Sadiq Məmmədovu yaxından tanımaq üçün ailəsi ilə əlaqə saxlamaq istədim.Qax şəhərində küçələrin birində Sadiqin şəkli həkk olunan plakatı görürəm. Qəhrəmanımın evi hardasa yaxınlıqdadır. Sadiqin yaşadığı evə getmək, onu böyüdən, boya-başa çatdıran ata-ana ilə, övladları ilə görüşməkdir məqsədim. Amma Qəhrəmanımızın 3 balası ilə Sadiqin yoxluğuna sinə gərən həyat yoldaşı Pərvanə xanımla görüşüb onsuz da bir ömür boyu qaysaq tutmayacaq yaraları tərpətməyə qorxuram. Xəyalımda Şəhid Sadiq Məmmədov haqqında yazacağım qəhrəmanlıq hekayəsini düşünə-düşünə geri qayıdıram... Hər kəs Sadiqi tanıyır Qaxda. Kimə yaxınlaşıb Sadiq Məmmədov haqqında soruşsam, hərə bir unudulmaz xatirəsini danışacaq. Amma yenə də Pərvanə xanımla telefonla əlaqə saxlayıram. Çünki, ən munis xatirələr, ən unudulmaz anların təəssüratı, əbədiyyətə qovuşan Sadiq Məmmədov şəxsiyyətinin ən incə, görünməyən tərəfləri Pərvanə xanımın xatirələrində yaşamaqda... 3 körpə böyüyür Sadiqin ailəsində. Pərvanə xanım deyir ki, “acılarım acı, dərdim dərddən böyük olsa da, uşaqların və ən əsas da Sadiqin xatirəsi üçün hər şeyə
dözürəm. Sadiq bizi əvvəlcədən hər şeyə hazırlamışdı. O əsl hərbçi idi. İşi ilə bağı tez-tez bizi qoyub gedirdi. Hər gedişində-“ möhkəm ol, uşaqlar sənə əmanət” deyib məni ömürlük çəkəcəyim bir məsuliyyətə bağlayırdı.” Pərvanə xanım Sadiqlə həmişə fəxr etdiyini deyir. Sadiq insan kimi insan, dost kimi dost və ən səmimi , mehriban həyat yoldaşı olub...” Bizimlə çox vaxt keçirə bilməsə də, elə bilirəm Sadiq hər an, hər
dəqiqə yanımızda olub. İndi Sadiqin uzaq səfərə getdiyinə uşaqların və mənim qəlbən inandığımız bu çətin günlərdə onun xatirələrini bölüşərək yaşayırıq. Sadiq hər sözü, hər hərəkəti o qədər yerində olan insan idi ki, onun el-obada qazandığı sevgi, işdə ona göstərilən hörmət bir ömür boyu ailəsinə təsəlli duyacaq qədər çoxdur...Hər şeydən şox sevdiyi ailəsini onun üçün əvəzsiz olan Vətənə əmanət qoyub getdi Sadiq. Pərvanənin ürəyində, uşaqlarının qəlbində yeri boş qalıb Sadiqin. O ölməyib, yanımızdadı, səsi, nəfəsi qulağımızda, təkcə cismani yoxluğuna darıxırıq Sadiqin... İnsan qəbul edə bilmədiyi reallığa məcbur olanda ona ruhuna yaxın cizgilər əlavə edib, özününküləşdirməyə çalışır. Sadiqin yoxluğu Pərvanə və 3 balası üçün heç vaxt barışa bilmədikləri acı həqiqətdir. Barışdıqları isə budur: Nə zamansa Sadiq geri dönəcək. “Pepela” deyə kimsə Pərvanəni səsləyəcək. Bu Sadiqdir. Geri qayıtdı. Bilirdi, Pepela çağırmağına darıxdığımı... Ən çətin və ümidimizin tükənmək ərəfəsində olduğu bir zamanda bizi qələbəyə gətirən millət və dövlət birliyimizin baş memarı məhz Prezident İlham Əliyevin sarsılmaz iradəsi, qətiyyəti oldu.
Bu tarixi qələbəni Azərbaycan xalqına yaşadan Azərbaycanımızın rəşadətli ordusudur. Bəli, bu qələbdə könüllü olaraq özünü Azərbaycan hərbinə həsr edən Polkovnik-leytenant Məmmədov Sadiq Sadəddin oğlunun da payı var. Məmmədov Sadiq Sədrəddin oğlu 1981-ci il iyun ayının 23-də
Qax şəhərində anadan olub. 1998-ci ildə Qax şəhər 2 nömrəli tam orta məktəbini bitirmişdir. Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbini 2002-ci ildə bitirdikdən sonra hərbi xidmətə başlamış, müxtəlif bölgələrdə şərəflə xidmət edərək polkovnik-leytenant
rütbəsinə yüksəlmişdir. «Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı, «Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi»
yubiley medalı, «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı, «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı, «Qüsursuz
xidmətə görə» 2-ci dərəcəli medalı, «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalları ilə təltif olunmuşdur. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olan zabit Vətən müharibəsində Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə“, medalları ilə təltif olunmuşdur. 2020-ci il oktyabr ayının 28-i tarixində Qax
şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Şəhidin adını əbədiləşdirmək məqsədi ilə Qax şəhərindəki küçələrdən birinə Sadiq Məmmədovun adı verilmişdir
Səhər Manaf