BMT Təhlükəsizlik Şurası Rusiyanın xahişi ilə bu gün İsrailin Suriyada İranın diplomatik obyektinə hücumu ilə bağlı açıq iclas keçirəcək.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
Onun sözlərinə görə, hücumdan sonra iranlılar BMT Təhlükəsizlik Şurasına bu hərəkəti pisləmək tələbi ilə müraciət ediblər.
“İranlıların məktubunun ardınca biz BMT Təhlükəsizlik Şurasının açıq iclasını tələb etdik. Malta sədrliyi bunu aprelin 2-də Nyu-York vaxtı ilə saat 15:00-a (Bakı vaxtı ilə 23:00) təyin edib”, - deyə o, “Telegram” kanalında yazıb.
Bundan əvvəl İranın BMT-dəki missiyası İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumunu qorxaq terror aktı və BMT Nizamnaməsinin kobud şəkildə pozulması adlandırıb, Təhlükəsizlik Şurasını yəhudi dövlətinin hücumunu pisləməyə və tədbir görməyə çağırıb.
Xatırladaq ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə İran konsulluğunun binasını raket atəşinə tutub. Hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Muhəmməd Rza Zahedi, habelə onun müavini, SEPAH-ın generalı Muhəmməd Hadi Hacı Rəhimi və digər beş SEPAH hərbi müşaviri həlak olub. Hücumda ölənlərin ümumi sayı, son məlumatlara görə, 11-ə yüksəlib. Ölənlər arasında üç suriyalı və bir livanlı da var.