hemle

ACI XATİRƏLƏRLƏ Rusiyaya aparan yol...

Tarix:28-09-2024, 14:11
Baxış Sayı:522












Şəmkir aerodromunun tərksilah olunması rus zabitlərinin yaddaşında necə qalıb?

(Bir video-süjet əsasında gəldiyim qənaətlər)

Bəllidir ki, xaos dövründə Azərbaycan dövlətinə qarşı kəskin amansızlıqlar törədildi. Azərbaycanın vətənpərvər oğulları da bu acı təəssüratları içlərinə çəkə-çəkə erməni yaraqlılarına havadarlıq edənlərə qarşı amansız olmalı idi... Baxdığım bir video-süjet də demək olar ki, həmin illərə təsadüf edir. Süjetdə rus zabitlər azərbaycanlıları qınayır, hətta aşağılamaqdan belə çəkinmirlər. Hansı əsasla? Hansı səbəbə? Bax, bu, hazırda da günün acı reallığı kimi diqqət çəkir.
Mən, mətləb hər kəsə aydın olsun deyə, süjetdə gördüklərimi və eşitdikərimi olduğu kimi təqdim edirəm. Oxuyun, münasibət bildirin, görün 1992-ci illərdə ordumuzun etdikləri zərurətdir, yoxsa, qəbahət...
Süjetdə 1992-ci ilin yayında Sovetlər Birliyinin hərbi hava qüvvələrinə məxsus 882-ci aviasiya alayında xidmət emiş rusiyalı zabitlərin Azərbaycandan çıxarılması ilə bağlı xatirələri yer alıb.
Onların dediklərindən:
Aleksey Xolodeynin:
- Şəmkir hərbi aerodromunda bir yerdə işlədiyim keçmiş zabitlərdən biri - 882-ci hərbi aviasiya alayının komandiri polkovnik Yuri Timenkoya müraciət edərək ondan 1992-ci ildə Şəmkir aerodromunda baş vermiş hadisələri söyləməsini xahiş etdim. Ondan belə bir cavab aldım:
- Seryoja, Şəmkir hadisələrini mühakimə etmək çox çətindir...
Şəmkir aerodromundan azərbaycanlılar tərəfindən tərksilah olunmuş 882-ci hərbi aviasiya alayının digər əməkdaşları Şəmkir hadisələrini tamam başqa cür izah etdilər:
- Bizim Şəmkir rayonunda tərksilah olunmağımız bir xəyanət və xaos idi. Bu xaosa səbəb olan bizim yuxarı komandanlığın satqınlığı, axmaqlığı və kütbeyinli olmaları idi. Yaxşı ki, o hadisələrdə ölüm halları olmadı. Ancaq ola da bilərdi. Təbii ki, məqsədimiz bu hadisələrdə kimin günahkar olub-olmadığını araşdırmaq deyil, sadəcə, istəyirik ki, bu hadisələr tarixdə qalsın, gələcək nəslin də bundan xəbəri olsun və bizi qınamasınlar. Bizim generalların alçaqlığını, axmaqlığını bilsinlər.
“Evakuasiya”, Moskva hərbi dairəsinin
“Qızıl əsgər” qəzeti, 15 avqust 1992-ci il.
882-ci hərbi aviasiya alayının komandiri pokovnik-leytenant Yuri Stalbinskinin şəxsi heyətlə iş üzrə köməkçisi mayor Qorbaçovun söylədikləri:
- Bizim alay Şəmkirdə tərksilah olunduqdan sonra Moskva hərbi dairəsinin ərazisinə köçürüldük. Bu, heç də xoşagələn hal deyildi. Üstəlik, bizim yuxarı komandanlıq Azərbaycan ərazisindəki üç hərbi aviasiya alayının çıxarılmasını planlaşdırmışdı. Onlar Sitalçayda, Kürdəmirdə və Şəmkirdə dislokasiya olunmuş hərbi hava qüvvələrinə məxsus alay idi. Biz Sitalçaydan hərbi hava qüvvələrimizi, silah və sursatlarımızı, texnikalarımızı, ailə üzvlərimizi və şəxsi əşyalarımızı hava yolu ilə göndərməyə müvəffəq olduq. Kürdəmirdən də alaylarımız heç bir maneə görmədən, çox asanlıqla çıxdılar. Kürdəmirdən çıxarkən bir ədəd təyyarəmizi orada qoymaq məcburiyyətində qaldıq. Çünki bu təyyarə çox yararsız və bərbad halda idi. Biz Kürdəmirdən çıxar-çıxmaz hərbi qüvvələrimizin aerodromu, oradakı obyektlərimiz yerli sakinlər tərəfindən talan və darmadağın edildi. Qarşılaşdığımız ən dramatik hadisələr Şəmkirdə baş verdi. Burada Rusiya hərbi hava qüvvələrinə məxsus alayın Rusiya ərazisinə köçürülməsi çətin oldu. Çünki Azərbaycan Ordusunun Şəmkirdə yerləşən 861 saylı alayının 800-ə yaxın döyüşçüsü köçürülmə prosesinə əməlli-başlı aktiv maneələr törədirdi. Bizim üçün çox çətin idi; çünki biz Şəmkir aerodromundan hələ heç nə köçürə bilməmişdik. Aerodromda 5 ədəd MİQ-25, 11 ədəd Su-24 qırıcı təyyarə, 1 ədəd Miq-8 döyüş vertolyotu, 1500 ədəd AKM avtomatları, 22 ədəd snayper tüfəngi, 850 ədəd Makarov tipli tapança, həmçinin, ailə üzvlərimiz, şəxsi əşyalarımızla dolu təyyarələr vardı. Azərbaycan Ordusunun Şəmkirdə yerləşən 861 saylı alayının komandiri polkovnik-leytenant Cahangir Rüstəmov tabeçiliyində olan 800 döyüşçü ilə bizi və aerodromu mühasirəyə aldı. Bizə kömək üçün isə Gəncədən xüsusi desant qüvvələr göndərildi. Lakin onlar sürətlə cərəyan edən hadisələr səbəbindən bizə heç cür kömək edə bilmədilər. Çünki azərbaycanlılar aerodromu tərksilah etməkdə çox qərarlı idilər. Bir az keçmiş Azərbaycan döyüşçüləri aerodromun ərazisinə 300-dən çox daş-kəsəklə dolu maşın yeritdilər. Bununla da bizim aerodromdan çıxış üçün bütün yollarımız bağlanıldı. Bu, bizim başımıza gələcək acı hadisələrin hələ başlanğıcı idi. Şəxsi əşyalarımız, ailə üzvlərimiz və silah-sursatla dolu təyyarələrimiz 861 saylı alayının komandiri polkovnik-leytenant Cahangir Rüstəmovun müavini Dilqəm Əliyevin başçılıq etdiyi dəstə tərəfindən girov götürülmüşdü...










