Günəşin zahiri illik hərəkəti Yerin Günəş ətrafında illik hərəkətinin təzahürüdür. Bu zahiri hərəkət zamanı Günəşin göy sferində cızdığı dairə ekliptika adlanır.
Bu barədə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Həmin dairə üzərində 4 səciyyəvi nöqtə var. Bu nöqtələr yaz və payız bərabərlikləri, qış və yay günəşduruşu nöqtələridir. Günəşin bu nöqtələrdən keçmə anı astronomik fəsillərin başladığı tarixi göstərir.
Yaz və payız bərabərliyi günlərində Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə və əksinə keçir. Həmin gün Günəşin şüaları Yerə düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur.
Yay və Qış günəşduruşu günlərində isə Günəş şüaları Yerə minimal və maksimal bucaq altında düşdüyündən ekvatordan qütblərə doğru getdikcə gündüz və gecənin uzunluğunda fərq 24 saatadək artır. Belə ki, ekvatorda il boyu gündüz və gecənin uzunluğu dəyişməyib 12 saat olur. Yay günəşduruşu günü Şimal qütbündə 24 saat gündüz, Cənub qütbündə isə 24 saat gecə olur. Qış günəşduruşu günü isə əksi yaşanır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edir:
Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq.
Yay fəsli isə21 İyun saat 00:50-də başlayacaq. Həmin gün gündüzün uzunluğu 15s 03d 23san və gecə 08s 56d 37san olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yay fəsli, Cənub yarımkürəsində isə Qış fəsli başlayacaq.
Payız fəsli Azərbaycana 22 sentyabr saat 16:43-də daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Payız fəsli, Cənub yarımkürəsində isə Yaz fəsli başlayacaq
Qış fəsli 21 dekabr saat 13:20-də başlayacaq. Bu zaman Şimal yarımkürəsində ən qısa gündüz (9s17d22san) və ən uzun gecə (14s42d38san) müşahidə olunacaq.
Qeyd edək ki, Yerlə Günəş arasındakı orta məsafə 146 597.870 km-dir. Lakin Yerin Günəş ətrafında hərəkəti elliptik orbit boyunca olduğundan bu məsafə il ərzində dəyişir. Yer orbitinin Günəşə ən yaxın olduğu nöqtə periheli, Günəşdən ən uzaq olduğu nöqtə afeli adlanır. Bu fərq hesabına Şimal Yarımkürəsində Qış fəsli daha yumşaq, Cənub yarımkürəsində isə Yay fəsli daha mülayim keçir. Bu il Yer 3 yanvar saat 04:38-də perihelidən (147 100 632 km), 5 iyul saat 09:06-da afelidən (152 099 968 km) keçəcək.