"Seçki prosesində təxribat törətmək istəyənlər ola bilər. Lakin bu proses elə qurulmalıdır ki, hər kəs öz üzərinə düşən vəzifəni nöqsansız həyata keçirsin".
Bu barədə Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.
O bildirib ki, bu, bizim ölkə başçısı tərəfindən qarşımıza qoyulan ən önəmli məsələlərdən biridir:
"DSK rəhbərlərinin, eləcə də digər vəzifələrdə çalışan şəxslərin qarşısında duran vəzifə seçki prosesini nöqsansız, mütəşəkkil, qanunvericiliyin tələblərinə riayət etməklə keçirilməsdir. Bu işdə hər birimiz çox böyük məsuliyyət daşıyırıq. Qarşıda bizi gərgin iş rejimi gözləyir. Sentyabrın 1-də keçiriləcək seçki prosesinin həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək qiymətləndirilməsinə çalışmalıyıq".