“Müqəddəs kitaba əl qaldıra bilən 10, 20, 30 ağılsızı, axmağı və ya təxribatçını idarə etmək heç bir dövlət, o cümlədən də İsveç üçün problem deyil”.
Bu sözləri Sankt-Peterburq Dövlət Universitetinin Avropaşünaslıq kafedrasının professoru, iqtisad elmləri doktoru, rusiyalı politoloq Nikolay Mejeviç Oxu.Az-a müsahibəsində deyib.
Politoloq İsveçin NATO-ya üzv olmaq istəyi fonunda ölkədə bu qəbildən təxribat və təhrik xarakterli davranışların sərgilənməsi ilə bağlı fikrini bildirib.
“Bəli, İsveç kəşfiyyatının, əks-kəşfiyyatının və ya sadəcə olaraq polis xidmətlərinin imkanları barədə məlum olmasaydı, o zaman müzakirə mövzusu ola bilərdi. Amma onların imkanlarını bildiyimiz üçün deyə bilərik ki, “Quran”ın növbəti dəfə yandırılması məqsədli şəkildə törədilmiş təxribatdır. Bu zaman isə sizin faktiki olaraq ortaya qoyduğunuz sual yaranır: bunu etmək onların nəyinə lazımdır?
İndoneziyadan tutmuş Türkiyəyə qədər bütün planetdə istənilən müsəlmanın buna reaksiyasının necə olacağı aydındır - qəzəb. Dolayısı ilə də bu, anti-Avropa, anti-NATO və təbii ki, anti-İsveç əhval-ruhiyyəsinin artmasına gətirib çıxarır. Çətin ki, İsveçdə kimsə “Quran”ın Stokholmda yandırılmasının Türkiyənin diqqətindən yayınacağına şübhə ilə yanaşar. Buna görə də İsveç hakimiyyətinin çoxyönlü davrandığını güman etmək olar. Bir tərəfdən onlar amerikalılardan imtina edə bilmədilər və buna görə də NATO-ya daxil olmaq üçün hər şeyi etdilər. Digər tərəfdən isə oraya qəbul olmaq üçün elə də çox can atmırlar”, - deyə o qeyd edib.
Nikolay Mejeviçin sözlərinə görə, onlara NATO-ya daxil olmamaq üçün bəhanə lazımdır.
“Vaşinqtona demək olmaz ki, bilirsiniz, biz fikrimizi dəyişdik, artıq NATO-ya daxil olmaq istəmirik. Bunun üçün başqa bir model tətbiq olunur. Biz ittifaqa daxil olmaq istəyirik, amma görürsünüz, Türkiyə bizə icazə vermir. Beləliklə də, bu versiya olduqca ağlabatan görünür.
Üstəlik, tam aydın deyil ki, İsveç nə üçün NATO-ya üzv olmalıdır. Şimali Atlantika Alyansı onsuz da bu ölkənin ərazisindən öz problemlərinin həlli üçün istifadə edir. İsveçin hərbi-sənaye kompleksi NATO-nun sifarişləri ilə yüklənib. İsveç kvazineytral ölkə idi ki, NATO ölkələrinin ordularını kütləvi şəkildə öz silahları ilə təmin edirdi. “Carl Gustaf” qumbaraatanının müxtəlif modifikasiyalarını xatırlamaq kifayətdir.
Alyansda iştirak etməyən Stokholm NATO ilə əməkdaşlıqdan bütün üstünlükləri əldə etsə də, heç bir mənfi cəhəti yox idi”, - deyə o əlavə edib.