hemle

Azərbaycan XİN Paşinyanın iddialarına CAVAB VERDİ

Tarix:17-08-2023, 16:17
Baxış Sayı:1 604

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarına cavab verib.

XİN-in açıqlamasında deyilir:

"Ermənistanın baş naziri Nikol Paşinyanın 17 avqust tarixində hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi bir daha göstərir ki, Ermənistan növbəti dəfə BMT TŞ-də düçar olduğu uğursuzluqla barışmaq istəmir.

Bölgədə “humanitar vəziyyət” barədə hal-hazırkı iddiaların aradan qaldırılması üçün Azərbaycan tərəfindən təklif olunmuş “Ağdam-Xankəndi” yolundan istifadənin əksər üzv dövlətlər tərəfindən dəstəklənməsinə və bu yoldan istifadə edilməsinə çağırışlara baxmayaraq, Ermənistan baş nazirinin bu yoldan istifadəni qəbul etməməsi Ermənistan tərəfinin bölgədə vəziyyəti daha da gərginləşdirmək niyyətindən xəbər verir.

Bununla yanaşı, BMT TŞ üzvlərinin əksəriyyətinin vurğuladığı kimi, bölgədə sülh və sabitliyin bərqərar olması üçün həm sözdə, həm də əməldə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibliyinə baxmayaraq, Ermənistan tərəfinin “bölgədə humanitar vəziyyət”, “blokada” kimi bəhanələri təkrarlayaraq destruktiv mövqe sərgiləməsi narahatlıq doğurur.

Eyni zamanda, üzv dövlətlərin Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasının zəruri olduğunu bildirmələri, bu narahatlarıqların həlli istiqamətində səylərin birləşdirilməsinin vacib olduğunu bir daha xatırladır.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətinə qarşı Ermənistanın müqavimət göstərməsi, baş nazirin guya Azərbaycanın erməni sakinlərə qarşı atəş açdığı barədə iddialar səsləndirməsi və ölkəmizi “etnik təmizləmədə” təqsirləndirməsi Ermənistan rəhbərliyinin bölgədə reallıqları hələ də düzgün qiymətləndirmədiyini nümayiş etdirir.

Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir".

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir