Dekabrın 24 də Jusup Balasaqın adına Qırğızıstan Milli Universitinində yaradılmış Türk mədəniyyəti və irsi mərkəzinin və Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyat və mədəniyyətinin görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, mətnşünas, dilçi, şair, publisist Salman Mümtazın 140 ikkiyinə həsr olunmuş “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabının təqdimatı keçirilmişdir.
Tədbiri Türk mədəniyyəti və irsi mərkəzinin direktoru, keçmiş səfir, hüquq elmləri doktoru, professor Kayrat Osmonaliyev açaraq iştirakçıları salamladı.
Təqdimat mərasimində Türk mədəniyyəti və irsi mərkəzinin direktoru, keçmiş səfir, hüquq elmləri doktoru, professor Kayrat Osmonaliyev açılış nitqindən sonra kitabın slaydını təqdim etdi. Daha sonra Universitetin, türkologiya və tərcüməşünaslıq mərkəzinin müdüri Elebesova Burul, türkologiya və tərcüməşünaslıq mərkəzinin baş müəllimi Farizat Kuramoyeva, türkologiya və tərcüməşünaslıq mərkəzinin birinci kurs tələbələri Mirzat Suusarbekova Ayana Sokuçiyeva “Salman Mümtazın irsinə Bişkekdən baxış” mövzusunda çıxış etdilər.
Azərbaycan diasporunun rəhbəri Xansıvar Baxşaliyevin çıxışında “belə parlaq şəxsiyyətlərin türk dünyasında tanıdılmasına diasporlar öz töhfəsini verməlidir” fikri alqışlarla qarşılandı.
Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun oğlu Qırğızıstanın keçmiş Xarici işlər naziri Askar Aytmatov Salman Mümtazın taleyinin onun babası Toroqul Aytmatovun taleyi ilə oxşarlığından danışdı.
Qeyd edək ki AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi müəssisənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabının təqdimat mərasimi AMEA Fizuli adına əlyazmalar institutunda keçirilən tədbirlə parallel keçirilib.
Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan dilində nəşr olunmuş bu kitab böyük türk oğlu, Azərbaycan ədəbiyyat və mədəniyyətinin görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, mətnşünas, dilçi, şair, publisist Salman Mümtazın (1884-1941) yaradıcılığına həsr olunub. Kitabın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Paşa Kərimov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızı və şərqşünas, böyük elmi işçi Hacı Mustafa Mailoğludur.
Kitabda müəllifin Salman Mümtazın elmi, ədəbi, əlyazma irsi ilə əlaqədar apardığı tədqiqatların nəticəsində aşkar etdiyi dəyərli faktlardan, xüsusilə repressiya illərində itmiş və nəhayət, arxivlərdən tapdığı və tədqiqata cəlb etdiyi “100 şair” təzkirəsindən və bu günədək məlum olmayan, dil tarixi baxımından dəyərli “Ədəbi lüğət”indən bəhs olunur. Həmin əsərlərdən bir hissə transfoneliterasiya edilərək ixtisarla ilk dəfə oxuculara təqdim edilir.
Türk dünyasına misilsiz xidmətləri ilə seçilən fədakar bir şəxsiyyətin - repressiya qurbanı olmuş Salman Mümtazın yaradıcılığına həsr olunan bu kitabın qardaş Qırğızıstanda “Uluu Toolor” nəşriyyatında nəşri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti, Azərbaycan həqiqətlərinin, ədəbiyyat və mədəniyyətinin yorulmaz təbliğatçısı Nüsrət Məmmədovun öz xalqına daha bir gözəl töhfəsi kimi dəyərləndirilməlidir. Qeyd edək ki, təqdimat zamanı kitabın qırğız və türk dillərinə tərcüməsi qərara alındı.