hemle

Nüvə çamadanını qadına vermək istəmirlər-Şimali Koreyada hakimiyyət davası

Tarix:26-04-2020, 23:05
Baxış Sayı:461

50 ildə ilk dəfədir ki, Şimali Koreya taxt-tacı varissiz qalıb, Kim Yo-Çjinə qarşı çıxanlar kimlərdir?
Şimali Koreya liderinin səhhəti ilə bağlı yaranmış müəmmalı vəziyyət davam edir. Son olaraq aprelin 25-də Çin xəbər xidmətlərindən biri Kim Çen Inın vəfatı xəbərini yayıb. Məlumatın isə "çox hörmətli bir mənbədən" alındığını bildirilib. Amma Pxenyan sanki özü komada imiş kimi, heç bir xəbərə reaksiya vermir. Yalnız nə dərəcədə mötəbər mənbə olduğu bilinməyən Koreya Dostluq Assosiasiyasının rəhbəri Alexandro Kao de Benos xəbərlərə münasibət bildirib. "Marşalımızın ölümü barədə söz-söhbət yalandır və qərəzlidir", - deyə, o “Bloomberg”ə bildirib.

İndiyədək yayılmış xəbərlərin içərisində daha çox səslənən bir versiya üzərində dayanılır. Belə ki, dağ səyahətində Kim Çen Inın vəziyyəti pisləşib. Çindən həkim briqadası istənilib, amma Şimali Koreya rəhbərinin vəziyyəti o həddə kritik olub ki, onun taleyini yerli həkimə tapşırmaq məcburiyyətində qalıblar. Dəfələrlə ürək damarlarında stentləmə əməliyyatı aparan yerli həkim bu dəfə bərk həyəcanlanıb. Təxminən bir iki dəqiqə sürən bu əməliyyat həkim həyəcanı üzündən bu dəfə bir neçə dəqiqə davam edib. Bu səbəbdən də Şimali Koreya rəhbəri “vegetativ vəziyyətə” düşüb. Adını açıqlamayan Çin həkimi Yaponiyanın “Shukan Gendai” qəzetinə deyib ki, uğursuz əməliyyat Şimali Koreya liderinı “bostan bitkisinə” çevirib.

Çin Kommunist Partiyasının beynəlxalq əlaqələr bölməsindəki mənbə “Reuters” agentliyinə, Inın vəziyyətinin ağır olduğu güman edilmədiyini söyləyib. Koreya yarımadasındakı qonşu ölkə Cənubi Koreya Prezident Aparatının nümayəndəsi yenə də “bu günə qədər Şimali Koreyada qeyri-adi hərəkətliliyə rast gəlinmədiyini” söyləyib. KXDR Moskvadakı səfirliyində Kim Çen Inın səhhətinin pisləşməsi ilə bağlı məlumatlar yoxdur. Bunu isə Rusiya Dövlət Dumasının Şimali Koreya Parlamenti ilə əlaqələr qrupunun rəhbəri Kazbek Taysayev deyib. Taysayev səfirlik işçiləri ilə ünsiyyət qurduğunu və KXDR liderinin xəstəliyi barədə rəsmi məlumat olmadığını qeyd edib.

Kim Çen Inın başında nə olduğu bilinməsə də, dünya mediası aktiv şəkildə Şimali Koreyada hakimiyyətə kimin gələ biləcəyini müzakirə edir. Kim Çen İr 2011-ci ildə vəfat edəndə bu kimi suallara artıq çoxdan aydınlıq gəlmişdi, varisin kiçik oğlu Kim Çen In olduğu məlum idi. Amma indi təkcə müəmma ali liderlə bağlı deyil, həm də varisin kim olacağıdır. Çünki Şimali Koreya liderinin uşağı hakimiyyət yaşında deyil. İkinci bir tərəfdən bildirilir ki, Inın cəmi bir azyaşlı qızı (başqa bir mənbə isə azyaşlı oğlu olduğunu yazır) var. 50 ildən artıqdır ilk dəfədir ki, Şimali Koreya taxt-tacı oğlan varissiz qalıb. Yəni əgər In ölərsə, ilk dəfə hakimiyyətə qadın-bacısı Kim Yo Çjin gələ bilər. Bu isə artıq problemdir-çünki mühafizəkar Şimali Koreya hakimiyyətinin bir qadına daima itaət edəcəyinə heç bir əminlik yoxdur.

