Mədəniyyət Nazirliyi ətrafında baş verən korrupsiya əməliyyatları sonucu nazirliyin vacib simaları həbs edildi. İstefa mədəniyyəti nümayiş etdirməyən nazir Əbülfəs Qarayev Prezident sərəncamı ilə işdən azad olundu. Nazirin Prezident sərəncamı ilə uzaqlaşdırılması bir daha təsdiqlədi ki, illərdir kürsülərə oturan, burada gənclik, cavanlıq, ahıllıq, yaşlılıq dövrlərini keçirən məmurlar özlərini doğrudan da vaz keçilməz, olmaramsa olmazlardan bilir. Bu da faktdır ki, olmurlar, amma olur. Yəni Azərbaycan onlarsız da olur.
Yoluna milləti, Prezidenti, onu sevən dövlətçi, millətçi övladları ilə həm də sinə dolusu nəfəs almaqla davam edir. Ağır terapiyadan sonra ilk addımlarını atan adam görmüsünüz? Bax, biz dövlət olaraq indi həmin adamı xatırladırıq. Yox olmaqdan qurtulan Azərbaycan adlı adamıq indi. Ümidvar olar, dövlətli, millətli bir-birimizdən bərk yapışaq ki, sağalaq, yarımcan olmaqdan da qurtulaq. Torpağa daha sağlam ayaq basa bilək…
Qayıdaq Mədəniyyət Nazirliyinin məsələsinə. Daha doğrusu, etibarlı mənbədən əldə edilən bəzi ilkin məlumatlara.
Həbs edilən nazir müavini Rafiq Bayramovun kurasiyasında, Bakı Şəhər baş Mədəniyyət İdarəsi və on altı regional mədəniyyət idarəsi olub. Mədəniyyət idarələrinin tabeçiliyində onlarla kitabxana, muzey, musiqi məktəbi, şəhər və kənd klubları, mədəniyyət evləri var. Bu təşkilatlara üzərindən pul necə qazanılıb? Ölü canlar, dərs-iş saatlarının çoxalması ilkin üzə çıxarılan “qazanc” yollarıdır. Deməli, artıq yazılan iş saatlarına görə ödənilən pullar mərkəzə Rafiq Babayevə göndərilib. O isə vəsaiti nazirə ötürüb.
Mədəniyyət Nazirliyində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov kurasiyasında dövlət xidmətinin tabeliyində on dörd qoruq olub.
Qobustan Milli Tarixi-Bədii Qoruğu;
Nardaran Tarix-Mədəniyyət Qoruğu;
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu;
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu;
“Orta əsir Ağsu Şəhəri Tarixi” Dövlət Tarix-Memarlıq Qoruğu;
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu;
İlisu Dövlət Tarixi-Memarlıq Qoruğu;
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu;
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu;
Quba şəhərində “Soyqırım Memorial Kompleksi”;
“”Çıraqqala-Şabran” Dövlət Tarix-Memarlıq Qoruğu;
“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Memarlıq Qoruğu;
“Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu(işğal ərasizindədir);
Zaqatala Tarix-Mədəniyyət Qoruğu;
Qoruqlardan yalnız altısı mühafizə olunub. Nardaran, Keşikçidağ, Qəbələ, İlisu, Zaqatala, Qədim Şəmkir, Orta əsir Ağsu, tarix-memarlıq qoruqları, ümumiyyətlə, heç bir formada mühafizə olunmayıb. Ancaq onların mühafizəsi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılıb.
Xırda bir məqam. ”Çıraqqala-Şabran” Dövlət Tarix-Memarlıq Qoruğunda işçi sayı ştat üzrə 42 nəfərdir. Real olaraq cəmi yeddi əməkdaş işləyir. Yaxud “Orta əsir Ağsu Şəhəri Tarixi” Dövlət Tarix-Memarlıq Qoruğunda ştatda 22 nəfər olub, faktiki bir əməkdaş işləyib. Belə faktlar onlarla yox, yüzlərlədir.
Qeyd edək ki, 2012-2019-cu illərdə əsaslı təmir-tikinti və yenidənqurma işləri adı altında podratçı təşkilatlarla çoxlu sayda müqavilələr bağlanıb. Büdcədən külli miqdarda vəsait həmin təşkilatların hesabına köçürülüb, ancaq kosmetik təmir işləri aparılıb. Qalan vəsait nağdlaşdırılmış formada geri, xidmət rəisinə qaytarıldıqdan sonra, nazirə ötürülüb. İlkin hesablamalara görə Mədəniyyət Nazirliyində 200 milyon manata qədər maliyyə yeyintisinə yol verilib…
Hələ müxtəlif şəxslərə, o cümlədən “sənətçilərə” pul qarşılığında dövlət adından mənzil “bağışlanıb”, fəxri adlar verilib. Zövqlü biri olması istisna edilməyən sabiq nazir Əbülfəs Qarayevin əfsanəvi qayaaltı villasının, o cümlədən xarici ölkələrdəki biznes qurumlarının dəyəri də hələlik hesaba alınmayıb. Ancaq bu, o deyil ki, hesaba alınmayacaq və ya fəxri adlar, mənzil məsələləri araşdırılmayacaq.
…On dörd illik mədəniyyət naziri postunacan Əbülfəs Qarayev ölkənin Gənclər, İdman və Turizm naziri də olub. Onun nazir yaşı ikinci dönəm iyirmi yeddi yaşlı demokratik cümhuriyyətdən cəmi bircə yaş kiçikdir. Yəni adam iyirmi altı ilin naziridir. Son bir neçə ildəki iki yüz milyonluq yeyintini məsələn iyirmi ilə vursaq, alınacaq rəqəm adamın gözünü qaraldır…
…Və ayrıca, Əbülfəs Qarayev getməyinə, zorla da olsa, getdi. İyirmi altı illik məmur, nazir, dövlət qulluqçusu karyerasını biabırçı şəkildə bitirdi. Tarixə korrupsioner nazir kimi düşdü. Məsələ bununla bitdimi? Bitmədi! O, Azərbaycan Mədəniyyəti, incəsənəti üçün böyük bir soyada, Qarayevlər soyadına ləkə vurdu. Sirr deyil, böyük Qara Qarayevin qardaşı nəvəsidir Əbülfəs Qarayev. Bəlkə də Azərbaycanın mədəniyyət nazir olaraq bu strateji sahənin yükünü, məsuliyyətini onun qədər kimsə anlamırdı. Yəni o etdiyi maxinasiyaları, yol verdiyi yeyintiləri, Azərbaycan mədəniyyətini ağlar günə qoymağı bilərəkdən, şüurlu şəkildə edib. Təkcə bu fakt əsas verir deyək, adamın maliyyə cinayəti, mənəvi cinayətinin altında qalır. Ancaq xəyənət etdikləri bu vətən, onları yenə də bağışlayır. Bəlkə Qarayev soyadına, bəlkə dahi Qarayevin ruhuna, bilmirəm, amma bağışlayır. Hələ o dünyaya köçəndə qoynuna da alacaq Əbülfəs müəllimi VƏTƏN torpağı, balam deyib. Bəs belə VƏTƏNƏ necə xəyanət edirsiniz, ay insafınız kəsilsin?!.