Polkovnik Yuri Satlbinskinin dediklərindən:
- Bizim aerodrom ətrafında dramatik hadisələr 31 mayda başladı. Həmin vaxt aerodroma Sovetlər Birliyinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiəsi qoşunlarının komandanının müavini general-polkovnik İvanov da gəlmişdi. O, bizim Şəmkirdən Rusiya ərazisinə təhlükəsiz köçürülməyimizi təmin etməli idi. Həmin gün biz çox gizli şəkildə silah-sursatları təyyarələrə yükləməyə başladıq. Həmin an hər şeyi çox ehtiyatla edirdik. Buna baxmayaraq, təyyarələrin gizli yüklənməsi barədə xəbəri kimlərsə 861 saylı alayın komandanlığına çatdırmışdılar. Təxminən 1 saat ərzində aerodrom 861 saylı alayın döyüşçüləri tərəfindən mühasirəyə alındı. Bunu belə tezliklə etmək onlar üçün çox da çətin deyildi, çünki onlara məxsus alayın qərargahı bizim aerodromun çox yaxınlığında yerləşirdi. Biz onların qarşısını heç cür ala bilmirdik. Çünki bizim aerodromda çoxdan idi ki, bizi qoruyacaq sayda əsgər yox idi. Əsgərlərlə birlikdə alayın zabitləri, xüsusən də Cahangir Rüstəmov da gəlmişdi. Onun İvanovla mübahisəsi elə bir sərt həddə çatmışdı ki, ani bir təsirdən atışma baş verə bilərdi. Bizim təyyarələrin uçuş zolağında Azərbaycan hərbçiləri öz təyyarələrini yerləşdirmişdilər. Onlar bizə xəbərdarlıq etdilər ki, əgər uçuşa cəhd etsəz, sərrast atəşlə hədəfləri məhv edəcəyik. Hadisələrin nə üçün bu qədər ciddi şəkildə cərəyan etməsi səbəblərini biz sonra bildik. Məlum oldu ki, guya biz Şəmkir aerodromundan çıxardığımız silah-sursatı erməni yaraqlılarına verəcəyik. Bu mənada biz onların amansızlığını və qətiyyətini yaxşı başa düşürdük. Biz aerodromdakı hadisələr barədə yuxarı komandanlığa məlumat verdik. Lakin onlar bu məlumatı ciddi hesab etmədilər. Əksinə, bizi qorxaq adlandırdılar. Biz də məcburən öz qorxumuz və riskimiz üzərində hərəkət etdik. Biz Azərbaycan döyüşçülərinə bizimlə birlikdə təyyarələrdəki silahların anbarlara yığılmasını, birlikdə qapıları möhürləməyi təklif etdik. Razılaşdıq ki, anbarları bizim öz əsgərlərimiz qoruyacaq, azərbaycanlılar isə bir qədər ətrafda qarovul çəkəcəklər. Onlar bizim hər addımımızı izləməyə başladılar. Biz tam əmin idik ki, aerodromdakı təyyarələri Rusiyaya aparmaqda çətinlik çəkəcəyik. Sonra yuxarı komandanlıqdan əmr gəldi ki, uçuş-təlim adı altında təyyarələri Rusiya ərazisinə qaçırtmalıyıq. Beləcə, mən tabeçiliymdə olanlara təyyarələri uçuş-təlim adı ilə qaçırtmaq əmri verdim. Həmin gün aerodromda sakitlik yaranmışdı. Bizim uçuş-təlim planımızdan xəbər tutan azərbaycanlılar Rüstəmovu xəbərdar etmişdilər. O da dərhal aerodroma gəldi, burada dramatik anlar başladı. Rüstəmov bizi bir daha xəbərdar etdi ki, hər hansı bir təyyarə havaya qalxmağa cəhd etsə Zenit atəş qurğuları vasitəsilə məhv ediləcək.
Mayor Qorbaçov:
