“Karantin rejiminin yumşaldılması cəmiyyətdə müsbət qarşılansa, da məsuliyyət vətəndaşlara görə yoluxma sayı artmaqdadır”.
“Yeni Gündəm” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə karantin rejiminin pozulmasına görə cərimlərin tətbiqi ilə bağlı msələnin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, cərimənin tətbiqini məhkəmənin üzərinə qoymaq doğru deyil:
“Bu keçici prosesdir. Keçici prosesdə insanları intizama cəlb etmək üçün bu layihə hazırlanıb. Burada vəzifəli şəxslərin məsuliyyəti layihədən çıxarılmalıdır. Bu fiziki şəxslər məsuliyyət daşımalıdır. Vəzifəli və hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi vəziyyəti mürəkkəbləşdirəcək. Digər tərəfdən mərhələli şəkildə cərimə tətbiqini də doğru hesab etmirəm. Maska taxmayan şəxslər 50 manat cərimələnsin. Bu heç də az vəsait deyil. Təkcə maska məsələsi ilə vəziyyət normallaşmayacaq. Bizdə maarifçilik məsələsində geri qalırıq”.
Karantin rejimində toylaırn təşkil edilməsini gündəmə gətirən Fazil Mustafa deyib ki, karantin rejimində toyların keçirilməsi məsələsinə aydınlıq gətirilməlidir:
“Konkret vaxt, tarix, say qoyulmalıdır. Bunun çıxış yolunu müəyyən etmək lazımdır. Konkret vaxt ərzində, məhdud sayda insanların iştirakı ilə bu tədbirləri həyata keçirilməlidir. Naxçıvana gediş-gəlişlə bağlı məsələni də tezləşdirmək lazımdır. Problemi nə qədər çox görməzdən gəliriksə, problem əksinə daha çox şişir. Ona görə də problemləri sadələşdirmək lazımdır. Yəni cərimələri də müvafiq icra orqanları bu halı müəyyən edəndə elə oradaca cəriməni tətbiq etməlidir”.
Millət vəkili Razi Nurullayev isə qeyd edib ki, maska taxmayanlara qarşı cərimələrin tətbiq edilməsinə qarşı münasibəti birmənalı deyil:
“Bu gün vətəndaşlar koronavirusun qlobal oyun olduğunu düşünürlər. Xəstələr bütün dünyada sanki gizlədilir. Buna görə də vətəndaşlar daha çox şayiələrə inanır, rəsmi məlumatlara inanmır. Şübhə toxumu insanların qəlbinə səpilir. Bu gün xəstəxanaya gedənləri çox incidirlər. Məgər insan başqa xəstəlikdən qızdırmalı ola bilməz?! İnsanlar bu gün qorxusundan təcili yardıma belə zəng etmirlər. Bu gün bu xəstələri göstərmək, çəkdikləri əziyyəti göstərmək lazımdır. Bu gün təbliğat düzgün getmir. İndi deyirlər ikinci dalğa payızda olacaq. Ancaq konkret iş görən yoxdur. Hər şey sirr pərdəsi ilə örtülüb. Sirr pərdəsi götürülməsə, inam da olmayacaq. İkincisi, bu padnemiya dövrü bizim üçün bir fürsətdir ki, israfçılığın qarşısı alınsın. İnsanların toy və yas məclisləri ilə bağlı başqa yöndə rəftara cəlb edilməsi üçün işlər görülə bilər”.
Spiker Sahibə Qafarova isə bildirib ki, koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur.
Millət vəkili Azay Quliyev qeyd edib ki, bu gün Azərbaycanda hər hansı informasiya boşluğu yoxdur:
“Koronavirusun fəsadları ilə bağlı bizim televiziyalarda mütəmadi məlumatlar verilir. Ancaq bütün bunlara baxmayaraq, insanlarda bu məsələyə məsuliyyətsiz yanaşma davam edir. Bu gün heç kim istəməz ki, insanlara əlavə cərimələr tətbiq edilsin. Bu sırf Azərbaycan üçün spesifik problem deyil. Biz bu cəriməni bu gün tətbiq etməklə vətəndaşı qorumağa çalışırıq. Yumşalma prosesi getdikcə yoluxma sayı artmağa başladı”.
A.Quliyev təklif edib ki, cərimələr iki halda tətbiq edilməlidir: “Açıq havada və qapalı məkanlarda maska taxmaqla bağlı risklər fərqlidir. Bu gün biz 50 manatı qapalı məkanlarda maskadan istifadə etməyən insanlara tətbiq edə bilərik. Açıq havada bu rəqəm 20-30 manat həcmində götürülə bilər. Fazil müəllimin hüquqi şəxslərin burada məsuliyyətdən azad olunması fikri ilə razı deyiləm. Ən çox elə onlar məsuliyyətə cəlb edilməlidir. Cərimə sanksiyaları yalnız insanların sağlamlığını qorumaq üçün tətbiq edilir”.
Deputat Siyavuş Novruzov cərimlə ilə yanaşı, pandemiya ilə bağlı şaiyə yayanlara qarşı da ən sərt tədbirlərin görülməsini təklif edib.