hemle

Azərbaycan geosiyasi müstəvidə qüvvətlənir: "Prezident bir sözü deyirsə, mütləq şəkildə onu edir"

Tarix:10-08-2024, 17:30
Baxış Sayı:756

Azərbaycan geosiyasi müstəvidə qüvvətlənir: "Prezident bir sözü deyirsə, mütləq şəkildə onu edir"
"Azərbaycan bu gün həm beynəlxalq siyasi münasibətlər, həm də iqtisadi əməkdaşlıq sistemində ən fəal, effektiv fəaliyyət göstərən dövlətdir. Azərbaycanın müasir dünyada cərəyan edən proseslərə təsir imkanları kifayət qədər genişlənib. Bütün istiqamətlərdə resurs potensialımızı formalaşdıra bilmişik. Ölkə Prezidenti İlham Əliyev tərəfindən bütün sahələrdə konseptual, əsaslı fəaliyyət həyata keçirilib və bu, davam etdirilir. Sözsüz ki, bu reallıq uğurun əsas şərtlərindən biridir".

Bu fikirləri açıqlamasında siyasi ekspert Elşad Mirbəşiroğlu deyib.
Ekspert bildirib ki, Azərbaycanda bütün istiqamətlərdə atılan addımlar, həyata keçirilən fəaliyyətlər mütləq şəkildə gözlənilən nəticələri verir:

"Müxtəlif sahələrdə atılan addımların əsasında çox ciddi, düşünülmüş konsepsiya dayanır. Yəni ölkə rəhbərinin fəaliyyətinin başlıca prinsipi bundan ibarətdir. Belə olan halda Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sırası da genişlənir, bu say ilbəil artır. Son 20 ildə Azərbaycana təxminən 320 milyard dollara yaxın sərmayə yatırılıb. Bunun da yarısı xarici şirkətlərin payına düşür. Bu, Azərbaycandakı iqtisadi fəaliyyətin münbitliyini göstərir. Digər tərəfdən, ölkəmizdəki yüksək təhlükəsizlik mühiti də xarici investorlar üçün cəlbedicidir".

E.Mirbəşiroğlu vurğulayıb ki, ən vacib məqam Azərbaycan Prezidenti İlham Əliyevə çox böyük etimadın olması ilə bağlıdır:

"Dünya səviyyəsində formalaşmış ictimai rəy ondan ibarətdir ki, Azərbaycan Prezidenti bir sözü deyirsə, mütləq şəkildə onu edir. Bu da sözsüz ki, ölkəmizlə bağlı müsbət təsəvvürləri daha da gücləndirir, pozitiv imici möhkəmləndirir. Həmçinin Azərbaycanın həm təsir imkanları artır, həm də mövqeyimiz daha kəsərli olur. Azərbaycanın beynəlxalq münasibətlər sistemində obrazını formalaşdıran əsas amillərdən biri də o oldu ki, çox effektiv şəkildə öz ərazi bütövlüyümüzü təmin etdik. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan tarixinin ən şanlı qələbəsini qazandı. İkinci Dünya müharibəsindən sonra heç bir ölkə belə müvəffəqiyyətli müharibə apararaq öz ərazilərini işğaldan azad edə bilməmişdi. Azərbaycan ən müasir müharibə aparmaq təcrübəsini dünyaya təqdim etdi və bu da bizə olan münasibəti dəyişdi, dünyada nüfuzumuz daha da artdı. Məsələn, Amerika Birləşmiş Ştatları Quru Qoşunları Komandanlığı 44 günlük müharibədən sonra etiraf etdi ki, ABŞ ordu sıralarında islahatlar aparmalıdır, Azərbaycanın təcrübəsinə istinad olunmalıdır. Artıq Azərbaycan Ordusu gücünə görə dünya ölkələrinin orduları sırasında 59-cu yerdədir. Bu da çox təsirli bir amildir. Bir dövlətin xarici siyasətinin arxasında güclü ordu dayanırsa, o ölkənin xarici siyasəti həmişə səmərəli olacaq".

O qeyd edib ki, beynəlxalq münasibətlər sistemində ölkələrin mövqeyinin güclü olmasını şərtləndirən əsas amillərdən biri məhz ordudur:

"2023-cü ilin sentyabrında antiterror tədbirlərini reallaşdıraraq ərazilərimiz boyunca suverenliyimizi etibarlı və dönməz şəkildə təmin etdik. Bu da dünya üçün çox müsbət bir təcrübə oldu. Çünki hazırda 50 separatizm ocağı mövcuddur və onların aradan qaldırılması istiqamətində edilən bütün cəhdlər nəticəsiz qalıb. Separatizm reallığı iki əsrdir ki, davam etməkdədir. Separatizmin əhatə etdiyi coğrafiyada 220 milyondan artıq insan yaşayır. Deməli, 220 milyondan artıq insanın həyatı daim təhlükədədir. Çünki separatizm dövlətlərin təhlükəsizliyi üçün təhdiddir və münaqişə vəziyyətini şərtləndirir. Amma Azərbaycan Prezidentinin iradəsi ilə Ordumuz antiterror tədbirlərini həyata keçirdi və bütün dünyaya göstərdik ki, separatizmə qarşı effektiv mübarizə aparıb onun kökünü kəsmək mümkündür. Bu təcrübə Azərbaycanın qlobal təhlükəsizliyə vermiş olduğu töhfə kimi dəyərləndirilə bilər".

Siyasi analitik sözlərinə belə davam edib:

"Azərbaycan öz tarixi inkişafının yeni bir mərhələsinə keçid edib. Hər dövlət, xalq tarixi inkişafının bir mərhələsini uğurla başa vurub, digərinə qədəm qoya bilmir. Amma Azərbaycan siyasi və hərbi reallıqları formalaşdırmaqla bunu etdi. Bu gün Azərbaycanın iştirakçılığı ilə Cənubi Qafqaz regionunda çox mühüm, strateji əhəmiyyətli nəqliyyat layihələri həyata keçirilir. Avropanın təchizat bazarlarına aparan yollar, enerji xətləri məhz bizim ölkəmizdən keçir. Bu da həmin bazarlara Azərbaycanın birbaşa təsiri deməkdir. Azərbaycan həyata keçirdiyi unikal geosiyasət sayəsində Şərqlə Qərb arasında "sülh körpüsü" rolunu oynamaqdadır. Avropa ilə konstruktiv münasibətlərimiz hansı səviyyədədirsə, Şərq ölkələri ilə də bu reallıq ekvivalent təşkil edir. Bu gün dünya ölkələri çox aydın görürlər ki, Azərbaycanın hər hansı bir subyektlə əməkdaşlığı heç bir halda digər subyektlərə qarşı yönəlmir. Azərbaycan dünya ölkələri arasında konstruktiv dialoq təşəbbüsçüsü rolunda çıxış edir. Konstruktiv dialoq ziddiyyətlərin preventiv həlli, qlobal təhlükəsizliyin təmin olunması və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması deməkdir. Yekunda bir daha vurğulamaq lazımdır ki, ölkə Prezidenti tərəfindən həyata keçirilən - düşünülmüş, planlı həm xarici, həm də daxili siyasət Azərbaycanın gücünü şərtləndirən əsas amildir. Güclü dövlətin də sözsüz ki, həm beynəlxalq əməkdaşlıqda, həm də beynəlxalq münasibətlər sistemində təsirli yeri və rolu olur".

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