Gənclər
Düşərgələr
2024-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə, hərbi vətənpərvərlik, milli adət-ənənələr, hüquq, peşə, robototexnika, yaradıcılıq, mühəndislik, məşğulluq, simulyasiya, inklüzivlik və könüllülük kimi əhəmiyyətli sahələri əhatə edən 22 müxtəlif mövzu üzrə, 3 395 gəncin iştirakını təmin edən 43 düşərgə uğurla təşkil olunub.
Yarış və müsabiqələr
Gənclərin müxtəlif sahələrdə yaradıcılıq və intellektual potensiallarını inkişaf etdirməyi hədəfləyən “Şahin” hərbi-idman oyunları, “İƏT simulyasiya modeli”, “İstedadların hazırlığı laboratoriyası” VII Beynəlxalq Elm Olimpiadası, “Cəsur kadet” yarışları, “Qızıl şah” Milli Kulinariya Çempionatı, Robot olimpiadası, “Oxu, qazan!” müsabiqəsi, “Şən Gənc” TV layihəsi, “Mən Cazmenəm” Bakı Caz Festivalı, “İdeya var!” gənclərin Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsi, “Debat forumları” və müxtəlif intellektual oyunlar həyata keçirilib. Ümumilikdə, 2024-cü ildə 23 844 gəncin iştirakını təmin edən 182 yarış və müsabiqə təşkil olunub.
Gənclər Paytaxtı 2024
Lənkəran şəhəri 2024-cü ildə Azərbaycanın “Gənclər Paytaxtı” olaraq, gənclərin inkişafını və sosial fəallığını dəstəkləyən, müxtəlif sahələri əhatə edən 41 tədbirə ev sahibliyi edib. Bu tədbirlər 15 000-dən çox gənci əhatə edib, onların yaradıcılıq, intellektual və fiziki potensiallarının inkişafına mühüm töhfələr verib.
Ekoloji maarifləndirmə və COP29
Əsas məqsədi gəncləri iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsində təşəbbüslərə cəlb etmək olan “Gənc İqlim Elçiləri” proqramı və “İqlim Həftələri” çərçivəsində 45 000 gənci əhatə edərək 625 tədbir təşkil olunub. Ekoloji maarifləndirmə sahəsində həyata keçirilən təmizlik və ağacəkmə aksiyaları nəticəsində isə ümumilikdə 5 592 ağac əkilib.
Noyabrın 11-22-də Bakıda keçirilmiş BMT-nin COP29 Konfransı çərçivəsində Yaşıl zonada fəaliyyət göstərən “Gənclər Evi” pavilyonunda davamlılıq və iqlim liderliyi mövzularında seminarlar, vörkşoplar və panel müzakirələri olmaqla ümumilikdə 27 tədbir təşkil olunub. Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunu vurğulamaq məqsədilə təşkil edilən pavilyonu 7000 nəfər ziyarət edib.
Beynəlxalq tədbirlər
Gənclərin liderlik və əməkdaşlıq sahəsində inkişafını dəstəkləmək, həmçinin ölkəmizin beynəlxalq arenada tanıdılmasına töhfə vermək məqsədilə, 2024-cü ildə “Bakı qərar verir" Gənclərin I İqlim Danışıqları, "By Youth For Youth" Beynəlxalq Forumu, “Şuşa-İƏT-in Gənclər Paytaxtı” və “Lənkəran - Türk Dünyasının Gənclər Paytaxtı” proqramları çərçivəsində həyata keçirilən 24 beynəlxalq tədbirdə 57 ölkədən 650 iştirakçı, yerli və xarici nümayəndələr, gənclər və könüllülər iştirak edib.
Beynəlxalq tədbirlərdə iştirak
Gənclərin beynəlxalq təcrübə qazanmalarına, liderlik bacarıqlarını inkişaf etdirmələrinə və müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq qurmağına imkan yaradan beynəlxalq tədbirlərdə iştirakına dəstək məqsədilə, 20 ölkədə keçirilmiş 30 beynəlxalq tədbirə 301 gənc ezam olunub.
Regional tədbirlər
Ölkənin müxtəlif bölgələrində gənclərin sosial inteqrasiyasını və inkişafını dəstəkləmək məqsədilə, "Gənclər Evi" sosial xidmət müəssisələri 4 773 tədbir təşkil edərək 132 639 gənci əhatə edib. Regional Gənclər və İdman İdarələri isə 2 708 tədbir keçirərək 181 942 gəncin fəal iştirakını təmin edib.
Gənclər təşkilatları üçün qrant dəstəyi
Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə, gənclərin cəmiyyətin inkişafına töhfə vermələrini və öz bacarıqlarını daha da inkişaf etdirmələrini təşviq edən 9 mövzu və 31 istiqamət üzrə 74 layihənin reallaşması üçün qrant dəstəyi verilib.