Zaman öz məcrasına necə sığırsa, insan da onu əhatə edən boşluqlara elə sığır. Zənnimizcə, istedadlı qələm sahibi Məhərrəm Şəmkirlinin 2024-cü ildə “Füyuzat” mətbəəsi tərəfindən buraxılmış kitabında da əsas ədəbi zəmin bu nüansdır.
Kitabda (annotasiyadan da göründüyü kimi) müəllifin son illərdə yazdığı hekayələr, mənsur şeirlər, deyimlər və məqalələr toplanıb, burada bugünkü günümüz incə yumorla təsvir edilib, əsas etibarilə, bu kitabda səmimiyyət başlıca səbəb kimi daha qabarıqdır. Məsələn, müəllifin “Bir bazar günü”, “Mən də böyümək istəyirəm”, “Mənim səhvim”, “Sən qarışma”, “Təmiz sahə”, “Olumla ölüm səddində” və s. hekayələrində biz səmimyyət hissinin nə qədər ön planda olduğunu görür, əmin oluruq ki, bu proses kitabın – orada toplanmış əsərlərin oxucular tərəfindən rəğbətlə qarşılanacağına əsaslı zəmin yaradır.
Məhərrəm Şəmkirlinin kitabda yer almış məqalələrində də əsas süjet xətti səmimiyyətdən qaynaq götürmüş müasir həyat tərzləridir. Oxucu bu məqalələrdə özü üçün lazım olanı dərhal götürür, əxz edir və nəticə çıxarır.
Müəllifin mənsur şeirləri də elə bu prosesin bir davamı kimi təsir bağışlayır – yəni bu ədəbi hislərdə də əsas göstərici səmimiyyətdir.
Kitabdakı deyimlər də son dərəcə səmimi deyilib, oradakı eyhamı da bizə məhz səmimi hislər diqtə edir.
Əgər Məhərrəm Şəmkirli kitabına “Olumla ölüm səddində” adı verməsəydi və bu imkanı bizə buraxsaydı, biz kitaba “Səmimiyyət aynası” adı verərdik.
Bütün hallarda Məhərrəm müəllimin yeni kitabı bizə əlavə bir eyhamla da diqtə olunur: müəllif sanki etibarsız həyata güvənini itirib, olumla ölüm səddində Allaha yaxınlaşmaq üçün dualarını artırıb; bu dualar da onun dilindən çox səmimi səslənir. Bəlli ki, onun yeni kitabına bədbinlik ifadəsi olan bir ad seçməsi də elə bu zərurətdən irəli gəlir.
Biz Məhərrəm Şəmkirlini daim xoş ovqatda, səmimi surətdə görmüşük, əminik ki, onun həyatla mübarizəsi də çox səmimidir.
Maraqlı haldır ki, “Olumla ölüm səddində” kitabında gizli bir narahatlıq hissi də var. Biz bunun haradan qaynaqlandığını dəqq deyə bilmərik, bildiyimiz odur ki, Məhərrəm müəllim qələminin isti sığalında mürgü döyən hadisə və prosesləri yuxudan oyadıb, onlara çəki-düzən verib və ehtiyatla oxucunun qarşısına çıxarıb.
Kitabda dərin ictimai hislər doğuran bu nəsnəlik oxucuda əlavə diqqət artırır, onu hadisləri çox dəqiq izləməyə vadar edir. Belə deyək, oxucuya gün kimi aydın olur ki, olumla ölüm səddində ümid işığı tapmaq insanın əlavə bir ömür yaşaması deməkdir...
Məhərrəm Şəmkirlini yeni kitabı münasibətilə təbrik edir, ona can sağlığı, yeni ədəbi müvəffəqqiyyətlər arzulayırıq.
Hüseyn İsaoğlu (Məmmədov)
AYB və AJB-nin üzvü, yazıçı-publisist