Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş hissəsi delimitasiya edildikdən sonra ermənilərdə “yeni müharibə” qorxuları yaranıb, xüsusilə müxalif media bu qorxuları körükləyən iddialar irəli sürür.
“Hraparak” nəşrinin iddiaları da bu yöndədir.
Nəşr iddia edir ki, 4 kəndin qaytarılmasından sonra Azərbaycan ordusunun sərhəddə hərəkətliliyi intensivləşib.
“Tavuş kəndlərindən Azərbaycan ordusunun hərəkəti aydın görünür. Açarkurt istiqamətində iki gündür Azərbaycan hərbçiləri istehkam işləri həyata keçirir”, - nəşr yazır.
Açarkurt Ağsaqallar Şurasının üzvü Karen Qazaryan nəşrə bildirib ki, 15-20 azərbaycanlı hərbçi sərhədin yaxınlığında, Kirantın keçmiş dükanlarının yerində, çayın sahilində, gölə bitişik ərazilərdə intensiv iş aparır.
“Bu işlərə görə kənddə əhval-ruhiyyə gərgindir. İnsanlar düşünür ki, müharibə olarsa, hökumət heç nə edə bilməyəcək. Düşünürük ki, müharibəyə hazırlaşırlar, lakin burada yox. Bu ərazilərdə azərbaycanlılar möhkəmlənir”, - Qazaryan deyib.
Azərbaycanın müharibəyə hazırlaşdığını iddia edən “Hraparak” bununla Paşinyan hakimiyyətinin sülh danışıqları ilə bağlı çıxışlarını çürütməyə, erməni ictimai rəyini düşmənçiliyə körükləməyə çalışır. Qazaxın azad edilən 4 kəndində istehkam işlərinin aparılması təbii haldır, çünki sərhəd yenidən müəyyənləşib və ordumuz yeni mövqelər yaradır.