə bağlı Vaşinqton və Kiyevin açıqlamalarını diqqətlə araşdırdıqlarını bildirib. Vurğulayıb ki, ABŞ-dan alacaqları məlumatları da araşdıraraq nəticə çıxarmaq istəyirlər.
Kreml sözçüsü yaxın günlərdə Rusiya ilə ABŞ arasında təmasların olacağını və sözügedən məlumatı almağa ümid etdiklərini bildirib.
Peskov təmaslar zamanı Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının gündəmdə ola biləcəyini vurğulayıb. O, lazım gələrsə, bu görüşün çox tez təşkil oluna biləcəyini, lakin bu barədə hələlik razılığın olmadığını qeyd edib.