hemle

Müharibə bitir, yoxsa... - 24 fevralda nələr olacaq - TƏHLİL

Tarix:15-02-2023, 10:00
Baxış Sayı:139

24 fevralda Rusiyanın Ukrayna ərazilərinə hücum etməsi ilə başlanan müharibənin 1-ci ildönümü olacaq. Bu müddət ərzində Rusiya qüvvələri Ukraynaya cənubdan, şimaldan və şərqdən hücum əməliyyatı həyata keçirdilər. Müharibənin ilk günlərində Kiyevin süquta uğrayacağı, prezident Volodimir Zelenskinin Ukraynadan qaçacağı, sadə ukraynalıların Kremlin əsgərlərini gül-çiçəklə qarşılayacağı və daha nələr-nələr barədə söhbətlər dolaşırdı.

Saatlar ərzində bütün Ukrayna ərazilərinin Moskvanın nəzarətinə keçəcəyi, guya xalq içində heç bir sosial dayağı olmayan və “Qərbin kuklası” adlandırılan “Kiyev rejimi”nin hərbi komandanlığı təşkilati baxımdan həyata keçirə bilməyəcəyi iddia olunurdu. Hətta Kremldən qidalanan propaqanda resursları Rusiya ordusunun nailiyyətləri ilə bağlı sutkalıq qrafik də hazırlamışdı. Saat neçədə Kiyevin tutulacağı, əsgərlərin nə vaxt yemək yeyəcəyi, paradın hansı zamanda keçiriləcəyi və s. qeyd olunmuşdu.

Lakin bunların heç biri baş vermədi. Hətta nüfuzlu Qərb analitik mərkəzlərindən bir çoxunu yanılmağa məhkum buraxan Ukrayna müharibənin ən ağır ilk dövrlərində əzm nümayiş etdirdi və müqavimət Rusiyanı hesablamalarını korrektə etməyə vadar etdi. Qərb ölkələrinin, ABŞ və Avropanın Ukraynaya hərbi-siyasi dəstəyi də məhz bundan sonra intensivləşdi. Tirajlanan informasiyaların əksinə olaraq, Qərb məhz Ukraynanın müqavimət qabiliyyətini nümayiş etdirməsinə şahid olduqdan sonra bu ölkəyə real şəkildə yardım göstərməyə başladı.

Ukraynaya hücumunu müharibə adlandırmayaraq “denasifikasiya və demilitarizasiya uğrunda xüsusi hərbi əməliyyat” adı ilə həm də təkəbbürünü göstərən Rusiya qarşıdakı qüvvəni lazımınca qiymətləndirməməyin, kiçik görməyin bədəlini hərb meydanında gənc rus əsgərlərinin canı ilə ödədi. Əvvəlcə şimal cəbhəsindən geri çəkilməli olan Rusiya tədricən cənubdan da hücumunu yavaşlatmalı oldu.

Müharibə bitir, yoxsa...  - 24 fevralda nələr olacaq - TƏHLİL

Ukraynaya gücünün çatmadığını rəsmi səfərbərlik dalğası ilə canlı qüvvəsini artıraraq, arsenalının tükəndiyini isə İran və Şimali Koreya kimi beynəlxalq nüfuzu plintus səviyyəsində olan ölkələrdən silah tədarük edərək göstərən Moskvanın səhvlərindən dərs çıxardığını və 24 fevrala ciddi cəhdlə hazırlaşdığını söyləyənlər var. Bu barədə müxtəlif ssenarilər müzakirə edilir.

Belə ki, Rusiya prezidenti Vladimir Putinin ictimaiyyətə müraciət edərək “xüsusi əməliyyat” mərhələsinin geridə qaldığını və tammiqyaslı müharibəyə keçid edildiyini elan etməsi ehtimallardan biridir. Lakin bunun sahədə real vəziyyətə nə qədər təsir edəcəyi, Rusiyanın mövqelərini hansı dərəcədə gücləndirəcəyi müzakirə mövzusudur. Unutmaq olmaz ki, artıq Ukrayna 1 il əvvəlki Ukrayna deyil. O vəziyyətdə Rusiyaya müqavimət göstərməyi bacarmış rəsmi Kiyev indi Qərb silahları, milyardlarla maliyyə yardımı, eləcə də digər kritik resurslarla yaxşı təmin olunub.

Yada salaq: Qərb Ukraynaya qoyacağı “mayanın batmayacağına” əmin olduqdan sonra ilkin mərhələdə yüngül müdafiə silahlarının tədarükü ilə kifayətləndi. Tank əleyhinə minaatan silahlar, xırda hərbi texnika – yalnız müdafiə xarakterli vasitələr Kiyevin ixtiyarına verildi.

Tədricən Ukraynanın cəbhədəki uğurları özünü göstərdi və Qərbin hərbi dəstəyi məhz buna müvafiq olaraq sinxron şəkildə artmağa meyl göstərdi. Bir müddət sonra müzakirə mövzusu artıq “Javelin”lər deyildi. Ukrayna Qərbdəki müttəfiqlərindən daha ciddi, daha effektiv və çəkindirici silahlar istədi. Ukraynaya real şəkildə NATO perspektivi vəd olundu. Bu müddət ərzində ard-arda bir neçə yardım paketi bir-birini əvəzlədi.

