Stokholm, 5 may, Rauf Əliyev AZƏRTAC.
İsveçdə Azərbaycan milli geyim və folklor təşkilatı fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, İsveç krallığının Onge əyalətində yaşayan Azərbaycanlı rəssam Kəmalə Kərimova Yansson bu ölkədə Azərbaycan - İsveç milli geyim və folklor təşkilatı yaradıb.
Kəmalə Kərimova Yanssonun sözlərinə görə, təşkilatın əsas məqsədi Azərbaycanın və İsveçin milli irsinin, zəngin mədəniyyətinin, adət-ənənəsinin, dastan və nağıllarının, milli musiqi-rəqs, mətbəx və el oyunları, habelə geyim və alətlərinin, məişət - el sənətkarlığının müxtəlif sahələrinin öyrənilməsi, yaşadılması və insanlara düzgün şəkildə təqdim edilməsindən ibarətdir. Bildirib ki, yeni təşkilatın formatı adı çəkilən ölkələrin və türkdilli millətlərin mədəniyyətini diqqətdə saxlanılması ilə yanaşı, digər xalqların da etnik-milli mədəni və folkloru ilə əlaqədar müxtəlif layihələr həyata keçirməyi nəzərdə tutur.
“Çox maraqlı və vacib fikirlərim var. Gələcək layihələrdə insanlar yaşından, milli-dini mənsubiyyətindən, çalışdığı vəzifəsindən asılı olmayaraq özünü, milli kimliyini, mədəniyyətini, ideya-arzularını sərbəst yaradıcılıq vasitəsilə ifadə edə biləcəklər. Bu təşkilatın bir mədəni birlik rəmzini daşıyan ocaq olması üçün çalışıram”,- deyə Kəmalə Kərimova Yansson bildirib.
O, digər təşkilatlarla da birgə olaraq Azərbaycan adına, uğuruna, nüfuzuna layiqli fəaliyyət aparılmasının mümkünlüyünü qeyd edərək deyib: “İnanıram ki, vətənimizi, millətimizi, dövlətimizi uğurlarımız ilə sevindirəcəyik”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm