hemle

Terrorda əli olanlar təcili cəzalandırılsın - QMİ-dən BƏYANAT

Tarix:27-01-2023, 19:00
Baxış Sayı:172

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb.

QMİ-dən verilən məlumata görə bəyanatda deyilir:

"Qafqaz Müsəlmanları İdarəsi 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin binasına qarşı törədilən təcavüz aktını qətiyyətlə pisləyir və siyasi məqsədli terror aktı kimi qiymətləndirir. Müstəqil Azərbaycanın suveren ərazisinin – Səfirliyimizin və onun əməkdaşlarının hədəfə alınması ölkəmizə qarşı yönəlmiş və ümumən beynəlxalq hüquqa zidd terror aktıdır.

Tehrandakı Səfirliyimizin mühafizəsini təmin edərkən – dövlətimizin qorunması yolunda qəhrəmancasına şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hücumu dəf edərkən yaralanan mühafizə əməkdaşlarına Allahdan şəfalar diləyirik.

Birmənalı şəkildə Səfirliyimizə hücumla bağlı bütün məsuliyyəti beynəlxalq hüquq və diplomatik qanunlarla İran tərəfi daşıyır. Bu, diplomatik binaların və diplomatların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Səfirliyin təhlükəsizliyinin təmin edilməsi, heç şübhəsiz, Səfirliyin yerləşdiyi ölkənin borcudur. Bu terror hadisəsi İranın son vaxtlar Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiv, destruktiv mövqe fonunda şübhə doğurur.

Azərbaycanın dini təsisatı olaraq bəyan edirik ki, ölkəmizə qarşı bu hadisə məzhəbindən asılı olmayaraq Azərbaycan dindarları tərəfindən hiddətlə qarşılanır. Müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış, Allah evlərini murdarlayan tərəfə silah, hərbi yardım söz verən, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirən İran dövlətinin Tehrandakı Səfirliyimizə silahlı hücumu Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Dövlətçiliyimizə qarşı hər hansı təhdidə göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir. Dini mərkəz olaraq bəyan edirik ki, bütün Azərbaycan məscidlərində bu mənfur terror hücumu pislənir və hadisənin xalqımıza və dövlətimizə qarşı olan həqiqi mahiyyəti din xadimlərimizin xütbə və moizələrində dindarlara çatdırılacaq.

Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan dindarları ölkəmizə qarşı məkrli qüvvələrin təxribatlarını hiddətlə qarşılayır, kəskin pisləyirlər. Azərbaycan Səfirliyinə siyasi sifarişlə hücum yolverilməz təxribatdır və bütün Azərbaycan dindarları tələb edirlər ki, İran hökuməti hadisə ilə bağlı lazımi ölçü götürsün, terrorda əli olanları təcili cəzalandırsın.

Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!"

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