Belə bir iddia mövcuddur ki, İslam dünyasının, xüsusilə türk xalqlarının bugünki problemlərinin əksəriyyəti Əmir Teymurla İldırım Bəyazid, Ağqoyunlu ilə Osmanlı, Osmanlı ilə Səfəvi ilə arasındakı qarşıdurmalardan qaynaqlanır.
Bu fikir sıravi azərbaycanlının şüuruna çoxdandır ki, hakim kəsilmişdir. Gəlin sözügedən məsələyə bir qədər geniş aspektdən nəzər salaq və əsl həqiqəti müqayisə yolu ilə müəyyən etməyə çalışaq:
- 8 milyon insanın ölümünə səbəb olmuş Otuzillik müharibə (1618–1648) Avropa və ümumiyyətlə bəşər tarixinin ən qanlı səhifələrindən biridir;
- Yüzillik müharibə də (1337–1453) Avropada baş vermiş, 1076-cı ildən 1815-ci ilədək İngiltərə ilə Fransa arasında 37 müharibə (ümumilikdə 276 il) olmuşdur;
- İspaniya ilə İngiltərə əsrlər boyu (1585–1604; 1625–1630; 1654–1660; 1701–1714; 1718–1720; 1739–1748; 1761–1763; 1779–1783; 1796–1808) bir-birlərinə qan uddurmuşlar;
- Avropanın 16 dövlətinin iştirak etdiyi Napoleon müharibələrində (1800–1815) ən azı 3.500.000 avropalı həyatını itirmişdir;
- ABŞ-da vətəndaş müharibəsində (1861 – 1865) 1.000.000-a yaxın insan həlak olmuşdur;
- Prussiya–Fransa müharibəsi (1870–1871) 430.000-dən çox insanın ölümü ilə nəticələnmişdir.
Bu müharibələrin əksəriyyəti coğrafi-siyasi şəraitin diktəsi ilə baş versə də, onlara dini don geyindirilməsi, xristianlığın müxtəlif təriqətləri arasındakı ziddiyyətlər qanlı qırğınların miqyasını daha da artırmışdır. Yeri gəlmişkən, 1572-ci il avqustun 23-də Fransa tarixinin ən rüsvayçı hadisələrindən biri baş vermiş, Müqəddəs Varfolomey günündə katoliklər tərəfindən təxminən 30.000 protestant vəhşicəsinə qətlə yetirilmişdir. "Varfolomey gecəsi" ifadəsi bugün də dini dözümsüzlükdən irəli gələn insan qəddarlığını, rəhmsizliyini simvolizə edir... Xristian məzhəblərinin ardıcılları uşaq, qadın, qoca demədən bir-birlərini və yadlarına düşəndə həm də yəhudiləri öldürürdülər. Amma onu da qeyd edək ki, inanclı xristianların əksəriyyəti qatil və zorakı deyildi. Amansız olan zaman və mühit idi. Lakin, sözsüz ki, zamanı da, mühiti də amansız edən insan, onun siyasi və iqtisadi maraqları, ambisiyalarıdır.
Haşiyə: Ədalət naminə vurğulamaq lazımdır ki, din pərdəsindən istifadə edilmədən başladılmış müharibələr daha amansız və dağıdıcı olmuşdur. Misal kimi, 20.000.000 insanın həlak olduğu I Dünya müharibəsini (1914–1918) və 70.000.000 insanın ölümünə səbəb olmuş II Dünya müharibəsini (1939–1945) göstərə bilərik. Yaxud, ispan inkivizisiyasının fəaliyyəti nəticəsində 1481-ci ildən 1498-ci ilədək ən azı 2.000, ən çoxu 8.800 nəfər ölüm cəzasına məhkum edildiyi halda, rəsmi ideologiyası ateizm olan SSRİ-də, təkcə 1937–1938-ci illərdə siyasi ittihamlar əsasında 681.692 insan güllələnmişdir. 1974-cü ildən 1979-cu ilədək Kamboca kommunistləri 3.000.000 kambocalını qətlə yetirmişlər.
