90 manatı aztəminatlı vətəndaşlara verməmək üçün nazirin yaratdığı əngəllər dövlətə və Prezidentə qarşı təxribatdır
COVID-19 pandemiyasına qarşı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən tədbirlər koronavirusun geniş yayılmasına imkan vermədi. Bununla yanaşı, dövlətin öz vəsaiti hesabına sosial dəstək tədbirləri həyata keçirildi ki, bu bəladan vətəndaşlar əziyyət çəkməsin. Sahibkarlara dövlət dəstəyi, habelə işsizlərə yardımı burada xüsusi qeyd etmək olar. Əvvəlcə 200 min nəfər işsiz üçün nəzərdə tutulmuş aylıq 190 manat vəsait sonradan birbaşa dövlət başçısının göstərişi ilə işsiz kimi qeydiyyata alınan 600 min nəfər vətəndaşa şamil edildi.
Müraciət üçün vaxt məhdudiyyəti qoymaq vətəndaşların hüququnu pozmaqdır
Lakin Prezident yeni dəstək tədbirlərini açıqlayandan dərhal sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də həmin 190 manatın aztəminatlı, işsiz əhaliyə çatmaması üçün “genişmiqyaslı fəaliyyətə” başladı. Əvvəlcə Məşğulluq Xidmətinə müraciətdə qeydiyyat problemi yaradılırdısa, Nazirlik bu dəfə müraciəti asanlaşdırsa da, qeydiyyatdan sonra həqiqi işsizlərin bu imkandan yararlanmaması üçün bütün vasitələrə əl atdı.
Gah müraciət üçün vaxt məhdudiyyəti qoyaraq əslində vətəndaşların hüquqlarını pozmaqla cinayətə yol verdi. Ona görə ki, əgər bu azca savad yiyəsi olan vəzifəli şəxslər başa düşməlidir ki, 190 manata ehtiyacı olan şəxsin evində kompüter olmaya bilər, qeydiyyatdan keçmək üçün evdən kənara da çıxa bilmir. Buna görə vaxt məhdudiyyəti qoyaraq vətəndaşa “əlinizə şans vermişdim, istifadə etmədiniz” kimi problemlə qarşı-qarşıya qoymaq nə məntiqə, nə insafa, nə də hüquqi prinsiplərə sığmır. Yəni bu nə imtahandır, nə yarışma proqramı. Prezidentin göstərişi, Nazirlər Kabinetinin qərarı ilə vətəndaşlara birbaşa sosial dəstəkdir. Dövlətin vətəndaşlara ayırdığı yardımı şans oyununa çevirməyi hüququnu Sahil Babayevə kim verib?
Gah da kiminsə adına maşın və ya pay torpaq olmasını, digərinin həyat yoldaşının ən aşağı səviyyədə pensiya almasını əsas gətirib günəmuzd işləyən ailə başçısına yardım düşməməsi kimi absurd bəhanələrlə imtina yazıldı.
Sahil Babayev minlərlə kasıbın acından ölməsinə şərait yaradır
Bu imtinalardan ən gülməlisi isə hazırda elə paytaxtda bir-iki sot torpaq alan, orada ev tikən və əmlaka sənəd alan şəxslərə “Sizə işsiz kimi qeydiyyata alınmaqdan imtina edilmişdir” məzmununda cavab verilməsidir. Bu imtina “Məşğulluq haqqında” Qanunun 4.1.3-cü maddəsi ilə (Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri) əsaslandırılır. Halbuki vətəndaş faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, mülkiyyətimdə kənd təsərrüfatına yararlı torpaq payı yoxdur və heç bir ailə kəndli təsərrüfatının üzvü deyil. Amma S.Babayevin rəhbərlik etdiyi Nazirliyin saytı zorla vətəndaşın boynuna qoyur ki, sən sahibkarsan, topraq payın var və s.
Bu biabırçılığa etiraz etmək üçün sivil qaydada cəhd edənlər də yenə Sahil Babayevin yaratdığı maneələrlə üzləşir. Bu dəfə isə Nazirliyin saytında yanlış imtina alan vətəndaşların ərizə ilə elektron müraciətinə maneə yaradılır. Vətəndaşlardan daxil olan çoxsaylı şikayətlərə görə onlar heç bir əsası olmadan imtina verildikdən sonra ərizə ilə elektron müraciət cəhdləri sayt tərəfindən əngəllənir.
Bu zaman çox acınacaqlı mənzərə yaradılır: yəni bir adam faktiki işsizdir, yuxarıdakı 4.1.3-də qeyd edilən heç bir imkana malik deyil, və yaxud lap onun adına hansısa əmlak, lap maşın varsa belə, hazırda heç bir gəliri olmayan, yoldaşı işləməyən həmin vətəndaş acından ölməlidir?
Sahil Babayevin məntiqi ilə bəli, ölməlidir. Bu da onun vətəndaş məmnunluğu barədə neçə aydır xalqın başını aldatmaqla məşğul olduğunu açıq şəkildə göstərir.
Yarıtmaz fəaliyyəti ilə seçilən nazir Prezidentin göstərişlərini də qulaqrdına vurur
İmtinalarda əsas gətirilən səbəblər o qədər gülməlidir ki, onları ortaya qoyanda bu nazirin niyə hələ də vəzifədə qaldığı şübhə doğurur. Ona görə ki, onun maneələri hesabına artıq 19 mindən çox ehtiyacı olan şəxsə imtina gəlib, bir o qədər şəxsə isə heç bir məlumat belə verilməyib. Nazirliyin bu yarıtmaz fəaliyyətinin isə təkcə bir adı var: o da ilin əvvəlindən ölkə başçısının pandemiyaya qarşı vətəndaşın sağlamlığı və rifahı üçün atdığı mühüm addımlara mane olmaq, vətəndaşları dövlətdən narazı salmaq.
Sahil Babayevin yarıtmaz fəaliyyəti təkcə indiki pandemiya dövrü ilə əlaqəli deyil. Prezident yeni Baş prokuroru qəbul edərkən onun rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını çəkərək verilmiş tapşırıqlara baxmayaraq, onu nəzarəti gücləndirməməkdə günahlandırıb. Dövlə başçısı bildirib ki, bu tapşırığa etinasız yanaşmanın nəticəsidir ki, həbs edilmiş icra başçılarının, icra nümayəndəsinin iş otaqlarından, onların ciblərindən yenə də həmin o kasıb insanlara çatacaq kartlar çıxır. O kartları kim verir? Təbii ki, Sahil Babayevin nazirliyi.
Beləliklə, tapşırılan işlərə barmaqarası yanaşan Sahil Babayev 190 manat dəyərində ödəmələr verilməsində də öz prinsipi ilə hərəkət edərək dövlət başçısının dəfələrlə açıqladığı sözləri qulaqardına vurur. Belə ki, Prezident 190 manatlıq ödəmə ilə bağlı bütün çıxışlarında deyir ki, bu məbləğ işsizlərə verilməlidir. Nazirlər Kabinetinin qərarında da bu qeyd edilir. Amma Sahil Babayevin rəhbərlik etdiyi Nazirlik isə “imkansızlıq” məsələsini saxta şəkildə ortaya ataraq bu yardımın verilməsinin qarşısını alır. Dolayı yolla isə bununla minlərlə kasıbın acından ölməsinə şərait yaratmaqla dövlətə və Prezidentə qarşı təxribat törətməklə məşğul olur.
Hikmət Ağayev
AzToday.az