www.Fedai.az
Ermənilərin Qarabağdan imtina etdiyi şok SAZİŞ
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan beynəlxalq səylər heç bir nəticə vermir. ATƏT-in Minsk Qrupunun çoxillik fəaliyyəti deklorativ bəyanatlardan və heç bir tərəfin qəbul etmədiyi “sülh respet”lərindən o tərəfə keçə bilmir.
Qarabağ münaqişəsinin əsası çar Rusiyasında qoyulub. İmperiya maraqlarını qorumaq xətrinə Qafqaz xalqları arasında milli ayrı-seçkilik və nifaq salan çar siyasəti sonucda Qafqazda böyük bir “barıt çəlləyi” qoya bildi.
Bu münaqişə öz tarixi boyunca qanlı qarşıdurmalarla müşayət olunsa da son nəticədə tərəflər sülh danışıqları aparmaq üçün bir stol arxasında oturmalı olublar.
Çar Rusiyasının dağılmasından sonra Qafqazda yaranan 3 müstəqil dövlət- Azərbaycan, Gürcüstan və Ermənistan regionun siyasi tarixində yeni bir səhifə oldu. Elə ilk günlərdən Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı başlanmış mübahisələr 1918-20-ci illərdə qanlı toqquşmalarla müşayət olundu.
Bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə Dağlıq Qarabağ erməniləri ilə sülh danışıqları apararaq onları Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi saymağa vadar edə bildi. İndi bu tarixi hadisə barədə az danışılır və oxucular az məlumatlıdırlar.
Azpost.info 1919-cu ildə AXC hökümətinin Qarabağ məsələsi ilə bağlı apardığı siyasətin maraqlı məqamlarını oxuculara təqdim edir.
İlk olaraq qeyd edək ki, AXC höküməti yarandığı ilk gündən Qarabağ probelmi ilə üz-üzə qalmışdı. Rəsmi Bakını tanımaqdan imtina edən erməni icması Ermənistanın daşnak hökümətinin dəstəyi azərbaycanlı əhaliyə qarşı zorakılıq nümayiş etdirirdi.
Azərbaycan höküməti müxtəlif vaxtlarda məsələnin həlli üçün cəhdlər edib. Getdikcə mövqelərini gücləndirən milli hökümət nəhayət ki, Qarabağda ilk uğurlarını qazana bilib. Həmin dövrün mətnbuatına baxdıqda bunun izlərini aydın görmək olur.
Məsələn, Rəsmi dövlət qəzeti olan “Azərbaycan” 1918-ci ilin oktyabrında yazırdı ki, “Qarabağın erməni icması baş nazir Fətəli Xan Xoyski ilə görüşmək üçün nümayəndə heyətini Bakıya göndərir”. Qəzet daha sonra qeyd edir ki, “erməni silahlı dəstələri Qarabağdakı türk rəsmilərinə silahları təhvil vermələri və əfv olunmaları üçün müraciət edib”. 22 oktyabr 1918-ci ildə “Azərbaycan” qəzeti bildirir ki, “Qarabağın erməni əhalisi Azərbaycan ordusunu duz-çörəklə qarşılayır və Azərbaycan təbəələyinə qəbul olunmaq üçün kütləvi şəkildə müraciətlər edirlər”.
Sənədlərlə tanış olduqda görmək olur ki, o zaman Bakıda olan ingilis ordusunun rəsmiləri də Qarabağ məsələsində bir sıra təkliflərlə çıxış edib.
1919-cu ildə Azərbaycan höküməti Qarabağ general-qubernatorluğu yaradaraq bütün idarəetmə səlahiyyətini ona verir. Məhz bu addım sonradan erməni əhalisinin mövqeyini müəyyən etmək üçün dönüş nöqtəsi olur. Ermənistan hökümətinin bütün etirazına baxmayaraq təyin olunmuş general –qubernator Xosrov bəy Sultanov Dağlıq Qarabağda qayda-qanun yaratmaq işinə ciddi girişir. Nəticədə 1919-cu ilin avqustun 15-də Azərbaycan höküməti Dağlıq Qarabağ ermənilərinin konfransını çağırmaqla problemin həlli üçün mühüm bir sənədi imzalaya bilir.
