DTX-nın Vanda həbs etdiyi Saleh Adilovun və “Sahil camaat”ının cinayət dosyesi...
Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti(DTX) və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində axtarış elan edilən, 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu qonşu ölkənin Van şəhərində saxlanılaraq Bakıya gətirilib.
2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilmiş, 1 əsgər öldürülmüş, 1 əsgər ağır yaralanmış və hadisə yerindən müxtəlif silah-sursat oğurlanmışdır.
Hadisənin üstü 2 il açılmamış qalıb
Sözügedən hadisə 2008-ci il dekabrın 26-da saat 03:25 dəqiqədə Tərtər rayonu ərazisində dislokasiya olunmuş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermişdi. Belə ki, kəşfiyyat taqımının əsgəri Xaşayev Üzeyir Elşad oğlu öldürülüb, həmin tağımın kiçik çavuşu Şeyubov İslam Şeyub oğlu isə odlu silahla güllə yarası xəsarət alıb. Bundan sonra naməlum şəxslər hərbi hissəyə məxsus odlu silahları oğurlayıblar. Amma göstərilən cinayətləri törətmiş şəxslər müəyyən edilmədiyindən istintaq 2010-cu ilin yanvarında dayandırılıb.
Bir məhkəmədə açılan sirr...
“Sumqayıt camaatı” adlı silahlı birləşmənin 30-dan artıq üzvünün 2010-cu ilin yayında keçirilmiş məhkəməsində məlum olub ki, bu silahlı birləşmənin tərkibində “Sahil camaatı” adlı daha bir silahlı qrup mövcud olub.
“Sahil camaatı” adlı silahlı qrupun üzvləri - Məmmədov Ramin Ramiz oğlu, Məmmədov Əsgər Ramiz oğlu, Rəhimov Vüqar Ətraf oğlu, Məmmədov Yavər Ramiz oğlu, Camalov Elçin Zakir oğlu, Adilov Saleh Valeh oğlu, habelə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 iyun 2010-cu il tarixli hökmü ilə “Sumqayıt camaatı” adlı silahlı birləşmənin cinayət işi üzrə məhkum edilmiş Druskar Elşən Davud oğlu, Həsənov Tural Məhəmməd oğlu və Qazıyev Elnur Fizuli oğlu hələ 2008-ci ilin dekabr ayının əvvəllərində odlu silah əldə etmək məqsədilə Tərtər rayonunda dislokasiya olunmuş N saylı hərbi hissənin hərbi postuna silahlı basqın etmək barədə öz aralarında ümumi razılığa gəliblər.
Saleh Adilov hadisə yerinə “Toyota -Prado” ilə gəlib
Bundan sonra 2008-ci il dekabrın 26-da axşam saat 22:00 radələrində silahlı birləşmənin üzvləri - Əsgər Məmmədov, Ramin Məmmədov, Elşən Druskar, Tural Həsənov, Elnur Qazıyev və Saleh Adilov Elçin Camalovun idarə etdiyi “Toyoto Prado”, Vüqar Rəhimov və Yavər Məmmədov isə sonuncunun idarə etdiyi “VAZ-2109” markalı avtomaşınlarla Tərtər rayonu istiqamətində yola düşüblər. Razılaşmaya görə, Yavər Məmmədovla Vüqar Rəhimov lazım olan anda dəstə üzvlərinə köməyə getmək üçün Yevlax rayonu ərazisində gözləyiblər.
Əsgər Məmmədov, Ramin Məmmədov, Elşən Druskar, Tural Həsənov, Elnur Qazıyev və DTX-nın Vanda həbs etdiyi Saleh Adilov Elçin Camalovun idarə etdiyi “Toyoto Prado” markalı avtomaşınla gecə saat 02:00 radələrində Tərtər rayonunun Qapanlı kəndinə gəliblər. Elçin Camalov avtomaşını kəndin girəcəyində saxlayıb, digərləri isə qanunsuz olaraq zabit və əsgər rütbəli hərbi paltarlar geyiniblər, tapançalarla və soyuq silahlarla silahlanaraq döyüş postunda dayanmış əsgərlərin olduğu səngərə tərəf hərəkət ediblər. Əsgərlərin olduğu səngərə təxminən beş metr qalmış Elşən Druskarla Tural Həsənov pusquda dayanıb, Əsgər Məmmədov, Ramin Məmmədov, Elnur Qazıyev və Saleh Adilov isə postun ərazisinə daxil olublar. Posta çatanda orada olan əsgər onlardan parolu soruşub. Bir qədər əvvəl bu hərbi hissədə hərbi xidmət keçmiş Əsgər Məmmədov parolu söyləyib və hərbi hissədən yoxlayıcı olduqlarını bildirərək əsgərlərə yaxınlaşıblar.
Düşmənlə üz-üzə olan əsgəri səsboğucu tapança ilə öldürüblər
Silahlı birləşmənin üzvləri guya postları yoxlamaq adı ilə həmin əsgərləri kənara apararaq düşmənlə üzbəüz səngərdə xidmət edən əsgərlərdən birini səsboğucusu olan tapançadan başına atəş açmaqla öldürüblər, digərinə isə güllə yarası xəsarəti yetiriblər. Sonra onlar hərbi hissəyə məxsus 1 ədəd “SVD” markalı snayper tüfəngini, həmin silaha aid içərisində 30 ədəd patron olan üç ədəd sandıqçanı, 2 ədəd “AKMS” markalı avtomat silahı və onlara aid içərisində 60 ədəd patron olan 2 ədəd sandıqçanı özləri ilə götürərək avtomaşının dayandığı yerə qaçıblar. Hadisədən sonra silahlı birləşmənin üzvləri Elçin Camalovun idarə etdiyi “Toyoto Prado” markalı avtomaşında hərbi hissədən ələ keçirdikləri silahları Bakı şəhərinə gətirib və Vüqar Rəhimovun «Ümid» qəsəbəsindəki evinin arxasında gizlədiblər. Göstərilən cinayət faktları Əsgər Məmmədovun, Vüqar Rəhimovun, Yavər Məmmədovun, Elşən Druskarın, Tural Həsənovun, Elnur Qazıyevin və “Sahil camaatı”nın əmiri Fuad Drusnarın etiraf ifadələri, ifadələrin yerində yoxlanılması və işin digər faktiki materialları ilə tam təsdiqini tapıb.
İranla sərhəddə öldürülən qruplaşma üzvü
Silahlı birləşmənin üzvü Ramin Məmmədov 2009-cu il iyulun 19-da gizli yolla İran İslam Respublikasının ərazisinə keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının qanuni tələblərinə məhəl qoymayaraq, silahlı müqavimət göstərib, əsgərlərə atmaq istədiyi qumbaranın əlində partlaması nəticəsində ölüb.
Keçirilmiş baxışlar nəticəsində Vüqar Rəhimovun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, “Ümid” qəsəbəsi, 4-cü massiv, ev 18 ünvanda yerləşən evinin arxasında torpağın altında basdırılaraq gizlədilmiş 1 ədəd “SVD” markalı snayper tüfəngi, ona aid içərisində 25 ədəd patron olan 3 ədəd sandıqça, 2 ədəd “AKMS” markalı avtomat silahı və həmin silahlara məxsus içərisində 59 ədəd patron olan 2 ədəd sandıqça, evindən 1 ədəd “RQD-5” tipli əl qumbarası və 1 ədəd alışdırıcı, çoxlu sayda ordu zabiti və əsgəri üçün hərbi geyimlər və ləvazimatlar, Fuad Drusnarın üzərindən 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd tapança darağı, 5 ədəd “PM” patronu, evindən 1 ədəd lüləsi kəsilmiş qoşalüləli ov tüfəngi, müxtəlif təyinatlı hərbi sursat, Zaman Piriyevin üzərindən 1 ədəd “F-1” qumbarası və 1 ədəd alışdırıcı, Əsgər Məmmədovun evindən “F-1” tipli əl qumbarasının gövdəsi, Yavər Məmmədovun evindən 18 ədəd 7,62 mm çaplı patron, 1 ədəd tüstü şaşkası aşkarlanıb. /Musavat.com/
*****
Demokratik.Az DTX-nın rəsmi saytına istinadən bildirir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş, 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəmizə gətirilib.
2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.
Saleh Adilov cinayət məsuliyyətindən yayınmağa müvəffəq olaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk edib, oradan isə qaçaq yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən Vüqar Hacızadənin rəhbərlik etdiyi terror qruplaşmasına qoşulub.
2010-cu ildə V.Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq edib. 2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilib. 2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib.
Hazırda həbs olunmuş Saleh Adilov barəsində cinayət işi davam etdirilir.