Saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb:
"Düşən yağıntının miqdarı aylıq normanın 20%-ni təşkil edib. Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda zəif şimal-şərq küləyi əsir".
Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu 27-32 dərəcə isti, çimərliklərdə dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.
07:22
Ölkə ərazisində faktiki hava durumu ilə bağlı məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a bildirilib ki, iyunun 22-si saat 7:00-a olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.
Hazırda Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Şabran, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək, bölgələrdə isə 23-ü gündüzədək fasilələrlə davam edəcək.