“Azərbaycan höküməti ilə Dağlıq Qarabağ erməniləri arasında saziş” adlanan bu sənəddə ermənilərin sülh mesajları və birgəyaşayış arzuları təsdiq edilib.
Sənəddə qeyd olunur:
“Bütün qarşıdurmaların Qarabağda yaşayan əhali üçün fəlakətli olduğunu, Qarabağ məsələsinin bütün həll variantlarında erməni və azərbaycanlıların birgə yaşayacağını nəzərə alaraq , Qarabağ ermənilərinin 7-ci qurultayının 4-cü səhər iclası 15 avqust 1919-cu ildə Azərbaycan höküməti ilə bu şərtlər daxilində qərar qəbul etdi:
1.Tərəflər hazırkı müvəqqəti sazişi sülh konfransının qərarına qədər qəbul edir. Sülh sazişinin qərarları hər iki tərəf üçün məcburi olacaq.
2.Qarabağın Dağlıq hissəsinin, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının (Dizak, Vərənd, Xaçen, Carabert) erməni əhalisi özlərini Azərbaycan Respublikasının hüdudlarında sayır.
3.Şuşa, Cavanşir və Cəbrayıl qəzaları Qarabağ general-qubernatorluğunun xüsusi inzibati vahidi kimi qalır. Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində üzvləri ermənilərdən təyin olunmuş administrasiya təyin olunur.
4.Qarabağın dağlıq hissəsində (Dizak, Xaçen, Varand və Carabert) inzibati vəzifələrə erməni şurasının təqdimatı əsasında olan şəxslər təyin olunur.
5.Qarabağ general-qubernatorluğu yanında 3 nəfər azərbaycanlı, 3 nəfər ermənidən ibarət altı nəfərlik Şura təsis edilir.
6.Şuranın erməni üzvləri Dağlıq Qarabağın erməni əhalisinin qurultayında seçilir. Qurultaya yenidən seçki keçirmək hüququ verilir.
7.Millətlərarası bütün prinsipial məsələlər əvvəlcədən Şurada müzakirə olunmadan həyata keçirilə bilməz.
8.Şura general-qubernatorluğun quruluşu və idarəçiliyi ilə bağlı məsələlərdə təşəbbüslə çıxış edə bilər.
9.Şura general-qubernatorluğun işinə nəzarət və onu müşahidə etmək hüququ var. Bununla yanaşı Şuraya administrasiyanın iş fəaliyyətinə müdaxilə hüququ verilmir.
10.General –qubernatorun mülki işlər üzrə köməkşi vəzifəsi təsis olunur. Bu vəzifəyə erməni təyin olunur.
11. Erməni qurultayı iki namizədi mülki işlər üzrə köməkçi vəzifəsinə təklif edə bilər. Onlardan biri təsdiq olunur.
12.Qarabağ ermənilərinə mədəni müxtariyyət hüququ verilir.
13.Mədəni muxtariyyət hüququ Qarabağ ermənilərinin milli şurası tərəfindən qurultyada seçilərək vəkil edilmiş şəxslər tərəfindən həyata keçirilir. Qurultayı Milli Şura çağırır.
14. Azərbaycan höküməti erməni milli şurasının fəaliyyətinə vəkil edilmiş ermənilərin vasitəsi ilə nəzarət edir.
15.Azərbaycanın ordu hissələri sülh dövründə Xankəndi və Şuşada mənzillənir.
16. Qarabağın dağlıq hissəsində -Şuşada, Cavanşir və Cəbrayıl qəzalarındakı erməni yaşayış məntəqələrində ordu hissələrinin hər hansı yerdəyişməsi şuranın 2/3 hissəsinin razılığı ilə aparıla bilər.
17. Siyasi baxışlarına görə heç kim məhkəmə və inzibati qaydada təqib oluna bilməz.
18. Siyasi motivlərə görə öz yerlərini tərk etməyə məcbur olmuş ermənilər öz yaşayış yerlərinə qayıtmaq hüququ verilir.
19. Sülh konfransının qərarına qədər Qarabağda erməni və azərbaycanlılar arasında tərksilah dayandırılır.
20. Azərbaycan höküməti dağılmış müsəlman və erməni kəndlərinin bərpası üçün Qarabağ əhalisinə maddi və mənəvi yardım göstərir.