- Yuxarı komandanlıq bizi aerodromdam çıxarmaq üçün xüsusi desant qüvvələr göndərəcəklərinə dair söz vermişdilər. Təyyarələr gəldi, ancaq onların içində köməkçi desant qüvvələr yox idi. Vəziyyət daha da ağırlaşdı. Həmin gün Azərbaycanın Müdafiə naziri Qazıyev 861 saylı alayın komandiri polkovnik-leytenant Cahangir Rüstəmovla birlikdə aerodroma gəldi. Aerodrom hər tərəfdən mühasirəyə alınmışdı. Bir neçə gün idi ki, ailələrimiz təyyarələrdə ac və susuz girov saxlanılırdı. Ailələrimizin getməsinə icazə verildi, lakin azərbaycanlılar şəxsi əşyalarımızı yoxlamağa başladılar. Əşyalarımızın içində olan radioelektron qurğuları, eləcə də hərbiyə aid olan nə vardısa, müsadirə edirdilər. Acınacaqlısı isə o idi ki, biz onların bu özbaşınalıqlarına heç cür müdaxilə edə bilmirdik.
Yuri Stalbinski:
- 20 iyunda aerodromun ərazisində vəziyyət son həddə çatmışdı. Zabitlərimiz açıq-aydın narazılıq edir, deyirdilər ki, biz burada kimin üçün xidmət edirik? Mən onlardan heç nəyi gizlətmirdim. Bəlkə də elə buna görə onlar az da olsa mənə inanırdılar. Nizam-intizamlarını qoruyub saxlayırdılar. Mən demək olar ki, hər gün yuxarı komandanlığa zəng vurur, aqibətimizin necə olacağını soruşurdum. Oradan isə bircə cavab verilirdi: Gözləyin! Axır ki, bir gün gözlədiyimiz cavab gəldi. Təyyarələr və hərbi texnikalar aerodromda qalsın, özünüz isə ailəniz və şəxsi əşyalarınızla birlikdə desant qüvvələrin müşayiəti altında Gəncə hava limanına yollanın. Tezdən Gəncə istiqamətinə yola düşdük. Yarı yolda geri qayıtmalı olduq, çünki azərbaycanlı döyüşçülər əmr edirdilər ki, geri qayıdıb silahları təhvil verməliyik. Biz məcburən aerodromdakı bütün texnika, təyyarə və silahları azərbaycanlılara təhvil verdik. Bundan sonra qarşımızda yalnız bir yol qalırdı: Bizi öz acı xatirələrimizlə Rusiyaya aparan yol...
Əziz oxucu, bu deyilənlər baxdığım video-süjetdə əks olunub. Diqqət etdinizsə, rusiyalı zabitlər azərbaycanlıları qınayır, xoşagəlməz sözlərlə təhqir edirlər. Mən hələ haqqımızda deyilənlərin bir çoxunu etika naminə qələmə almadım. Bəllidir ki, 1992-ci illərdə ermənilər azərbaycanlılara qarşı amansız hücumlara, təqiblərə başlamışdılar və həmin an onlara bir çox xain qüvvələr köməklil edirdilər. Azərbaycanlı döyüşçülərin Şəmkir aerodromunda xidmət edən rusiyalı zabitlərə qarşı ehtiyatlı hərəkəti nədənsə, onlar tərəfində özbaşınalıq adlandırılır. Kim qarant verə bilərdi ki, həmin an əgər onlar aerodromdakı təyyarə və silah-sursatları salamat çıxarıb erməniyə verməyəckdilər?! Lap belə olmasaydı belə, biz həmin illər öz təhlükəsizliyimiz naminə bütün ehtiyatlı hərəkətlərə əl atmalı idik.
Tarix nələrə şahiddir, yaxşı bilir. Azərbaycan xalqı bütün xalqlara nümunədir. Biz döyüşəndə də, savaşanda da çox mədəniyik...
Elə bu yazını yazmaqda da məqsədim bir azərbaycanlı olaraq süjetdə deyilənlərə mədəni cavab verməkdir.
Allah xalqımızı və dövlətimizi qorusun...














Hüseyn İsaoğlu (Məmmədov),
AYB və AJB-nin üzvü, yazıçı-publisit

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