Başkənd əməliyyatı tariximizin yaddaş salnaməsidir
Bilirik ki, erməni şovinizmi tarixi torpaqlarımızda bərqərar olduğu gündən xalqımıza və dövlətimizə qarşı xain məqsədlər güdmüş, dəfələrlə soyqırım siyasəti həyata keçirmiş, ard-arda terror hadisələri törətmişdir. Nəticədə, Azərbaycan xalqı ağır məşəqqətlər yaşamış, qanlı həyat salnamələri yazmışdır...
Elə 1988-ci ildən başlayaraq, hətta Birinci Qarabağ müharibəsi dövründə də ermənilərin və onlara havadarlıq edənlərin qanlı terrorları ilə üz-üzə qalmış, tarixin ən ağır günlərini yaşamışıq...
6 avqust 1992-ci ildə də xalqımız ermənilərin torpaq iddialarının şahidi oldu. Misal üçün deyim ki, həmin tarixdə erməni hərbi birləşmələri Azərbaycanın ən strateji əhəmiyyətli rayonlarından sayılan Gədəbəyin yüksək sivilizasiyaya malik Mutudərə və Qasımağalı kəndlərini ələ keçirmək üçün cəhdlər edirdilər. Onlar axırıncı cəhdləri zamanı adıçəkilən kəndlərə 1000-ə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritdilər. Nəhayət, Mutudərə və Qasımağalı işğal olundu, kənddə evlər yandırıldı, kəndlərin əhalisi vandalizmə məruz qaldı. Ancaq cəsarətli Azərbaycan əsgərləri həmin ərəfələrdə Mutudərənin işğaldan azad olunması üçün avqust ayının 7- də Cahangir Rüstəmov Dilqəm və İlham Əliyev qardaşlarını yanına çağırıb deyir ki, Motudərə və Qasımağalı kəndlərini geri alınmalıdır. Bu əmri eşidən cəsur qardaşlar döyüş planını hazırlayıb dərhal da hücuma keçirlər. Beləliklə 8 avqustda N saylı hərbi hissənin əsgər və zabitlərinin böyük rəşadəti nəticəsində Ermənistanla Başkəndi birləşdirən yolun üstündə yerləşən Mutudərə kəndi işğalçılardan azad edildi. Belə deyim, bu kəndin azad edilməsi Başkəndin işğaldan qurtulması üçün bir başlanğıcı oldu.
Əlbəttə, erməni hərbi birləşmələrinin arxasında həmişə havadar güclər dayanıb, bu, inkaredilməzdir. Deməli, bütün müharibələrdə Azərbaycan əsgəri təkcə erməniyə qarşı yox, onları silah-sursatla, hər cür döyüş avadanlıqları ilə təmin edən ölkələrə qarşı da döyüşüb. Bu mənada, Azərbaycan əsgəri yenilməz və dəyanətlidir!
Azərbaycan həqiqətləri illər əvvəl işğala məruz qalmış ərazilərimizin real təsviridir. Bu həqiqətləri tarixin ən dəqiq və dürüst salnaməsi kimi xarakterizə etmək mümkündür. Çünki bu salnamədə hər bir hadisə obyektiv, tərəfsiz, pafossuz, şişirtmələrdən uzaq dəlillərlə əhatələnib...
Bunu da yaxşı bilirik ki, ermənilərin Gədəbəyi ələ keşirmək cəhdləri dəfələrlə puç olub. Ona görə ki, Gədəbəy öz sinəsini mərd-mərdanə düşmənə sipər edib, onun qəhrəman oğulları ölümdən qorxmadan silaha sarılıb erməniyə qan uddurub. Tarix bu gün də Gədəbəyin və onun qəhrəman oğullarının şücaətinə şahidlik edir...
Şınıxın İcra Başçısı Sənan Quliyev Mutudərədə döyüşənlərində, həm də əməliyyatdan sonra daim hərbçilərin yanında olurdu. Ondan başqa Rayon İcra Hakimiyyətinin məsul işçilərindən Şahin Əliyev birbaşa Mutudərəyə ön xəttə gəldi. Azərbaycan əsgəri də yaxşı anlayırdı ki,insanların bu inamını heç cürə qırmaq olmazdı....
Əlbəttə, Gədəbəyin, onun kəndlərinin erməni işğalçılarından qorunmasında bir çox gədəbəyli misilsiz qəhrəmanlıq göstərib. Təbii ki, onların adlarını bir-bir sadalayıb oxucumuzun diqqətini başqa səmtə çəkmək istəmirəm. Çünki belə etsəm, o zaman ad və soyadlar bir yazıya sığmaz. Məqsədim Gədəbəyin və gədəbəylilərin şəmkirlilərin necə qəhrəman insan olduqlarını cəmiyyətə bir daha çatdırmaqdır. O insanlar Vətəni, xalqı, dövləti öz canlarından artıq sevən insanlardır; öz işlərinin peşakarı, vicdanlı, dürüst, məsuliyyətli cəmiyyət adamları, əsl dövləti sevən insanlardır. Onlar düşmənin gülləsi, mərmiləri altında üzərlərinə götürdükləri məsuliyyətin öhdəsindən gəlmiş, gədəbəyliləri şəmkirliləri düşmənə qarşı səfərbər etməyi bacarmışlar.