Beləliklə, bütün bu müharibələrə, dəhşətli qırğınlara, qarşılıqlı nifrətə baxmayaraq Qərb inkişaf edə bildi. Deməli, Şərqin geridə qalmasının, Qərbin isə tərəqqisinin səbəbləri başqadır. Onlardan bəzilərini sadalayaq:
- sərt iqlimin (XIV–XIX əsrləri əhatə etmiş kiçik buzlaq dövrünün) və aramsız müharibələrin doğurduğu ictimai-siyasi və sosial-iqtisadi problemlərin məngənəsindən xilas olmaq istəyən qərblilərin çıxış yolu axtarmağa başlamaları;
- Amerikanın kəşfi (1492), oradan çoxlu qızılın və gümüşün ələ keçirilib Avropaya daşınması... Qeyd etmək lazımdır ki, həmin qızılın və gümüşün böyük hissəsinə İspaniya
yiyələnsə də, bu ölkədə hökm sürən dini fanatizm, sərt kral və kilsə hakimiyyətləri, güclü feodal üsul-idarəsi əldə edilmiş sərvətdən səmərəli istifadə etməyə imkan vermədi. Nəticədə xeyri İngiltərə gördü və son uğuru da o qazandı;
- XVII əsrdən etibarən sənayenin inkişafı, İngiltərədə burjua inqilabı (1642–1651), ABŞ İstiqlal müharibəsi (1775–1783), Böyük Fransa inqilabı (1789–1799), kapitalizmin təşəkkül tapmağa başlaması;
- XVIII–XIX əsrlərdə qərblilərin məqsədyönlü şəkildə feodalizm quruluşundan və quldarlığın qalıqlarından yaxa qurtarmaları və nəticədə daha çox insanın bacarığından və istedadından istifadə imkanlarının yaranması;
- əvvəlcə buxar (XIX əsr), sonra isə daxili yanma mühərriklərinin (XX əsr) geniş tətbiqi, elmin və texnikanın tərəqqisi;
- İslam Peyğəmbərinin VII əsrdə insanlara aşılamağa çalışdığı demokratik dəyərlərin XIX–XX əsrlərdə Avropa cəmiyyətinin həyatında geniş kök salması;
- 1948-ci il aprelin 4-də Amerika Birləşmiş Ştatlarının “Marşall planı”nı işə salaraq II Dünya müharibəsinin viran qoyduğu Qərbi Avropa ölkələrinə yardım göstərməyə başlaması;
- 1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında bəyannamə”nin qəbul edilməsi.
Bir məsələni də qeyd etmək lazımdır ki, XVI–XVIII əsrlərdə Səfəvilərin hakimiyyəti altında olmuş ərazilərdə insanların həyat səviyyəsi avropalıların həyat səviyyəsindən dəfələrlə yüksək idi. Səfəvilərin məhkəmə sistemi Avropa ölkələrinin və Rusiyanın müvafiq qurumlarına nisbətən daha ədalətli olmuşdur. “Şah Abbas cənnətməkan, tərəziyə vurdu təkan” deyimi də göstərir ki, Şah I Abbas Səfəvi məhkəmə sistemini yenidən qurmuş və onun ədalətli fəaliyyət göstərməsinə ciddi fikir vermişdir. Şəhərlərdə sənətkarlıq və ticarət inkişaf etmişdi. Hadisələr öz təbii axarı ilə getsəydi, bəlkə, feodalizm sistemi də tədricən ləğv olunacaqdı. Yeri gəlmişkən, Səfəvilərin son şahları əvvəlki hökmdarlar tərəfindən təyin edilməmişdilər. Onların demək olar ki, hamısını xacələr şurası seçmişdi. Ola bilsin ki, müəyyən bir mərhələdə ictimai münasibətlərin demokratikləşməsi prosesi də başlayacaqdı. Amma tarix "elə olsaydı, belə olardı" fikrini qəbul etmir. Əvvəlcə əfqanların qiyamı, ardınca Rusiyanın və Osmanlının təcavüzü, sonda isə Nadir şah Əfşarın, həmin şərait üçün labüd olan diktaturası bu zəif perspektivi də məhv etdi.
Bir sözlə, Şərqin problemlərinin kökü Əmir Teymurla İldırım Bəyazid, Ağqoyunlu ilə Osmanlı, Osmanlı ilə Səfəvi arasındakı qarşıdurmalarda deyil, erkən feodalizm dövrünə xas olan prinsiplərdə, düşüncə və davranış tərzində, bunlardan irəli gələn ictimai münasibətlərdədir.
Araz ŞƏHRİLİ