hemle

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Tarix:3-05-2024, 17:45
Baxış Sayı:768

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıblar.
Energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında qardaşlıq əlaqələrinin olduğu və ölkə rəhbərlərinin dostluq münasibətlərinin, enerji əməkdaşlığının inkişafına qarşılıqlı əhəmiyyət verildiyi məmnunluqla qeyd edilib.

Ölkələr arasında enerji əlaqələrinin ikitərəfli formatda çoxşaxəli inkişafında enerji sahəsində Əməkdaşlıq Sazişinin icrasının və Birgə Texniki Komitənin fəaliyyətinin əhəmiyyətindən bəhs olunub. Xüsusilə, “yaşıl enerji” tərəfdaşlığının enerji əməkdaşlığını uzunmüddətli əsasda möhkəmləndirən, ədalətli enerji keçidi və iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığının həmrəyliyini təmin edən mühüm rolu vurğulanıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində uğurlara nail olunması istiqamətində əməkdaşlığa dair müzakirələr aparılıb.

Görüşdə “ACWA Power” şirkəti ilə quruda və dənizdə ümumi gücü 2,5 QVt olan külək enerji layihələrinin inkişafı üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Bərpa olunan enerji layihələrinin icrasının sürətləndirilməsinin vacibliyi qeyd edilib. Azərbaycanda bərpa olunan enerji layihələrində “ACWA Power” şirkətinin iştirakına, bilik və təcrübə mübadiləsi yolu ilə bərpa olunan enerji mənbələrinin inteqrasiyası, elektrik enerjisinin istehsalı, ötürülməsi, enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafına dəstək ifadə olunub. Həmçinin neft emalı, neft-kimya məhsullarının təchizatı, aşağı emissiyalı yanacaq və texnologiyalar sahələrində, eləcə də SOCAR və Səudiyyə Ərəbistanının şirkətləri arasında birgə əməkdaşlıq məsələləri və investisiya imkanları da müzakirə edilib.

Görüşün yekununda hər iki ölkənin Energetika nazirlikləri arasında Birgə Texniki Komitənin üçüncü iclasının Protokolu imzalanıb. Həmçinin Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı İcra Müqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi də imzalanıb.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