Sivil proseslər artdıqca qlobal münasibətlər dünya üzərində yeni dönəmlərlə diqqət çəkir. İnsan şüuraltı-şüurüstü böyük mənalara bir daha nəzər yetirmək məcburiyyətində qalır. Əlbəttə, inkişaf yüksək həddə doğru istiqamət götürdükcə yanlışlıqlar üzə çıxır. Bu da həmin qeyri-ciddi zərurətləri yeni anlamda, daha doğru mündəricədə çox ciddi redaktə etməyi qarşımıza məqsəd qoyur. Heç şübhəsiz, Turançılıq işi ilə bağlı apardığımız təhlillərə də elə bu məsələ əsas verib...
Bəziləri Turançılığı guya məqsədli şəklidə ortaya atılan, xalqlar və dövlətlər arasında nifaq yaradan siyasi amil kimi səciyyələndirməyə cəhd edirlər. Bu, əlbəttə, yolverilməzdir. Belələri mütləq mənada anlamalıdırlar ki, Turançılıq işi Azərbaycan dövlətinin tarixi zərurətidir, bu addımın kökündə daim xalqlararası (və dövlətlərarası) qardaşlıq, dostluq əlaqələri durub...
Turançılıq (turanizm) təkcə Ural-Altay xalqlarının (finlər, macarlar, estonlar, fin-ugor xalqları, mancurlar, monqollar və türkdilli xalqların) birliyini nəzərdə tutan siyasi ideoloji inanc deyil, (öz-özlüyündə) dərin ictimai məzmun da kəsb edir. Belə deyək, insan qəlbcə, könülcə turançı olmalı, dövlətçi düşüncədə bu missiyanı lazımi şəkildə ehtiva etməlidir. Əks halda, o, nə tam turançı, nə də o adda dövlətin bərpası mümkün ola bilər. Çünki siyasi məqsəd maraq və niyyət güdür, məqsədli-təmənnalı vəziyyətə zəmin verir. Məhz buna görə neçə vaxtdır Turan dövlətini bərpa etmək mümkünsüzdür... Turancı Ziya Göyalp "Türkçülüyün əsasları" adlı əsərində sanki səsimizə səs verir; bəyan edir ki, turancılıq heç də macarları, monqolları, mancurları, finləri birləşdürmək məqsədi güdmür...
Ziya Göyalp bir şeirində turançılıq baxışlarını konkret (belə) əks etdirir:
Vətən nə Türkiyədir türklərə, nə Türküstan;
Vətən böyük və əbədi bir ölkədir: Turan...
Təkcə bu iki sətirdən çox şey anlamaq mümkündür... Bu iki sətir şeir parçası da sübut edir ki, Turan dövləti Böyük Azərbaycandır!
Turançılıq (həm də) vicdan məsələsidir. Bu məsələ üçün mübarizə aparan şəxslər zaman-zaman bu ideoloji tərzi öz hislərində aşkar nümayiş etdirib, bu proses uğrunda (hətta) şəhid olublar. Vicdansızlıq zahiri mənada diqqət çəkdiyi üçün kimlərsə Turanı Azərbaycansız ərazi, sözü də (Turan adını) Orta Asiya kökənli söz kimi xarakterizə ediblər. Gerçək anlamda isə Turan adı Azərbaycan dilinin leksioloji təzahürüdür.
Bəzi tarixçilər (əfsanəyə görə) Turanı indiki Özbəkistan, Qazaxıstan, Əfqanıstan və Pakistanın şimal bölgələrini əhatə edən coğrafiya kimi təqdim ediblər. Bəziləri də bu ərazini Orta Asyada axtarıblar. Əslində, Turan dövləti (dediyimiz kimi) geniş əraziyə mailk Böyük Şirvan (Azərbaycan) dövlətidir.
“Avesta” və (hətta) Firdovsinin “Şahnamə” əsərində adına rast gəlinən Turan böyük ərazili dövlət statusu kimi diqqət çəkir. “Avesta” geniş anlamda təhlil edir ki, bu dövlət (Turan) heç bir dövlətin tərkibində olmayıb, əksinə, neçə-neçə coğrafi ərazi onun tabeliyində olub.
Ümummilli lider Heydər Əliyevin (artıq bu gün Türkiyədə də brendə çevrilən) “Bir millət, iki dövlət” aforizmi əslində, Turançılıq ideyasının əsas istiqamətləri kimi başa düşülür. Hazırda cənab İlham Əliyevin (bilavasitə) rəhbərliyi altında həyata keçirilən tolerantlıq işi, mulikultural dəyərlər, insan haqları və s. birbaşa Turançılıq missiyasıdır. Çünki bu missiya vicdan üzərində qurulub, daşıdığı önəm xalqların ölkəmizdə azad, sərbəst və rahat yaşamalarıdır. Diqqətlə nəzər yetirsək və insafla fikir formalaşdırsaq, bəlli olar ki, dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər tolerant münasibət, multikultural zəmin yoxdur. Elə bu gün ölkəmizin başçısı İlham Əliyevə dünyada artan hörmət, ehtiram və (hətta) paxıllıq və qısqanclıq da apardığı uğurlu siyasətin, ölkəmizdəki tolerant münasibətlərin nəticəsidir... Onun hazırkı parlaq siyasi örnəyi, ordu qurmaq bacarığı, müstəqil siyasət kimi çox çətin bir işin öhdəsindən layiqincə gələ bilmək əzmi rəhbəri olduğu Azərbaycanın məhz Turançı missiya daşıdığı anlamını verir. Səmimi etiraf edək ki, bu missiya sayəsində bu gün Azərbaycanda milli inkişafın bitkin nəzəri konsepsiyası, mütərəqqi irəliləyişin Azərbaycan modeli var...
Biz dəfələrlə demişik, insan sağlam (bir) amal uğrunda mübarizə aparsa, mütləq qalib gəlir. Bu mənada, Turançılıq işi (bəlli ki) nə vaxtsa yenidən siyasi arenada müstəvi tutacaq.
Hikmət Məlikzadə,
Tədqiqatçı