Ancaq hakimiyyətdəki liberal və mühafizəkarın mövqeyinə baxmayaraq, Kim sülaləsinin hakimiyyətdə davamçısı kimi Kim Yo-Çjinin olmaq şansı var.

Ancaq başqa bir mütəxəssis qrupu hesab edir ki, Şimali Koreya Əmək Partiyası atom silahı başlıqları olan bir ölkəyə qadının rəhbərlik etməsinə razılaşmaya bilər. Bu halda isə ola bilər ki, Şimali Koreyada Çin üslubunda- bir növ kollektiv partiya rəhbərliyi formalaşdırılsın. Mütəxəssislərin fikrincə, hakimiyyətdə şərti olaraq “liberallar” və “mühafizəkarlar”a bölünənlərin ilk dəfə qadının hakimiyyətə gəlməsini dartışarlarsa, bu gizli toqquşmalara rəvac verə bilər. Bu isə nüvə gücü olan Şimali Koreya gərginliyi artıra və gözlənilməz nəticələrlə səbəb ola bilər.

Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri olan Kim Yo Çjinin adının ABŞ-ın sanksiya siyahısında olmasına baxmayaraq, onu "daha Amerikan düşüncəli" adlandırırlar. Bu səbəbdən hakimiyyətdə ciddi dayaqları olmasına baxmayaraq, Qərblə güzəştə meylli olduğu üçün "köhnə" elita ona ciddi müxalifə təşkil etmək gücündədir. Kim Yo-Cjin qardaşı Kim Çen Inla həmişə yaxın münasibətləri olub. 1996-2000-ci illərdə İsveçrədə, sonra isə Şimali Koreyada Hərbi Universitetdə birgə oxuyublar. Kim Çen İr xarici həmsöhbətlərə qürurla deyərmiş ki, kiçik qızı hökumətdə karyera qurmaq istəyir. Kim Yo-Cjin 2011-ci ildə atalarının ölümündən sonra hakimiyyətə yiyələn qardaşı ilə çox yaxınlığına baxmayaraq, uzun müddət kölgədə qalmağı bacarıb. İddia olunur ki, o, qardaşına bir sıra qərarların verilməsində daima yardımçı olsa da, üzdə görünməyib. Bu səbəbdən də Qərb mənbələri onu “xanım boz kardinal” adlandırıb.

Qeyd edək ki, Şimali Koreya ilk dəfə 2005-ci il fevralında atom silahına malik olduğunu bildirib. 2012-ci ildə ölkə konstitusiyasına nüvə silahı statusu ilə bağlı dəyişiklik edilib.

Ölkənin nüvə təsisatları 1960-cı illərin ortalarından yaranmağa başlayıb. 1970-ci illərdə Şimali Koreya nüvə silahı yaratmaq üzərində fəaliyyətə başlayıb. Bununla bağlı KXDR Çinə müraciət edib və çinli mütəxəssislər onlara nüvə silahının yaradılmasında yardım ediblər.

Şimali Koreyanın himayəçisi olan keçmiş SSRİ və Çin sonrakı illərdə də bu istiqamətdə onlara davamlı olaraq dəstək verib. Məlumatlara əsasən, Pxenyan nüvə proqramını həyata keçirmək üçün texnologiya, avadanlıq və qurğuları Rusiya, Çin, İran, Şərqi Avropa və Yaxın Şərq dövlətlərindən alır.

Beləliklə, Moskva və Pekin bölgədə geosiyasi maraqlarını təmin etmək, Qərbin müttəfiqi olan Yaponiya və Cənubi Koreyaya, eləcə də ABŞ-a təzyiq etmək məqsədilə KXDR-i atom bombası ilə silahlandırıb.

Ölkənin nüvə obyektlərində təftiş aparılması məsələsi 1993-cü ildə qaldırılsa da, rəsmi Pxenyan Atom Enerjisi üzrə Beynəlxalq Agentlyin müfəttişlərini nüvə poliqonuna buraxmaqdan imtina edib.

Qeyd edək ki, 1994-cü ildə ABŞ KXDR-ə qarşı müharibəyə başlamaq niyyətində də olub, ancaq onda amerikalı mütəxəssislər ehtimal edilən 90 günlük müharibədə 52 min ABŞ və 500 minə yaxın cənubi koreyalı hərbçinin həlak olacağını, eləcə də bu savaşın 61 milyard dollara başa gələcəyini hesablayıb. Plan Ağ Evə təqdim edildikdən sonra o vaxtkı ABŞ prezident Bill Klinton bundan imtina etmişdi.


Orxan ƏLİYEV,

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı