Cavid Musazadə: “Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası, özünə inam yaratmağı bacarmalıdır...”
“…Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz… Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir”.
Heydər Əliyev
Həkimlik insanların səhhətinin qorunması, xəstəliklərin qarşısının alınması istiqamətində qədim peşə və humanist sənət kimi mühüm rol oynayır. Bu peşənin və sənətin sahibləri daim bəşərin keşiyində dayanmış, tarixə sağlamlığın qarantı kimi düşmüşlər...
Ölkəmizdə hazırda da öz işinə sevgi ilə yanaşan həkimlər çoxdur. Onlardan biri də Abşeron rayon Mərkəzi Xəstəxanasının Neyrotravma şöbəsinin müdiri Musazadə Cavid Əhliyət oğludur. O, hazırda bu xəstəxanada travmatoloq-ortoped kimi çalışır, peşə fəaliyyətini inamla davam etdirir. Söhbətimiz zamanı Cavid həkim bildirdi ki, mən bu sənətə valideyinlərimin xeyir-duası ilə gəlmişəm.
Cavid həkim əlavə olaraq dedi:
- Müasir zamanda tibb elmi daha sürətlə inkişaf edir. Həkimlik olduqca məsuliyyətli və çətin sənətdir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu sənət hər kəsə geniş əhval-ruhiyyə və dərin məhəbbət tələb edir. Mənim ən böyük arzularımdan biri, həkim sənətinə daha dərindən yiyələnmək, onun sirlərini bilmək və doğma respublikamızın səhiyyəsinə öz töhfələrimi verməkdir. Həkim, birinci növbədə, tibb sahəsində yüksək səviyyəli elm və bacarığa malik olmalıdır. Xalqın tarixən ən ülvi, ən müqəddəs insan saydığı şəxsdir həkim. Sənətini yaxşı bilən, xalqın sağlamlığının keşiyində layaqətlə dayanan həkimlərə vaxtı ilə “el anası” da deyirmişlər. Hətta həkimliklə heç bir əlaqəsi olmayan, lakin ədəbi-ictimai fikirdə böyük islahatlar yaratmış şəxsiyyətlər belə öz zamanlarında ucalıq rəmzi kimi həkim adını daşımışlar. Bu adı onlara xalq vermişdir. Həqiqətən də xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Biz təbii ki, Cavid həkimin fəaliyyətində özünün dediyi bu prosesləri dəqiq və aydın görə bilirik...
Qısa məlumat:
Travmatoloq-ortoped Musazadə Cavid Əhliyət oğlu 1982-ci ildə Qubadlı rayonunda anadan olub. 1989-1999-cu illərdə Bakı şəhərindəki 106 saylı tam orta məktəbdə oxuyub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin ”Müalicə-profilaktika” fakültəsində təhsil alıb.
2005-2006-cı illərdə Bakı şəhər Onkoloji Dispanserdə həkim-interna olub. 2006-2008-ci illərdə Rusya Federasiyasının Moskva şəhərində Sklifasovski adına Elmi-Tədqiqat Təcili Yardım Xəstəxanasında Travmatologiya və Ortopediya ixtisası üzrə ordinatura keçib. 2009-cu ildən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim travmatoloq-ortoped işləyib və həmin xəstəxanada Travmatologiya və ortopediya şöbəsinin müdiri vəzifəsində çalışıb.
2011-ci ildə Türkiyyə Cümhuriyyətinin Ankara şəhərində Yıldırım Beyazit adına Eyitin və Araşdırma Hastanesidə onurğa əməliyyatları, travmatoloji və ortopedik xəstəliklərin cərrahi müalicəsi üzrə uzunmüddətli kurs keçib. 2011-ci ildə Türkiyə, 2019-cu ildə Almanya və Rusyada müxtəlif konfranslarda iştirak edib.
Bütün bunlar da Musazadə Cavid Əhliyət oğlunun nə qədər təcrübəli bir həkim olduğunu təsdiq edir.
Cavid həkimin dediklərindən:
- İnsanlar həkimin yanına elə düşüncə ilə gəlirlər ki, elə sanırlar, həkimdən bir yardım aldıqda mütləq yaxşılaşacaqlar. Bu mənada həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası, özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, bəzən xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşsünlər.
Söhbət əsnasında Cavid həkimə belə bir sualla müracət etdim:
- Həkim xəstənin xəstəlik səbəbini ona bildirməlidirmi? Biz sovetlər dönəmində eşidirdik ki, həkim xəstəni çox vaxt dava-dərmanla yox, ümidverici sözlərlə yola salıb. Siz bu barədə nə deyərdiniz?
- Birincisi, baxır xəstə hansı xəstəliyə mübtəla olub. Əgər onun xəstəlik səbəbi həyati təhlükə yaradırsa, nəticə etibarilə, xəstəyə heç nə deyilməməlidir. Bu, onlarda ciddi psixoloji travma yaradar. Ancaq mən xəstələrimə öz xəstəlikləri haqqında geniş məlumat və tapşırıqlarımı verirəm. Verdiyiniz sual əslində, mənim işlədiyim şöbənin xəstələrinə aid deyil...
- Mən bu sualı ənənəvi xarakter kəsb etsin deyə sizə ünvanladım...
- Anlayıram, xəstənin birinci arzusu əlbəttə ki, sağalmaqdır. Onun ilk andan ümidini qırmaq olmaz... Nə xoş ki, xəstəxanamıza müraciət edən xəstələrin hamısı bizim şöbənin həkimlərindən razılıq edirlər. Onlara hər cür xidmət etmək bizim borcumuzdur. Biz bu gün həmin borcu layiqincə yerinə yetiririk. Həkimkil anddır, həkimlik vicdandır, həkimlik müqəddəs işdir. Biz bu gün bunların hamısına riayət edirik. Bir həkim kimi mənə müraciət edən xəstələrin hamısını dinləyir, onlara dəqiq diaqnoz qoyur, sonra da onların müalicəsinə başlayıram. Həkimlik sənəti hər bir ağ xalat geyinən insanın müqəddəs andıdır. Heç bir həkim də istəməz ki, o ağ xalata haradasa kiçicik bir ləkə düşsün. Çox şükürlər olsun ki, bu günə kimi andıma sadiq qalmışam və bundan sonra da Allahın köməkliyi ilə sadiq qalacağam.
- Son illər səhiyyə sahəsindəki uğurlu islahatlar cəmiyyətimizin ürəyincədir və insanlarda həkimlərimizə inam və etibarı artırıb...
- Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir və bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. Nəticədə cəmiyyət və həkim münasibətlərində sizin də dediyiniz kimi, dərin doğmalıq hissi yaranır...
Bəli, yaxşı həkim ola bilmək üçün yaxşı düşüncəyə malik olmalısan. Bu mənada təkmilləşmə və təcrübə mübadiləsi məqsədilə Cavid Musazadə beynəlxalq və yerli konfrans və kurslarda iştirakını davam etdirir. Qeyd etməliyik ki, o, İkinci Qarabağ müharibəsi zamanı Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim briqadasının tərkibində ilk gündən son günə kimi Füzuli və Naftalan Mərkəzi Xəstəxanasında yaralılara tibbi yardım göstərib, yüzdən çox cərrahi əməliyyat edib. Bu da onun Vətənə olan sevgisindən, insanlara olan dərin ehtiramından irəli gəlir.
Cavid həkimə Allahdan möhkəm can sağlığı, fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq..
Hüseyn İsaoğlu (Məmmədov),
AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist.