hemle

“Çox nazirlər gedəcək, çox papaqlar boş qalacaq” – Hafiz Hacıyev

Tarix:5-05-2020, 20:10
Baxış Sayı:492

Son zamanlar icra başçılarının həbsi adi hal alıb. Hətta bu dəqiqələrdə DTX əməliyyatçıları tərəfindən daha bir icra başçısı saxlanılıb. Bu şəxs İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdir. Onun haqqında ölkə mediasında müxtəlif vaxtlarda qalmaqallı yazılar dərc olunub. Lakin vəziyyət bu qədər ciddiləşməyib.

Turkustan.info bildirir ki, yenisabah.az-ın məsələ ilə bağlı bu və digər suallarını Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cavablandırıb:

– Hafiz bəy, rüşvətxor məmurlara qarşı ən sərt formada tədbirlər görülsə də, dövlət əmlakını talan edən, vəzifə səlahiyyətlərini aşan şəxslər yenə də var. Sizcə, silsilə həbslər bu şəxslər üçün niyə dərs olmur?

– Bu illərlə davam edən bir bəladır və qurtulmağın vaxtı çatıb. Artıq ölkə başçısı öz siyasi iradəsini ortaya qoyub, bu istiqamətdə ciddi addımlar atılır. 5 rayonun icra başçısı tutulub, birini də indi elan edirlər ki, tutulub. Bu silsilə davam etməlidir. Çünki onlar heç vaxt “tövbə” deməyəcəklər. İcra başçıları, nazirlər, şirkət rəhbərləri və s. hamısı bu cür həyata öyrəşib, bir gün rüşvət almasalar, həmin gün ürəkləri partlayar. Onlar axşam evə gedəndə pul verməsələr, evə buraxılmırlar. Onlar elə mühiti görüblər. Amma buna baxmayaraq, ciddi islahatlar gedir. Hüquq mühafizə orqanlarında da dəyişikliklərə yer verilir. Baş prokuror dəyişdi, yaxşı da oldu, çünki fərsiz bir adam idi, hansı yolla gəlib vəzifəyə çıxdığı məlum deyil. Amma indiki Baş prokuror Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olub, ölkədə nə olub-olmadığını, kimlərin hansı işlə məşğul olduğunu, kimin harada nə qədər pul yediyini bilir. Bugünkü məmur təbəqəsi çətin tərbiyə olunan təbəqədir. Bu gün ortada olan reallıq odur ki, korrupsiyanın kökünü kəsmək mümkün deyil. Bu komandada elə ünsürlər var ki, onlar mütləq şəkildə aradan çıxmalıdır, çünki icazə vermirlər dövlət inkişaf etsin. Prezident ötən dəfə çıxışında da bildirdi ki, onlar heç kimə arxalanmasınlar. Amma bu xəbərdarlıqlara baxmayaraq, onlar yenə öz işlərindədirlər. Qınaq obyektinə çevriliblər, lakin bu da onlar üçün heç nə ifadə etmir. Ölkədəki vəziyyəti gərginləşdirirlər. Torpağını fikirləşən bir dövlətdə bu dərəcə rüşvətə qurşanmış insanların həbs edilməsindən heç olmasa dərs çıxarsınlar. Ölkəni korrupsiya qumarına qoyublar. Biz düşünürdük ki, Ağstafanın icra başçısından digərləri dərs götürəcək, amma əksi oldu. Ölkəni qarışdırmaq, Dağlıq Qarabağı yaddan çıxarmaq üçün min cür hərəkət nümayiş etdirirlər. Onların tələbatları böyükdür. Xaricdə, daxildə neçə villaları, xadimələri, yaşadıqları xanımlar var. 1100-1200 manat maaşla bunların öhdəsindən necə gəlsinlər? Bunu maaşla etmək mümkünsüzdür. Vəzifədən gedənlərin nə qədər var-dövlət sahibi olduqları ortaya çıxır. Özlər bir tərəfdən, övladları, qohumları da digər tərəfdən talan edirlər. Bu vətən bizimdir. Mən çox narahatam. Bəzi sahələrə milyardlarla pul ayrılır, amma xeyri yoxdur. Hamımız çalışmalıyıq ki, ölkə başçısına dəstək olaq. Çünki xalqla dövlət arasında körpü yaratmaq istəyir. Amma bəzi qüvvələr buna da imkan vermirlər. Xüsusi komanda var ki, islahatların həyata keçirilməsinə əngəl törətməyə çalışır. Biz də partiya olaraq bunlara susqunluq göstərə bilmərik. Biz bunları deyərək dövlət başçısına dəstək olmalıyıq. Dövlət başçısı bundan artıq nə etməlidir ki, onlar özlərinə gəlsinlər? Çay verəni, aşpaz işləyəni icra başçısı qoyanda belə olur. Hər şeyi bir nəfərin üzərinə yükləmək də olmaz. Ölkə başçısı tək başına bu işləri görür, sadiq olan bir neçə adam var. Biz müdaxilə etmək istəyəndə bizə də icazə vermirlər, heç vaxt dövlətin əleyhinə işləməmişi, işləməyəcəyik də… Çalışırıq ölkədə milli barışıq, siyasi dialoq olsun, prezidentin çağırışlarına səs verək, amma təəssüf ki, onun ətrafındakı məmurlar buna mane olurlar. Bu qədər hadisə hələ də rüşvəti ortadan qaldıra bilmir.

– İcra başçılarının həbsi sosila sifarişə çevrilib. Obrazlı desək, qara maskalı oğlanı öz rayonlarında görmək istəyən insanların sayı hər gün artır. Cəmiyyətdə icra başçılarına qarşı mənfi münasibətin yeni-yeni formalaşması nəylə bağlıdır? İnsanlar onların fəaliyyətini əvvəl görmürdülərmi?

– Astarada mən balıqçılıq sahəsində işləyəndə Xəzər ətrafı rayonlarda işçilərim çox olubdur. İcra başçısı həmin vaxtlar balıq vətəgələri saxlayırdı, yüz oyundan çıxırdı. Hər kəs görürdü, amma müdafiə edənlər var idi. Hansı ki, bu işdən onlara da fayda gəlirdi. İndi onun orada qoyduğu kadrlar var və bütün bunlar xalqda ikrah hissi yaradır. Digər bir misalım Ağstafa olsun. Guya Ağstafanın icra hakimiyyətinin başçısı tutulana qədər bilmirdilərmi ki, bu, nə yuvanın quşudur? Yaxşı bilirdilər. Bəs niyə dillənmirdilər? Dillənilirdisə, prezidentə niyə düzgün məruzə edilmirdi? Söhbət ondan gedir ki, bunları məruzə etmək lazımdır. Şükür ki, Dövlət Təhlükəsizlik Xidmətinin təzə sədri sadiq, təcrübəli bir insandır. Əli müəllim bu işlərdə vicdala xidmət edir. Bunu əvvəldən də etmək olardı. Amma əvvəlki DTX sədrinin etmədiyi şey qalmadı, buna baxmayaraq, qaşının üstündə qara var deyən olmadı. Bu gün Azərbaycanda siyasi və iqtisadi proseslərdə prezidentə əngəl törətməyə çalışan bir qüvvə formalaşıb. O qüvvələr imkan vermir.

– Kağız üzərində mövcud olan bir universitetin diplomunu əldə edən adamlar necə olur ki, hakimiyyət iyerarxiyasında bu qədər sürətlə yüksələ bilirlər?

– Dost, əmioğlu,dayıoğlu, bibioğlu, bacanaq və s. saydıqca uzanır. Bu, çox ciddi məsələdir.Filan rayonun icra başçısı yeni təyin olunur, artıq onun qohumu sabahı vəzifəyə gəlir. Məgər Azərbaycanda bunların qohum-əqrəbalarından, kirvələrindən, qudalarından, bacanaqlarından başqa adam yoxdur? Bütün bunlar xalqda narazılıq yaradır. Bütün bunları çoxu qorxub demir, amma biz deyirik, sonra da ziyanını çəkirik, amma biz dövlətə sadiqik, gedib agentlik eləmirik, biz deyirik ki, tədbirlər görülsün. Bizə elə deyirlər ki, danışma, sus,ağzına “skoç” yapışdır, axı ürəyimiz partlayır, indi biz diri diri özümüzü basırmalıyıqmı? Qohum-əqrəba, qardaş, əmoğlu, quda, bacanaq və digər saymadıqlarım burada böyük rol oynayır. Xalqın arasında böyük narazılıq var, vəziyyət belə davam etsə, ciddi fəsadları görəcəyik. Xalq görür ki, onun qonşuluğunda olan bir xanım hansısa vəzifəlinin yaxın dostu olur,nəticədə iki gündən sonra deputat seçilir, özünə villa alır və s. Xalq buna necə sussun? Bu gün hər şey dostbazlıqla olur.Dostbazlıq da axırımıza çıxıb. Toyda, yasda görüşən kimi “mənim adamım var, gəl səni filan yerə düzəldim” deyirlər. Beləliklə böyük zəncir yaranır. Bu cür gedən sistemi isə təmiz işləyə bilmir. Biz bunları görürük. Bu cür qohumbazlıqla dövlət idarə etmək olmaz. Onları vəzifəyə gətirən adamları birinci aradan çıxarmaq lazımdır, yoxsa çətin ki, vəziyyət düzəlsin. Bu adamlar xəyanətlə məşğuldur. Biz deyəndə demə deyirlər. Mən müsahibə verirəm, adlarını çəkirəm, adları çıxartdırırlar. Belə xəyanətkarlıq olarmı? Neçə illərdir mən efirlərdə özümü öldürürəm, nə qədər əziyyət çəkirəm. Gəlib bir nəfər desin ki, sən deyən adam təmiz adam idi, yalandan ləkələmisən. Belə şey ola bilməz. Bütün sahələr batıb gedir. Neftin qiyməti dünya bazarında aşağı düşüb deyə, biz ölməli deyilik. Başqa sahələrin inkişafı, onlara qoyulan 70 milyardlarla pul haradadır? Mağazalarda bahalıq baş alıb gedir. İnsaf da yaxşı şeydir. Kökə endikdə nə qədər pul yedikləri ortaya çıxacaq. Bunlar sinxron şəkildə açılacaq. Hər kəsin bacarığına,qabiliyyətinə görə iş verilməlidir. Mən ən ağır sahəni boynuma götürməyə söz verdim. 4 dəfə prezident seçkilərində namizəd oldum. Əgər mən prezident olub ölkəni idarə etmək istəyirəmsə və buna baxmayaraq bizə bir komitə belə tapşırılmırsa, bu nə deməkdir? Bizim qohumumuz , dostumuz yoxdur? Yəni bu o mənaya gəlir. Biz də insanıq, arvadımız erməni deyil, qohumumuz deyil, buna nə məna vermək lazımdır bilmirəm. Biz digər partiya sədrləri ilə danışıqlar aparırıq, ölkəni belə vəziyyətdə qoya bilmərik, prezidentə dayaq olmuşuq və olacağıq, kimsə bizdən düşmən obrazı yaratmağa çalışmasın. Belə olsa, televiziyalara çıxıb birbaşa müraciət də edəcəyik ki, biz belə düşüncədə deyilik.

– Həbslərin icra başçılarıyla məhdudlaşmaması, daha yüksək rütbəli məmurları əhatə etməsiylə bağlı çağırışlar var. Sizcə, növbəti həbs dalğası daha yüksək vəzifəli məmurlara çata bilərmi?

– Hələ bundan sonra çoxları həbs olunacaq. Nazirlər, şirkət rəhbərləri var ki, onlar da tutulmalıdır. Hər işi görürlər, sonra da prezidenti görəndə ikiqat olurlar, əl-ayaqları əsir. Bunları biz görmüşük, amma bununla iş həll olmur. Ən böyük biclik düzlükdür. Bunların tələbatları çoxdur. Bunlardan pul tələb edən çoxdur, o pulu qazanmaqdan ötrü bu yollara gedirlər. Guya 190 manat yardım verdilər, o 190 manat həqiqi sahiblərinə çatdımı? Əlbəttə ki, çatmadı. Belə olan halda o nazirlər niyə yerində oturmalıdır? Onlar ancaq içməyi, əylənməyi sevirlər. Ona görə də o sistem dəyişməlidir. Hər şey zəncirvaridir. Ona görə görünür bizlər də müəyyən qərarlar qəbul edib korrupsionerlərə qarşı çox ciddi mübarizə yolları seçəcəyik. Bu barədə Yeni Azərbaycan Partiyasının icraaçı katibinin müavini Siyavuş müəllim açıqlama verdi. Çox nazirlər gedəcək, çox papaqlar boş qalacaq. Rüşvət almayan yoxdur. Bu dalğada icra başçıları da, nazirlərin əksəriyyəti də getməlidir. Nazirlərin kurasiya etdiyi sahələr var. Orada sərmayə qoyulub. Büdcədə hanı o pullar? Niyə yoxdur? Vaxtilə mən deyirdim, artıq Siyavuş müəllim bunu təsdiq elədi, dedi bəzi nazirlər , komitə sədrləri xəyanətlə məşğuldur. Bu gün də xəyanətlə məşğuldurlar. Biri belə qorxusundan xəyanətkarların adını çəkə bilmirlər. Çünki özləri o qədər çirkabın içindədirlər ki, ad deməyə qorxurlar, birdən öz işlərinin üstü açılar. Ona görə də təcili şəkildə hökumət buraxılmalı, yeni komanda yığılmalıdır. Burada təcrübəli, dövlətə sadiq insanlar olmalıdır. Bu sahədə DTX rəisi buna nümunədir. Prezident Aparatında yeni yaradılmış şöbənin müdiri Ədalət müəllimdir, çox təmiz insandır, rüşvət nədir bilmir. Belə adamlar gəlsə, hər şey qaydasına düşər. Yoxsa kimsə ingilis dili bilir deyə vəzifəyə gəlməli deyil. Mən Fransada, İngiltərədə yaşamıram. Mənə sahəsini bilən, dövlətə sadiq olan adam lazımdır. Xalqdan xəbəri olmayan insan hakimiyyətdə olmamalıdır. Həbs edilənlərin bütün pulu əlindən alınmalıdır, xaricdəki evləri, obyektləri, zavodları yoxlanmalıdır. Xaricdəki xanımlarına qoyduqları pullara baxılmalıdır. Bunlar ortaya çıxarılmalı və əllərindən alınmalıdır. Fond yaradılıb, pullar o fonnda yığılmalı və xalqın probleminin həlli üçün xərclənməlidir.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