Azərbaycan Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsini qarşıya məqsəd qoyub.
Bunu energetika naziri Pərviz Şahbazov bu gün işə başlamış Bakı Enerji Forumunun I günündə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın SGC ilə illik 24,3 milyard kubmetr təbii qaz nəql etməsi artıq təsdiqini tapıb: “Bununla təkcə Avropaya nəql edilən təbii qazın həcmi 12 milyard kubmetrə qədər artıb. Azərbaycan öz tərəfdaşlarına qaz ötürülməsini üzərinə öhdəlik olaraq götürüb. Dünən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət neft-qaz şirkəti - BOTAŞ arasında imzalanmış saziş bunun bir göstəricisidir, yəni Azrbaycanın qaz təchizatçısı və tranziti rolunu daha da gücləndirəcək”.
Qeyd edək ki, imzalanan müqavilələr iki ölkə hökumətləri arasında mayın 14-də imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.
Mərasimdə, həmçinin Azərbaycan Qaz Təchizatı Şirkəti və BOTAŞ arasında "Şahdəniz" yatağından qazın Türkiyəyə təchizatının davam etdirilməsini nəzərdə tutan müqavilə imzalanıb.