Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurası dövlət başçılarının fövqəladə Zirvə toplantısı və orada qaldırılan məsələlər hələ də gündəmin əsas mövzularından biridir. Millət vəkili Cavanşir Feyziyev Turkustan.info-ya müsahibəsində həm Türk Şurasının sonuncu Zirvə toplantısı, həm də postpandemiya dönəmində ümumtürk coğrafiyasında və dünyada yeni konfiqurasiyalarla bağlı məsələləri dəyərləndirib:
AC – Cavanşir müəllim, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Türk Şurasının fövqaladə Zirvə toplantısı nə ilə yadda qaldı?
CF – 10 aprel tarixində Azərbaycan Prezidentinin təşəbbüsü əsasında video-konfrans vasitəsilə Türk Şurasının fövqəladə toplantısının keçirilməsi hazırkı pandemiya dövründə dünyaya bir nümunə idi. Son aylarda Pandemiya dünya gündəmində ən çox müzakirə olunan məsələ olsa da, bu Zirvə toplantısına qədər digər beynəlxalq təşkilatlardan bu örnəyi görmədik. Ona görə örnək deyirəm ki, bu toplantıdan bir həftə sonra Avrasiya İttifaqının üzvləri də eyni şəkildə, on-line rejimdə pandemiya mövzusunda müzakirələr apardılar.
Türk Şurasının toplantısı göstərdi ki, belə bir fövqəladə vəziyyətdə, pandemiya kimi qlobal təhlükə dövründə ölkələr öz milli sərhədləri çərçivəsinə çəkilməli deyillər, əksinə öz səylərini birləşdirməlidirlər. Biz hər zaman deyirik ki, qlobal dünyada yaşayırıq. Amma fövqəladə bir durumda, qlobal bir təhlükə qarşısında ölkələr özlərinə qapanırsa, onda bu, qloballaşma prinsipləri ilə uzlaşmır. Təəssüf ki, pandemiyanın ilk həftələrində dünyada məhz bu mənzərənin şahidi olduq. Lakin, buzun əriməsi İlham Əliyevin təşəbbüsü ilə başladı. Türk Şurasının müzakirələrinin gedişində aydın oldu ki, mediaya çıxmasa da, hələ pandemiyanın ilk günlərindən Türk dövlətlərinin başçıları və müvafiq dövlət qurumları arasında intensiv rabitə olub. Koronavirusla mübarizənin ilk günlərindən ölkələrimiz arasında qarşılıqlı texniki yardımlar, metodik tövsiyələr şəklində məsləhətləşmələr həyata keçirilib. Bu qarşılıqlı əməkdaşlığın gözəl bir örnəyidir. Biz ən çətin anlarda bir-birimizə yardım etməklə, səylərimizi birləşdirməklə problemlərimizin həllinə daha tez nail ola bilərik. Qarşılıqlı əməkdaşlıq vasitəsilə tək pandemiyaya qarşı deyil, istənilən qlobal problemə qarşı mübarizəmiz daha səmərəli ola bilər. Bu bir nümunədir və özəlliklə də türk ölkələri arasında bu nümunənin çox böyük əhəmiyyəti var.
AC – Qloballaşmanı xatırlatdınız. Sizcə dünyanın pandemiya təhlükəsi ilə üzləşməsi qloballaşmanın sonrakı gedişinə necə təsir edəcək, bu proses daha da sürətlənəcək yoxsa zəifləyəcək ?
CF – Pandemiyanın olub-olmamasından asılı olmayaraq qloballaşma artıq yarım əsrdir ki, planetar miqyas alıb və proses gedir. Bu qaçılmaz bir prosesdir və yeni reallıqlar ortaya çıxarır. Beynəlxalq mühitdə yeni bir rəqabət meydanı açılır. Bu rəqabətdən faydalanmaq da mümkündür, itirmək də. Hazırda dünya siyasətçilərini düşündürən məsələ bu prosesə qoşulub-qoşulmamaq deyil, əsas məsələ bu proseslərdən necə faydalanmaqdır. Çünki qloballaşma müstəqil dövlətlər üçün həm yeni imkanlar yaradan və həm də eyni zamanda müstəqilliyin özünün qorunub saxlanması ilə bağlı təhlükələri qarşıya çıxaran mürəkkəb bir prosesdir. Bir tərəfdən milli dövlətlər öz müstəqilliyini qoruyub saxlamaq istəyir, digər tərəfdən bütün siyasi, iqtisadi, sosial, mədəni və s. fəaliyyətlər birləşdirilir.