Bəlkə də istəkli oxucularımıza maraqlı gəlir ki, məşhur Başkənd əməliyyatı necə həyata keçdi, Gədəbəy bütövlükdə düşməndən necə qorundu? Əlbəttə, bu istiqamətdə, yuxarıda dediyim kimi, qəhrəman gədəbəylilər şəmkirlilər böyük rol oynadılar. Yazımın bu yerində Gədəbəy üçün canından keçən bir neçə qəhrəman insanın adını çəkmək istəyirəm. Çünki onlar şəhidlik zirvəsinə ucalıb, Vətəni öz şirin canlarından üstün tutublar. Onlar həm də Başkəndin geri alınmasında əsl igidlik nümunəsi göstəriblər. Məsələn, N saylı hərbi hissə komandiri polkovnik Cahangir Rüstəmovun, Baş leytenant İsgəndər Aznaurov ( Topçu İsgəndər, ölümündən sonra Azərbaycanın milli qəhrəmanı) , Məzahir Rüstəmov ( ölümündən sonra Azərbaycanın milli qəhrəmanı), N saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri leytenant Telman Həsənovun və Gədəbəy batalyonunun kəşfiyyat taqımının komandiri gizir Pünhan Əliyevin qəhrəmanlıqları, onların uğurla həyata keçirdikləri Şəmşəddin əməliyyatı və s. Bu əməliyyat Başkəndin işğaldan azad edilməsi üçün son dərəcə strateji əhəmiyyət kəsb edirdi. Məhz belə bir ideoloji prosesin nəticəsində 08.08.1992-ci ildə Başkənd Azərbaycan əsgərlərinin nəzarətində idi, batalyonlar dövlət sərhəddində yerləşirilmişdi. N saylı alayın qərargahının heyəti də Novosaratovka kəndində tibb məntəqəsində məskun idi. Ən əsası, Başkənd uğrunda döyüş özəlliyi ilə seçilirdi. Çünki əməliyyatın əvvəlindən axırınadək Gədəby Rayon İcra Hakimiyyəti bütün heyətlə Orduya kömək edirdi, əhali ordu ilə çiyin-çiyinə dayanmışdı.
Onu da xüsusi vurğulayım ki, Başkən əməliyyatının uğurla nəticələnməsində Şəmkir RİH-nin də böyük rolu var. Həmin anlarda Şəmkir, Gədəbəy, Tovuz ,Ağstafa Rayon Polis Şöbələrinin də rəhbərliyi Vətən naminə əllərindən gələn köməyi edirdilər. Bu da şanlı Qələbənin əldə olunmasına əsaslı zəmin yaratdı.
Başkənd əməliyyatının qələbə ilə sonuclanmasında Ağstafadan gələn Reaktiv Artilleriya və Qazaxdan gələn D-30 markalı topların Novoivanovka kəndindəki mövqelərə göndərilməsi də məxsusi rol oynadı. Bir neçə dəfə onların mövqeləri dəyişdirildi... Qazax tankçıları və PDM-2-lər Aşırım mövqeyini möhkəmləndirdilər. Orada tank hücumu əsas idi, ona görə də düşmən oranı tez-tez müxtəlif çaplı silahlardan atəşə tuturdu...
Böyük iftixar hissi ilə deyə bilərəm ki, Başkənd əməliyyatı Azərbaycan Ordusunun keçən əsrin sonlarında həyata keçirtdiyi ən parlaq əməliyyatlardan bəlkə də birincisidir. Çünki bu əməliyyatın taktiki gedişi, hücum və müdafiə qənaəti də sivil xarakter kəsb edirdi…
Gədəbəyin düşmən tərəfindən işğala məruz qalmasının bir neçə səbəb var; onlardan biri də torpağa,vətənə sevgisidir. Məsələn, biz hamımız yaxşı bilirik ki, bəziləri ölümdən qorxub qaçdıqları halda, Gədəbəy camaatı hətta şəhərdə yaşayan doğmalarını da kömək üçün rayona gətirir, birlikdə müdafiə xətti qururdular. Belə deyim, bu yüksək uğurun əldə olunması Gədəbəyin yerli əhalinin düşmənə olan nifrət hissini aşkar ifadə edir.
Gədəbəylilərin misilsiz qəhrəmanlığı 1992-ci ildə - o çətin illərdə başlayan aramsız döyüşlərdə öz sözünü dedi... Bu işdə bacarıqlı kəşfiyyatçıların da xüsusi rolu oldu.
Bu gün Başkənd Azərbaycan ordusunun qürur mənbəyidir. Bu gün Başkənd haqqında həqiqəti əks etdirməyən ifadələr işlətmək, mənasız danışmaq Başkənd əməliyyatının , Başkənd qəhrəmanlığına göz yummaq, gədəbəylilərin şəmkirlilərin qəhrəmanlığına kölgə salmaq deməkdir.
Ancaq ulu tarix Başkəndi özünün real səhnələrində əsl həqiqət kimi qabardır və gələcək nəsillər də Başkənd əməliyyatı, bu əməliyyatda qəhrəmanlıq göstərmiş qeyrətli oğullar haqqında böyük salnamələr yaradacaq, onları öz yaddaşlarında yaşadacaqlar.
Mən də elə bu yazını Başkənd əməliyyatında qəhrəmanlıq göstərən hər bir kəsə minnətdarlıq, ehtiram nümunəsi kimi qələmə aldım.
Allah Azərbaycanımızı, Prezidentimizi, xalqımızı qorusun!
Hüseyn İsaoğlu Məmmədov,
Yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü