ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri arasında Londonda keçirilməsi planlaşdırılan görüş Zelenskinin Krımla bağlı açıqlamalarına görə dalana dirənib.
Bu barədə “New York Times” yazıb.
Bildirilib ki, ABŞ dövlət katibi Marko Rubio və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff bu gün Londonda keçiriləcək Ukrayna görüşündə iştirakdan imtina edib. Bu qərar Ukrayna prezidenti Vladimir Zelenskinin Krımı Rusiya ərazisi kimi tanımayacağını təkrar etməsindən sonra verilib.
“Ukrayna Trampın əsas təkliflərindən birini rədd etdi, Marko Rubio Ukraynada keçiriləcək atəşkəs danışıqlarının növbəti raundunda iştirak etməmək qərarına gəldi”, - deyə xəbərdə qeyd olunur.
Həmçinin bildirilib ki, Rubio görüşdə iştirak etməmək qərarına gəldiyi üçün Almaniya və Fransa nazirləri də Londona getmək fikrindən daşınıblar.
Britaniya televiziyası bunun əvəzinə Londonda beş ölkənin bürokratları arasında görüş keçiriləcəyini bildirib. Həmçinin məlumata görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın britaniyalı həmkarı Devid Lammi ilə görüşü gözlənilir.