Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad şəhərində müəllim ailəsində anadan olub. 1996-cı ildə Cəlilabad şəhər 8 saylı məktəbi bitirib hərbi xidmətə yollanıb. Rəfail ömrünün 16 ilini orduda keçirib. PDM (BMP) mütəxəssisi olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Rəfail peşəkarlığına görə bir neçə dəfə hərbi paradlarda iştirak edib, medallarla təltif edilib. Rəfail Əhmədağa oğlu İşiyev hərbi xidməti dövründə xüsusi keyfiyyətlərinə, əməliyyatlarda göstərdiyi şücaətə görə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları ilə təltif edilib.
Rəfail Vətən Müharibəsində Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərdə onun idarə etdiyi BMP vurulub. Yaralanandıqdan 2 gün sonra yenidən döyüşlərə qatılıb. Yaralı döyüş yoldaşının BMP-sini idarə edərək Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. Rəfailin texnikası ikinci dəfə də vurulub və özü də növbəti dəfə yaralanıb. Buna baxmayaraq bir müddət sonra yenidən erməni qəniməti olan 3-cü BMP ilə döyüşlərə qatılıraq düşmənə qan uddurub. Son döyüşü isə Xocavənd istiqamətində olub. Təcrübəli mütəxəssis 3 noyabrda şəhidlik zirvəsinə ucalıb. Şəhid Rafail İşiyev doğulduğu kənd qəbristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rəfail İşiyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", həmçinin “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Redaksiya olaraq nəzərinizə çatdırmaq istəyirik ki, Cəlilabad şəhər Kərim Kərimov küçəsində Rəfail Əhmədağa oğlu İşiyevin mövlud günü münasibəti ilə onun adına olan bulağın acılış mərasimi baş tutmuşdur.
Onu da qeyd etmək istəyirik ki, bulağı Şəhidimizin ailəsi Öz imkanları hesabına düzəldiblər. Atası Əhmədağa İşiyev, Anası Mehriban İşiyev və qardaşı Anar İşiyev. ŞƏHİDİMİZƏ ALLAHDAN RƏHMƏT, YAXINLARINA İSƏ SONSUZ SƏBR VƏ DÖZÜM ARZU EDİRİK!
MirQamət MirƏli oğlu
HəmləMedia.Az İNFORMASİYA XƏBƏR PORTALININ
Cənub Regional Müxbiri