Artıq Ukraynaya tank tədarükünə də razılıq verilib. Doğrudur, buna yaşıl işıq yandırılması xeyli uzun çəkdi, xüsusən, nəzərə almaq lazımdır ki, iki dəfə dünya müharibəsi başlatmaqla tarixə düşən və “adı bədnam olan” Almaniya bu mövzuya xeyli ehtiyatla və xüsusi həssaslıqla yanaşırdı. Berlin Moskva təbliğatı və Rusiyanın üçüncü dünya ölkələrində ictimai rəyə hopdurmağa çalışması üçün material vermək niyyətində deyildi. Guya Qərbin Ukraynanı silahlandırması ilə Almaniyanın yenidən dünya müharibəsinə və milyonların ölümünə səbəb olması kimi tezisləri neytrallaşdırmaq üçün nümayiş olundu ki, Berlin heç də “Leopard”ların tədarükünə həvəs göstərmir.

Heç şübhəsiz, hətta Moskva bu cür təbliğata bir az başqa formada start verib və bu, qətiyyən tirajlanan tezislərin doğru olduğuna əsas deyil. Lakin ənənəvi olaraq 1945-ci ildən bəri necə deyərlər, suyu da üfürə-üfürə içən Almaniya tank tədarükünü bu səbəbdən bir qədər yubatdı.

İndi isə artıq qırıcıların – döyüş təyyarələrinin, uzaqmənzilli NATO raketlərinin, “ATACMS”lərin Ukraynaya tədarükündən söhbət gedir və müharibə davam edərsə, gec-tez bu da reallaşacaq.

Bu baxımdan Rusiyanın onsuz da de-fakto genişmiqyaslı müharibə apardığı şəraitdə baş verənləri adı ilə çağırmağa başlaması böyük dəyişikliklərə səbəb olmayacaq. Təbii ki, müəyyən simvolik irəliləyişlərə, Rusiya cəmiyyətini ovutmaq üçün bəzi strateji baxımdan az əhəmiyyətli yaşayış məntəqələrinin işğalına şahid olmaq versiyaları həqiqətə yaxındır, lakin Rusiyanın 1 il əvvəl elan etdiyi hərbi və siyasi hədəflərə yaxınlaşması hazırkı şəraitdə utopik səslənir.

Bununla belə, Ukraynada Moskvanın bütün avantürist planları nəzərdən keçirilir və ən müxtəlif ssenarilərə hazır olmağa çalışılır. Ən qorxulu ehtimal olan nüvə silahından istifadə versiyası isə hələlik Qərbdə geniş dairələr tərəfindən blef kimi qiymətləndirilir və ABŞ, Böyük Britaniya kimi nüvə dövlətlərinin bu barədə cavab xarakterli addımlar atılacağı, adekvat reaksiya veriləcəyi məzmununa malik açıqlamalarından sonra Rusiyanın müharibənin ildönümündə nüvə silahının tətbiqinə gedəcəyi ehtimalı sıfıra yaxındır.

Lakin nüvə silahı ilə yanaşı, taktiki nüvə silahı da mövcuddur ki, bu, nisbətən məhdud dağıdıcılıq gücünə malikdir. Mütəxəssislər bu təhlükəni nisbətən daha real hesab edirlər.

24 fevralla bağlı optimist ssenarilər də var. Belə ki, müharibənin ildönümündə Rusiyanın əməliyyatları birtərəfli qaydada dayandıraraq özünü “qalib” elan edəcəyini və indiyə qədər tutduğu ərazilərlə kifayətlənəcəyi ehtimalı da var. Ancaq Ukraynanın Zaporojye, Xerson, Donetsk, Luqansk və Krımdan vaz keçmək niyyəti olmadığı nəzərə alınsa, bu ssenaridə müharibənin başa çatacağı inandırıcı gəlmir.

Daha optimist ssenari isə Rusiyanın 24 fevral 2022-ci il vəziyyətinə geri qayıdacağı ilə bağlıdır. Yəni Rusiya Krım və qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarının 2014-cü ildə ələ keçirilmiş əraziləri ilə qane ola bilər. Bu variant da Moskvanın ambisiyalı imperial iştahını doğru qiymətləndirməyənlərin illüziyası hesab olunmaqdadır.

Başqa bir versiya isə Rusiya qüvvələrinin cəbhənin vahid istiqamətində cəmləşdirilərək şərqdən – Luqansk və Donetsk istiqamətindən geniş hücuma hazırlaşması ilə bağlıdır. Analitiklər bunu Rusiyanın uğur qazanması ilə bağlı son şansı hesab edirlər və bu versiyada onun müəyyən uğurlar qazana bilməsini istisna etmirlər.

Bəzi təhlilçilər isə bu halda da Rusiyanın qələbə perspektivindən uzaq olduğunu və gec-tez məğlub olacağını düşünürlər.

Ehtimallar arasında 24 fevralda xüsusi heç nəyin olmayacağı və müharibənin “normal qaydada” davam edəcəyi də var. Amma Rusiya liderinin simvolikaya xüsusi önəm verdiyinə, məxsusən tarixlər məsələsində hər zaman subliminal mesajlar verməyi sevdiyinə diqqət yetirsək, bu tarixdə mütləq nəsə olacağını söyləmək mümkündür.

24 fevralda – Avropada II Dünya müharibəsindən sonra bu miqyasda ilk müharibənin başladığı tarixin ilk ildönümündə dəqiq və tam olaraq nəyin baş verəcəyini isə zaman göstərəcək...

Modern Təhlil Qrupu

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?