Bu gün Rusiya Ukraynaya 120 raket və 90 dron buraxıb.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"da açıqlayıb.
“Ukraynanın bütün bölgələrinə kombinasiya edilmiş kütləvi zərbə endirilib. Bu gecə və səhər saatlarında Rusiya terrorçuları müxtəlif tipli, xüsusən də “Şahid” tipli dronlardan istifadə ediblər. Qanadlı, ballistik və aeroballistik raketlər: sirkonlar, “İskəndər”lər, “Kinjal”lar. Ümumilikdə, təxminən 120 raket və 90 dron”, – dövlət başçısı söyləyib.
Zelenski Mıkolaevdə dron hücumu nəticəsində 2 nəfərin öldüyünü, 6 nəfərin, o cümlədən 2 uşağın yaralandığını açıqlayıb.
O, əsas hədəfin Ukraynanın enerji infrastrukturu olduğunu diqqətə çatdırıb.
Ukrayna lideri hava hücumundan müdafiə qüvvələrinin 140-dan çox hava hədəfini məhv etdiyini vurğulayıb. Zelenski hava hücumunun dəf edilməsi zamanı Qərbin ötürdüyü F-16 qırıcılarının da iş başında olduğunu bildirib.