Masallı rayonunda “Azərişıq” əməkdaşlarının güllələnməsi şəxsi zəmində baş verən münaqişə nəticəsində olub”
ONN media xəbər verir ki, bu fikri açıqlamasında “Azərişıq” ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev deyib. O, bildirib ki, bəziləri yanlış fikirlər söyləyirlər:
“Bəziləri deyirlər ki, onlar kiminsə işığını kəsiblər və mübahisə düşüb və s. Əslində isə bayram günlərində bu kimi işlər görülmür. Orada da kimsənin elektrik xətti kəsilməyib. Sadəcə olaraq aralarında şəxsi zəmində münaqişə olub və bu cür hadisə baş verib. Həmin şəxslər doğrudan da bizim əməkdaşlardı. Ancaq hadisə zamanı onlar vəzifələri ilə bağlı hər hansı bir işi icra etməyiblər. Sadəcə ola bilər ki, hansısa sayğaca ümumi baxış keçiriblər. Bu, elektrikin kəsilməsi demək deyil. Hazırda iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”,-deyə Tanrıverdi Mustafayev bildirib.
Qeyd edək ki, ötən gün Masallı rayonunun Yeddioymaq kəndində “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.
Yayılan xəbərdə bildirilir ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə “Azərişığ”ın əməkdaşlarına atəş açılıb.
Qeyd edilir ki, nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.(Musavat.com)
ONN İnformasiya Agentliyi