Bu prosesdə qlobal güc sahibləri digər dövlətlərə necə qloballaşmağı diktə etmək və nəticədə dünyanın idarə olunmasında öz hegemon rollarını qoruyub saxlamaq istəyirlər. Məhz onların diktə etdiyi kimi qloballaşmaya qoşulmaq digər dövlətlərə heç bir fayda gətirməyəcək. Avropa İttifaqının misalında da bunu sezmək olar. Məsələn, biz görürük ki, Aİ-na daxil olan ölkələrdən hər hansı birində baş verən iqtisadi sarsıntılar İttifaqın aparıcı dövlətinin bundan qazanc əldə etməsi ilə nəticələnir və bir çox hallarda bu vəziyyət açıq-aşkar tənqid olunur. Biz hesab edirik ki, əgər qloballaşma bu meyarlar əsasında baş verərsə, bu daha çox fəsadlar ortaya çıxarar, nəinki faydalar. Bu baxımdan, Azərbaycan və digər Türk dövlətləri üçün qloballaşma prosesinin yol xəritəsinin konturlarını əvvəlcədən dəqiq müəyyən etmək zəruridir. Biz istənilən qloballaşma modelini qəbul edə bilmərik. Öncə proses olaraq qloballaşmanın qanunauyğunluqlarını müəyyənləşdirmək lazımdır və daha sonra bu prosesin bizim maraqlarımıza uyğun ssenarilərini aydınlaşdırmalıyıq.
AC – Ölkəmizin bu prosesdə hansı şəkildə iştirak etməsi haqqında aydın bir yol xəritəsi varmı?
CF – Müasir dövrdə heç bir dövlət təklikdə uğurlu ola bilməz. Qloballaşmanın fəlsəfəsi də məhz bu postulata əsaslanır. Bizim və digər qardaş türk dövlətlərinin qloballaşmada iştirakı Türk dövlətləri arasında inteqrasiyanın daha da gücləndirilməsindən başlanmalıdır. Bu baxımdan, Türk dövlətləri arasında inteqrasiya bizim üçün qloballaşmanın birinci mərhələsi sayılmalıdır.
AC – Türk dövlətlərinin, toplumlarının yaxınlaşmasında tarixi, sosioloji, psixoloji problemlər, baryerlər varmı?
– Əslində yoxdur. Amma bu daha çox məsələnin təqdimatından asılıdır. Məsələn, beynəlxalq politologiyada tez-tez məqsədli şəkildə belə mülahizələr önə çəkilir ki, Türk xalqları tarixən bir-birinə yaxın olmayıb, aralarında ciddi qarşıdurmalar olub və s. Ona görə də müasir dövrdə türk dövlətləri arasında birliyə nail olmaq mümkün deyil. Amma bu doğru deyil və bilərəkdən saxta məlumatlar dövriyəyə buraxılır. Həqiqət isə ondan ibarətdir ki, Türk ölkələri arasında tarixi müharibələr xalqlar arasında deyil, idarəçilik, sülalələr, klanlar arasında olub və bu həmin dövrün, yəni orta əsrlərin siyasi rəqabət üsulu idi. Bu ziddiyyətlər türk xalqları arasında qohumluğu heç zaman səngitməyib. Türk milləti dünyanın hər yerində türkdür və onlar tarixən özlərinin sivilizasiyasını yaradıblar. Bu gün dünyanın siyasi xəritəsində 6 müstəqil Türk dövləti var. Onlar arasında inteqrasiya təkcə siyasi-iqtisadi maraqlara deyil, həm də sivilizasiya birliyi ideyasına söykənməlidir. Bütün türk xalqları vahid türk sivilizasiyasının tarixən bir-birindən ayrılmış hissələridir. Ayrı-ayrılıqda yox, yalnız tarixi zamanlarda bir-birindən qopmuş hissələri bir yerə toplamaqla biz güc mərkəzinə çevrilə bilərik və öz xalqlarımızı bu vahid gücün hesabına irəli apara bilərik. Qloballaşmanın bu günə qədərki təcrübəsi göstərir ki, bu prosesin ən önəmli elementi və etibarlı platforması mədəniyyət birliyi və sivilizasiya mənsubiyyətidir. Ona görə də qloballaşan dünyada biz də öz sivilizasiyamızın təmsilçiləri olaraq birlikdə öz yerimizi tutmalıyıq. Lakin ora gəlib çatanadək Türk ölkələri əvvəlcə öz aralarında sıx inteqrasiyaya nail olmalıdırlar.