21.Millətlərarası münasibətləri yaxşılaşdırmaq üçün vaxtaşırı birgə erməni-müsəlman qurultayları çağrılır.
22. Birləşmək, söz və mətbuat azadlığı verilir. Yığıncaq azadlığı üçün Azərbaycandakı hərbi vəziyyəti nəzərə alaraq administrasiyasının razılığı tələb olunur.
23.Mülki və vəzifəli şəxslərin bütün hərəkətləri məhkəmədə baxılır. Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinin 11 iyun 1919-cu il qərarına müvafiq olan hərəkətlərdən başqa.
24.Bu sazişə qədər milli –etnik qarşıdurmalarda iştirak edənlər təqib olunmur.
Saziş Qarabağ ermənilərin 7-ci qurultayı tərəfindən qəbul olunduqdan dərhal sonra qüvvəyə minir.
Hazırkı saziş bütün vəziyyətlərdə- hərbi, mühasirə və s. Vəziyyətlərdə öz qüvvəsini saxlayır.
Dağlıq Qarabağ ermənilərinin yeddinci qurultayı Azərbaycanla olan bu sazişi təsdiq etdi. Ermənilər sazişlə Qarabağın dağlıq hissəsinin ərazi muxtariyyəti formasında Azərbaycan tərkibində daxil olduğunu bəyan etdilər.
Həmin dövrdə KİV-lər bu sazişi yüksək qiymətləndirərək yazırdı ki, uzun qanlı münqaişədən sonra bu saziş erməni –müsəlman mübahisəsinin həlli üçün ilk ciddi təcrübə idi. “Qarabağın erməni əhalisi başa düşdü ki, xilas olmaq üçün onu üzük kimi əhatə edən müsəlmanlarla dil tapmaq zəruridir. Erməni –müsəlman sazişi faktdır. Bu faktı isə bütün qafqaz demokratiyasının diqqətini çəkməlidir”,-deyə “Borba” qəzeti yazırdı.
1920-ci ilin əvvələrindən siyasi vəziyyətin dəyişməsi Azərbaycan höküməti üçün böyük problemlər yaratmağa başladı. Sovet Rusiyasının açıq hədələri və daxili təxribatları ictimai həyatda böyük təzadlarla müşayət olunmağa başladı. Fevral ayında Azərbaycan bolşeviklərinin çevrilişlə hakimiyyəti ələ almaq barədə qərarı ölkə üzrə bütün münaqişəli vəziyyətlərdən maksimumu istifadə etmək vəzifəsini qarşıya qoydu.
Sovet Rusiyasının siyasi rəhbərlərindən olan Sergey Kirov 1919-cu ilin oktyabrında Leninə yazırdı ki, bolşeviklərin Azərbaycanda çevriliş etməsi üçün böyük hərbi bazaları yaranıb. “Lənkəranda, Muğanda bizim hakimiyyətdir. Qarabağ və Zəngəzur Azərbaycan hakimiyyətini tanımır, Qazax qəzasında müsəlman kəndliləri hökümətə qarşı silahlı müqavmət göstərir. Orada prosesə bizim yoldaşlar rəhbərlik edir”. Göründüyü kimi AXC hakimiyyətinə qarşı böyük bir miqyasda hucum taktikası quran Sovet Rusiyası üçün erməni-azərbaycanlı münaqişəsi də hakimiyyəti dəyişmək üçün əsas arqumentlərdən idi. Elə onun nəticəsidir ki, 1920-ci ildə bolşeviklərin xeyir-duası ilə Qarabağda növbəti erməni qiyamı başlandı. Bu qədər gərgin və təlatümlü dönəmdə AXC hökümətinin Qarabağ münaqişəsini dinc yolla həll etmək istəyi bütün hallarda milli hökümətin sivil dəyərlərə önəm verməsinin bir nümayişidir.
Müasir dövrdə Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə AXC hökümətinin bu ilk təcrübəsinin öyrənilməsi müəyyən fayda gətirə bilər.
Xaqani SƏFƏROĞLU