hemle

30 MAY MİRZƏ ƏLƏKBƏR SABİRİN DOĞULDUĞU GÜNDÜR 30 may Mirzə Ələkbər Sabirin doğulduğu gündür

Tarix:30-05-2020, 11:06
Baxış Sayı:651

Unutmayaq, unutdurmayaq!

30 may ( 1862-1911) ədəbiyyatımızın tarixinə qızıl hərflərlə həkk edilmiş böyük simalardan olan dahi satirik şair Mirzə Ələkbər Sabirin ( tam adı Ələkbər Zeynalabdin oğlu Tahirzadə ) doğulduğu gündür.

Sabir, 1862- ci il 30 mayda Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.

Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Sabirə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı. Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şerlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Sabiri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir.

Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şer dəftərini də cırıbmış. Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şer yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şer dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.

Doğrudan da, Sabir atasının məzəmmətindən xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.

1902-ci ildə baş vermiş dəhşətli zəlzələ şəhəri tar-mar etmişdi. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi. Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, həyat yoldaşını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü, zarafatçıl, səmimi idi.

XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901- ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər. XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903- cü ildə “Şərqi-Rus” qəzetində onun şeri çap olunur. Bir qədər sonra isə o,”Həyat” qəzetində şer çap etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu. Bu zamandan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu.

Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şerlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər. 1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şer yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir.

O, Bakıya gəlib bir müddət “İrşad” qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmə üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir. 1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur.

Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim sifətilə dərs deyir. Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər. Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı “Ümid” məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu.Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə “Zənbur” jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı.

Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edir. Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatır.

“Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şer yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.

İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır. Axır günlərindən birində şair deyir: İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl, Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm! “Molla Nəsrəddin” jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: “…Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”. 1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, ilk dəfə 1912-ci ildə həyat yoldaşı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri “Hophopnamə” adı ilə çap olundu.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı